525.Az

"Ziyad əsgər gedəndə arxasınca su atdım, dönüb 4-5 dəfə baxdı"


 

"Ziyad əsgər gedəndə arxasınca su atdım, dönüb 4-5 dəfə baxdı"<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım igidimiz Vətən müharibəsi şəhidi Ziyad Nəriman oğlu Zərbalıyevdir. Bu dəfə ailəsi ilə birlikdə şəhidimizlə bağlı xatirələri yada saldıq, onun qəhrəmanlıq yolundan bəhs etdik.
 
Şəhid Ziyad Nəriman oğlu Zərbalıyev 19 may 2002-ci ildə Şamaxı şəhərində anadan olub. 2008-2017 ci ildə Soltanməcid Qənizadə adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu ildə Şamaxı Dövlət Regional Kollecində təhsil alıb. 2020-ci ildə müddətli hərbi xidmətdə olub. Döyüş yolu Füzuli istiqamətində olub. Subay idi.
 
Şəhid anası Zərbalıyeva Pakizə Qəşəm qızı deyir ki, ailədə iki oğlumuz var.
 
"Böyük oğlum Natiq musiqi məktəbində ocaqçı kimi fəaliyyət göstərir. Ziyadın arzusu isə polis olmaq idi. Onun arzuları çox idi. Çox güclü uşaq idi. Deyirdi, 8 ay sonra mən əsgər gedəcəyəm, xahiş edirəm, məni yaddan çıxarmayın. Çox mehriban, qayğıkeş uşaq idi. Ailədə ən çox mənə bağlı idi. Hara getsəm, mənim dalımca gələrdi. Ona sual edirdilər ki, niyə qazandıqlarını anana verirsən, o da deyirdi ki, anam bizim gələcəyimizi düşünür.
 
Kollecdə müəllimləri onu çox sevirdi. O, hamıya qarşı çox hörmətlə yanaşardı. Oğlumun birinci sinif müəlliməsi Gülbəniz müəllimə onu çox sevirdi.
 
2020-ci ildə böyük oğlum Zərbalıyev Natiq əsgərlikdən gəldi. Ziyad balam gedib restoran danşımışdı ki, qardaşım əsgərlikdən gələnə orada yer danışmışam. Dedim ay Ziyad, bəlkə bizim heç pulumuz yoxdur. Dedi, ana, mən hər şeyi hazırlamışam.
 
Bunlar iki qardaş sanki dost idilər. Qardaşı əsgər gedəndə Ziyad oturub ağlayırdı. Dedim, niyə ağlayırsan? Deyirdi, bəs qardaşım getdi, mən kimlə bir yerdə oturub duracağam?! Çox yaxın, can bir, qəlb bir qardaş idilər. Ziyad əsgər gedəndə arxasınca su atdım, dönüb 4-5 dəfə baxdı. Dedi, ana, mən izin veməyəcəyəm sən əziyyət çəkəsən. (Red. ağlayır)
 
Əvvəl Taxta Körpüdə idi. Sonra onu Minaxorluya aprdılar. Oradan da apardılar Füzuliyə.
 
Oktyabrın 15-də zəng etdi mənə. Dedim, ay Ziyad, haradasan ? Dedi, ana, öz yerimizdəyəm. Sən demə, onu Füzuliyə aparıblarmış. Bir həftə sonra ata evimdəydim. Bacımın oğluna dedim, bir həftədir danışmıram, Ziyada zəng et. 2-3 dəfə yığdıq, amma cavab gəlmədi. 2020-ci il 20 oktyabrda gecə saatlarında Ziyad şəhid olub. 21oktyabrda hərbi komissarlıq atasını çağırdı. Çox qorxduq, dedik, nə olub? Komissar deyib ki, otur. Görüb komissarın gözləri dolub...
 
Yoldaşım dedi Süleyman hardadır? Dedim, nə olub? Dedi, Ziyad yaralanıb. Gəldim, gördüm ki, iş yoldaşlarım, bütün kəndin camaatı qapıdadı... (Red. ağlayır)
 
Ziyadı gətirdilər, dedim, heç olmasa 10 dəqiqə balamı evə çıxarın, son dəfə evində bir az qalsın. Məsciddə balamı açıb baxdıq, saçları çox sığallı idi. Balam gülümsəyirdi. Dedim, axı balam ölməyib, gülümsəyir...
 
Amma heç bilmədim o haradan yaralanıb. Hər yeni gün ona sabahın xeyir, axşamın xeyir, oğlum, Ziyadım, deyirəm. Deyirəm, anan sənə qurban, sənsiz açılan sabahlarım heç açılmasın...(Red. ağlayır)
 
İgid balamın adına Şamaxıda küçə verilib. Həmçinin xatirəsinə bulaq, xatirə lövhəsi var. Orta məktəbə də adı veriləcək. Əksər məktəblərdə isə adına sinif otaqları var.
 
Allah Prezidentimizin canın sağ etsin, Mehriban xanımı var etsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah qazilərimizə cansağlığı versin, amin!"
 
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ziyad Zərbaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ziyad Zərbaliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Ruhun şad olsun, qəhrəman qardaşım!

 

 





05.02.2023    çap et  çap et