525.Az

İslam Səfərlinin 100 illiyi elmi konfransla qeyd edilib


 

İslam Səfərlinin 100 illiyi elmi konfransla qeyd edilib<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Nəğməkar şair İslam Səfərli - 100" mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə qardaş Türkiyə Respublikasında baş verən zəlzələdə həyatını itirən fəlakət qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq söyləyib ki, şair, dramaturq, tərcüməçi İslam Səfərlinin anadan olmasının 100 illiyi münasibətilə ölkə səviyyəsində müxtəlif tədbirlər keçirilir. Keçirilən elmi konfrans İslam Səfərli yaradıcılığının müxtəlif aspektlərdən təhlili məqsədi daşıyır. Akademik çıxışı zamanı İslam Səfərli irsinin az tədqiq olunmasından və bu istiqamətdə əsaslı araşdırmaların aparılmasının labüdlüyündən söz açıb.

Bölmə rəhbəri İslam Səfərlinin poeziyası, dramaturgiyası barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüb, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən hazırlanan "Taleyi və sənəti" seriyasının növbəti nəşrlərindən birinin İslam Səfərli yaradıcılığına həsr olunmasını təklif edib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin konfransda "Nəğməkar şair ömrünün töhfələri" mövzulu məruzəsi dinlənilib.

"İslam Səfərlinin bədii obrazlılığı ilə seçilən poeziyası bitkin bir vətənpərvərlik nümunəsidir", -deyən Əbülfəz Quliyev qeyd edib ki, şairin yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Onun "Naxçıvan", "Payız meşəsi", "İki küçə, iki ad", "Batabat bulağı" və başqa şeirləri doğma yurdun təbiətini təbii lövhələrlə əks etdirən nümunələrdir. Diqqətə çatdırılıb ki, 200-dən artıq şeirinə musiqi bəstələnməsi İ.Səfərlini nəğməkar şair kimi tanıdıb.

"İslam Səfərli yaradıcılığında folklor" mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov bildirib ki, şairin yaradıcılığında şifahi xalq ədəbiyyatının əksər janrları ahəngdarlıq yaradır. Onun yaradıcılığında xalq şeir formalarına bənzərlik, şairin ustalığı, xalq dilinə yaxınlıq onun poeziyasının sevilməsinin əsas meyarlarındandır.

İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov konfransda "Könül nəğməsi Azərbaycan himni olan sənətkar" mövzusunda etdiyi məruzədə İslam Səfərli poeziyasının axıcılığı, təsirliliyi, xalq dilinə yaxınlığı kimi özünəməxsus keyfiyyətlərindən danışıb.

İnstitutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov konfransda "İslam Səfərli pyesləri Azərbaycan səhnəsində" başlıqlı məruzə edərək istedadlı dramaturqun yaradıcılığı, səhnələşdirilən pyesləri, əsərlərinin süjet xətti, tamaşaların yaradıcı heyəti və tamaşalar haqqında mətbuatda dərc olunan yazılar barədə ətraflı məlumat verib.

 





14.02.2023    çap et  çap et