525.Az

Yaşamağa gecikməyək! - Şahanə Müşfiq yazır


 

Yaşamağa gecikməyək! - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Türkiyədəki zəlzələdən qurtulan bir gənc xanım yazır: "Dünyanın əşyasını aldım evimə, son texnoloji kiçik ev alətləri... Marka-marka paltarlarla doldurdum dolabımı. Amma zəlzələdən qaçarkən ayaqlarım çılpaq idi. Nə qədər dəyərsizmiş, əslində, hər şey. İnsan deyilən varlıq nə doymaz, acmış. Artıq sağ qalan heç kimsə əvvəlki kimi olmayacaq..."

Başqa biri isə deyirdi ki, "bir gün öncə kirayə haqqını qaldıracağını, ödəməzsəm məni evdən atacağını deyən ev sahibimlə indi bir ocağın başında isinirik".

İnsan yaranandan nəfsi də onunla birlikdə yaranır. İnsan oğlunun bu dünyadakı ən böyük imtahanı nəfsiylə mübarizəsidir, bəlkə də. Lakin təəssüf ki, kapitalist cəmiyyətlər bizi nəfsimizə qul etməklə məşğuldur. Həyatın axışına qapılan, başı pul qazanmağa, qarnını doydurmağa qatışan bəndə elə bilir ki, hər şeyin çarəsi puldur, mal-mülkdür. Doğulandan ölənə kimi pul qazanmaq, ev tikmək, varını artırmaqla məşğuldur insan. Nəfsi gözünü o qədər örtür ki, ruhunun ehtiyaclarını qulaqardına vurur. Dünyanın gözəlliklərinə göz qapayır, mənəvi zənginliyi yox sayır. Yaşamaq deyilənin təkcə yeməkdən, geyinməkdən ibarət olmadığını anlamır.

Məsələn, işə-gücə başımız o qədər qarışır ki, anamızı, atamızı yoluxmağı, sevdiklərimizlə könlümüzcə vaxt keçirməyi təxirə salırıq. "Sabah zəng edərəm", "sonra gedərəm", "işimi qurtarım, maraqlanaram" kimi cümlələr bitmək bilmir ki bilmir. Bəzən bir kitabı vərəqləməyə, bir teatr binasından içəri girməyə, könlümüzcə bir konsertdə ruhumuzu yeniləməyə ya vaxt tapmırıq, ya da vaxt tapanda yorğunluq əldən salmış olur.

Hər şey və hər kəs bir yana, bəzən il-12 ay işləməyə başımız elə qarışır ki, bütün il boyu 3 gün özümüzə, istirahətimizə vaxt ayırmağa imkan tapmırıq, ya da pul xərcləməyə qıymırıq. Bəli, ölüm-zülüm qazandığımız pulu belə özümüzə sərf etməyə əlimiz gəlmir. Yeyirik, içirik, geyinirik, amma ruhumuzun ehtiyacına, istirahətimizə, arzularımıza, xəyallarımıza maddiyyat və zaman ayırmaq ağlımızın ucundan da keçmir.

Elə hey planlar qururuq: "Sabah bunu edəcəyəm", "Gələn ay bura gedəcəyəm", "Bu işim bitsin, o işə başlayacağam", "Başım açılsın, filankəslə görüşəcəyəm", "Bir az keçsin, üzr istəyərəm", "Bir az darıxsın, gedərəm" və sair. Beləcə, günü günə satırıq, sanki bu günlər heç bitməyəcəkmiş kimi...

Sonra elə bir gün, hətta elə bir gecə gəlir ki, xəyallar, planlar quraraq yatdığımız gecədən ya heç ayılmırıq, ya da gözümüzü üstümüzə qalaqlanmış beton yığınına açırıq. Çıxacağına planlar qurduğumuz o günəş sonra bizimçün heç çıxmır...

Bunun acı nümunəsini hazırda qardaş Türkiyədə görürük. Fevralın 5-də gecə minlərlə insan hansı xəyallarla, hansı arzularla yummuşdu gözünü, kim bilir. Fevralın 6-na nə planları var idi bəlkə də. Ancaq "sən saydığını say, gör fələk nə sayır". Dəhşətli zəlzələ minlərlə türk qardaş-bacımızı elə yuxusunda, yatağındaca yaxaladı. Şəhərləri yerlə-yeksan edən, minlərlə binanı toz-dumana çevirən zəlzələdən nəinki illərlə zəhmət və pul töküb aldıqları bircə çöpü, gecə köynəyində, ayağı yalın halda canlarını belə güclə qurtardı bəziləri. Çoxu isə heç onu da qurtara bilmədi. Beton yığınının altında bircə nəfəs, zəif işıq, kiçicik ümid aradı. Nə yazıq ki, onminlərlə insan o axtardığını tapa bilmədən gözlərini yumdu, qəlbində neçə arzusu, neçə xəyalı, yaşadıqları, yaşamadıqları, yaşaya bilmədikləriylə...

Dağıntılar altından hər çıxan cansız bədən haqqında elə hey düşünürəm: görəsən, səhərə planı nə idi, kimdən üzr istəyəcəkdi, kim onun qəlbini qırmışdı, kiminçün darıxmışdı, haranı görməyi arzulayırdı, kimə nəyin sözünü vermişdi?

Bəs o dağıntılardan sağ-salamat çıxanlar? Onlar üçün bundan sonrakı həyat necə olacaq? Görəsən, o xanımın dedikləri doğrudurmu, insan oğlu başına gələn bu fəlakətlərlə nəyinsə fərqinə vardımı, bundan sonrakı həyatında nələri dəyişəcək? Yenəmi gecikəcək yaşamağa, yoxsa hər anı sonmuş kimi sarılacaq dünyaya, özünə, sevdiklərinə?!

Fikrimcə, heç bir insan, heç bir millət bu qədər böyük fəlakətə layiq deyil. Canı canımızdan, qanı qanımızdan olan qardaşlarımızın, "özümüz" dediyimiz Türkiyənin başına gələn bu dəhşət isə günlərdən bəri hər birimizin ürəyinin qanayan yarasına, dilinin duasına, gözünün yaşına çevrilib. Bizdən yüzlərlə, bəlkə minlərlə kilometr uzaqda baş verən insan faciələri ruhumuzu qanadır, bizi varlığımızdan, aldığımız nəfəsdən utandırır. Allahdan mərhəmət, kömək diləməkdən başqa əlimizdən heç bir şey gəlmir. Şair Rüstəm Behrudinin dediyi kimi:

Bir şamanam, sözlərdən mən tale toxuyuram,

Ürəyimdə səksəkə, ruhumda bir zəlzələ.

Hər gecə göy üzünə mən dua oxuyuram:

Ey Tanrım, bu milləti yox olmaqdan hifz elə!

 





14.02.2023    çap et  çap et