525.Az

Vətən müharibəsinin 18 yaşlı şəhidi Ağacan Cəbrayılov


 

Vətən müharibəsinin 18 yaşlı şəhidi Ağacan Cəbrayılov<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım igidimiz, Vətən müharibəsinin gənc şəhidlərindən Ağacan Zakir oğlu Cəbrayılovdur.

Şəhid 20 may 2002-ci ildə Moskva şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Subay idi..

Şəhidin atası Cəbrayılov Zakir bəy deyir ki, onların üç övladı var: "Böyük övladım Sədi birinci qrup əlildir. Serebral iflic xəstəliyindən əziyyət çəkir.. Qızım Ləman iə anadan gəlmə gözdən əlildir. Ağacan da Vətən uğrunda şəhid oldu".

Şəhidin anası Cəbrayılova Aybəniz xanım deyir ki, oğlum həmişə deyirdi ki, əsgər gedib- gəlim, hər şeyi özüm edəcəyəm:

"Qardaş, bacımı həkimə aparıb, müalicə etdirəcəyəm. Anamı villada yaşadacağam. Zirək, zəhmətkeş uşaq idi. Heç vaxt işdən qorxmazdı. Hərbiyə gedəndə istədiyi qız vardı. Dedi ana, mənim gəlməyimə 25 gün qalmış elçi gədərsən... ( Red. ağlayır)

Qardaşını boynunda aparardı kafe, restorana, çox sevirdi bacı, qardaşını. Çox mərd uşaq idi. Atası burda olmayanda qarğıdalı satıb pul qazanırdı. O, çox bağlı idi ailəmizə, atasını, anasını çox sevirdi. Gedib metal yığıb satardı. Hər dəfə dostlarını bura çağırardı. Hələ də mən onun yoxluğuna inana bilmirəm...

Şamaxı Rayon Regional Kollecində meşə təsərrüfatında oxuyurdu. Təhsilini dondurub, getdi əsgərliyə. 1 manatın üstünə ürək sözlərini yazıb mənə yollamışdı. Əvvəl Sarıcalıda, daha sonra Papaninə gətirilib.

Bizə zəng etdilər ki, bəs Ağacanın nəyisiniz? Dedim, anasıyam. Daha sonra qardaşımgil getdilər Papanin hospitalına. Gətirdilər balamın nəşini..."

Şəhidin atası deyir ki, mən Moskvada işləyirdim, gəldim çatdım ki, balam şəhid olub:

"Ağacanın adına Şamaxı şəhərində küçə var, 2 nömrəli məktəbdə və Sabir adına orta məktəbdə isə sinif otaqları var.

Mən 20 il mən Rusiyada olmuşam, torpaqlar azad olan günə qədər biz utanırdıq. Mən öz şəhid oğlumla fəxr edirəm! Bu gün maşallah bütün dünya bizə həsad aparır. Şükür bu günə! Kaş o vaxtlar da belə olardı, heç torpaqlarımız işğal olunmayaydı. Şükür ki, bu gün biz müstəqil, güclü dövlətimizin və oğullarımızın sayəsində torpaqlarımızı işğaldan azad etdik! Allah Prezidentimizdən razı olsun! Yaşasın müstəqil Azərbaycan!"

Vətəndaş olmasa boş şeydir Vətən!

Beş günlük, on günlük güney qarıdır.

Vətən məfhumunun özəyindəki

Vətənin vüqarlı oğullarıdır! 

Xəlil Rza Ulutürk

Azərbaycan Ordusunun əsgəri olan Ağacan Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ağacan Cəbrayılov noyabrın 10-da şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!

 





05.02.2023    çap et  çap et