525.Az

"Boynunu sarıyıb ki, komandiri bilməsin, döyüşdən kənarda qalmasın"


 

"Boynunu sarıyıb ki, komandiri bilməsin, döyüşdən kənarda qalmasın"<b style="color:red"></b>

Qarabağımızı azad edərək şanlı Zəfəri qanı ilə igidlərimizdən biri də şəhid Zöhrab Sübhan oğlu Allahverdiyevdir. Bu dəfə onun ailəsi ilə birlikdə qəhrəmanımızın həyat yoluna birlikdə yad etdik.
 
Zöhrab Allahverdiyev 2001-ci il sentyabrın 28-də Şamaxı şəhərində anadan olub. 2007-2018-ci illərdə M.K.Veysov adına 6 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
 
Şəhidin atası Allahverdiyev Sübhan bəy də Birinci Qarabağ müharibəsi iştrakçısıdır. O, Ağdərə istiqamətində 4 il döyüşüb:
 
"Bir qızım, bir oğlum vardı. Çox zəhmətkeş uşaq idi. Əmiləri ilə birlikdə usta işləyirdi. Tikinti işlərilə məşğul idi. Hələ uşaq vaxtından bayrağı çox sevirdi. Bir dəfə uşaq vaxtı bayraq gətirmişdi ki, ata, bayrağı yerə atıblar. Həmişə mənə söyləyirdi ki, ata, siz geri qaytara bilmədiyiniz torpaqları düşməndən biz geri alacağıq. Ən böyük arzusu idi. Tez-tez Şəhidlər xiyabanına gedib şəhidləri ziyarət edərdi. Ən böyük arzusu idi ki, hərbi akademiyaya daxil olsun. Gedib bütün mandatlardan keçmişdi. Çox yaxşı oxuyurdu. Futbol, həndbol, futbol klublarnın üzvü idi. Boş vaxtı olan kimi gedirdi idman zalına, cüdo ilə məşğul idi. Bütün yay boyu işləyirdi. Bu evimizi 1 ilin içində fəhləliklə tikmişik. Ömür boyu kasıb adam olmuşuq. Varın dövlətin dalınca düşən adam olmamışam.
 
Biz 6 qardaş hamımız Vətənə olan borcumuzu vermişik. Hələ 1918-ci ildə mənfur ermənilər Şamaxıda camaatı qırıblar, hətta məscidə yığıb kəndliləri öldürüblər. Tarix boyu biz düşmən tərəfdən ağır zərbələr almışıq. Gənclərimizə məsləhətim tariximizi unutmasınlar. Mən bu gün türk dövlətləri, dövlətimlə fəxr edirəm! Bu gün Prezident əmr etsə, Vətən çağırsa, gedib şəhid olmağa hazıram. Biz daima bir, bərabər olmasaq, heç cür düzələ bilmərik.
 
2020-ci il oktyabrın 7-də telefonla hərbi hissdən zəng etmişdilər. Dedilər ki, uşaq yaralanıb. Mən də oradakı tanışlardan maraqlandım ki, yüngül yaradır. İkinci dəfə 9 oktyabrda boynundan yaralanmışdı. Yaralandıqdan sonra boynun sarıyıb ki, komandiri bilməsin, döyüşdən kənarda qalmasın. Oktyabrdan 9-dan 10-a keçən gecə 17 nəfər döyüşürmüşlər. Bütün tağım komandirləri, 4 əsgər, leytenant, baş leytenat Suqovuşandan Ağdərəyə gedən istiqamətdə şəhid olublar. Şəhidlik xəbəri 10 oktyabrda gəlmişdi. Lakin oğlumun nəşini oktyabrın 17-də torpağa tapşırdıq.
 
Zöhrabın adına Şamaxı şəhərində küçə, məktəbdə sinif otağı var. Bu yaxınlarda orta məktəblərdən birinə oğlumun adı veriləcək.
 
Allah Ali Baş Komandanımıza cansağlığı versin! Allah rəhmət eləsin bütün şəhidlərimizə! Bizim vaxtilə tam görə bilmədiyimiz işləri bizim balalarımız gördü. Bir oğlum vardı, dövlətimiz, dövlətçliyimizin üçün verdim. Öz canımı da bu ölkə, bu millət üçün verməyə hazıram. 40 il kölə kimi yaşamaqdansa, 1 gün azad yaşamaq yaxşıdır. Mən bu torpaqlardan ötrü, ana- bacımızın qeyrəti üçün hər zaman hazıram! Düzdür, üç mindən artıq şəhid verdik. Azərbaycan 30 ildir Zəfər yaşamırdı, biz buna görə Ali Baş Komandana, qəhrəman oğullara borcluyuq!"

Azərbaycan Ordusunun əsgəri olan Zöhrab Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Zöhrab Allahverdiyev oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zöhrab Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.    
 
Ruhun şad olsun igid qardaşım!

 

 





07.02.2023    çap et  çap et