525.Az

Azərbaycan - İtaliya: Strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru


 

Azərbaycan - İtaliya: Strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru<b style="color:red"></b>

Azərbaycan və İtaliya strateji tərəfdaş olan dost ölkələrdir. İki dövlətin münasibətləri yüksələn xətlə inkişaf edir və əməkdaşlıq sahələrinin əhatə olunduğu gündəlik getdikcə genişlənməkdədir. Azərbaycan-İtaliya münasibətləri təkcə enerji, ticarətə əsaslanmır, iki ölkəni həm də tarixi dostluq bağları birləşdirir. Biz bunu torpağlarımızın işğalda olduğu müddətdə, Vətən müharibəsi dövründə də gördük. İtaliya hər zaman ədalətli mövqeyini ortaya qoydu,  Azərbaycanla həmrəylik nümayiş etdirdi. Eyni zamanda, bu ölkənin mediası da məsələyə obyektiv yanaşma sərgilədi.

Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 1-2-də İtaliyaya işgüzar səfəri bu əlaqələrin dərinləşməsində növbəti addım oldu. Dövlət başçısı İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində iki ölkənin əlaqələrinin mövcud vəziyyəti barədə geniş danışdı.

Sitat: "Tərəfdaşlığımız uğurla həyata keçirilir. Bizim ikitərəfli gündəliyimiz getdikcə genişlənir. Təbii ki, bunun əsas hissəsini enerji və ticarət təşkil edir. Lakin bunlar yeganə mövzular deyil. Səfirliyimizin yeni binasında biz İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş gözəl mərasimin şahidi olduq. Bunlar ADA Universiteti və İtaliyanın beş universiteti - Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Gözəl məkanda yerləşən universitet binası inşa edilməkdədir və 2024-cü ilin sonunadək hazır olacaq".

Bu gün azad olunmuş ərazilərdə ən çox iş görən məhz Türkiyə və İtaliya şirkətləridir. Prezident bununla bağlı müsahibəsində deyib: "İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir... Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Daha bir İtaliya şirkəti bizim xahişimizlə Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Beləliklə, bu, bizim münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir. Çünki Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunub. Bu, o deməkdir ki, bizim aramızda çox yüksək dərəcədə etimad var və bu addımı atmışıq. Bizim böyük planlarımız da var. Məsələn, bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var".

Prezident İtaliyanın işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacağına əminliyini ifadə edib.

İki ölkə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edir. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını, NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərini güclü şəkildə dəstəkləyib.

Bu gün enerji təhlükəsizliyinin təmini bütün ölkələr üçün vacib əhəmiyyət daşıyır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda bu məsələ daha da aktual xarakter alıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində rolu artmaqdadır. Bu mənada bir neçə gün əvvəl Bakıda müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi mühüm əhmiyyətə malikdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, yeni elektrostansiya ən müasir standartlara uyğun olacaq və demək olar ki, daxili imkanlar hesabına tikiləcək. Sərf olunacaq maliyyə vəsaitinin 60 faizi "Azərenerji" ASC-nin hesabına, qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. 2025-ci ildə istifadəyə veriləcək yeni elektrostansiya bir tərəfdən ölkədə enerjiyə olan daxili tələbatın tam olaraq ödənilməsini həyata keçirəcək, digər tərəfdən isə Azərbaycanın Avropa İttifaqı, o cümlədən, quruma üzv dövlətlərlə imzaladığı memorandumların icrasına yönəlik əməli fəaliyyətə dəstək olacaq. Stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək. İtaliyanın şirkətləri və Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək.

Qeyd edək ki, Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya potensialı böyük dərəcədə gücləndirəcək. Yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var. Ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması bu mənada xüsusi əhəmiyyət daşıyır. Artıq həmin sənədin icrasına başlanıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzunu "525"ə şərh edərkən bildirib ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər hazırda strateji müttəfiqlik səviyyəsindədir. Bu əlaqələrin davamlı olaraq inkişaf etdiyini görürük. Vətən müharibəsi dövründə İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirdi. İtaliya mediası Azərbaycanla bağlı məsələlərdə obyektivliyini qorudu. Ötən il sentyabrın 1-2-də Prezident İlham Əliyev İtaliyaya işgüzar səfər etdi. Burada bir çox məsələlər ətrafında müzakirələr aparıldı və müəyyən addımlar atıldı. Deputat deyib ki, 2020-ci il İtaliyada "Azərbaycan İli" elan olundu. O cümlədən, ölkəmizin nüfuzunun güclənməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıyır: "Azərbaycan-İtaliya münasibətlərində ən vacib məsələlərdən biri də Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasıdır. Bu gün Azərbaycan ilə İtaliya arasında bu istiqamətdə fəaliyyətlər davam edir.

Azərbaycanla İtaliya arasında qaz, neft və enerji sahələrində əməkdaşlıq sürətlə inkişaf edir. Bu gün İtaliya şirkətləri ölkəmizin işğaldan azad olunmuş ərazilərində yaşıl kimya, yaşıl enerji və "ağıllı şəhər" layihələrinin həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan getdikcə Avropanın enerji təhlükəsizliyində mühüm rolunu daha da artırır".

C.Məmmədov qeyd edib ki, Mingəçevir şəhəri Azərbaycanla bütün Qafqazın enerji mərkəzi kimi öz rolunu təmin edib. Burada 1300 meqavat gücündə olan stansiyanın potensialı daha da güclənəcək. Beləliklə, Azərbaycan daxili imkanlarından tam istifadə edərək həm də enerji ixrac edəcək: "Ötən il Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması xüsusi əhəmiyyət daşıyır. Bu sənədə əsasən, Azərbaycan Avropaya qaz ixracını artıracaq. Təbii ki, bu artım da ölkəmizdən İtaliyayadək uzanan TAP kəməri vasitəsilə təmin olunacaq. Burada isə Azərbaycan-İtaliya əməkdaşlığının əhəmiyyəti daha da artır. Bu, onu deməyə əsas verir ki, gələcəkdə Azərbaycanla İtaliya arasında əlaqələr bundan sonra daha da sürətlə inkişaf edəcək. Bu əlaqələr bütövlükdə yeni mərhələyə daxil olur".

 

 





15.02.2023    çap et  çap et