525.Az

Ali Attestasiya Komissiyasının fəaliyyəti elmi mühitin keyfiyyətcə yaxşılaşmasına kömək edir - Vaqif Abbasov yazır


 

Ali Attestasiya Komissiyasının fəaliyyəti elmi mühitin keyfiyyətcə yaxşılaşmasına kömək edir - <b style="color:red"> Vaqif Abbasov yazır</b>

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik

Elm və təhsil sahəsində "dünya təcrübəsi" adı altında istifadəsi təklif olunan vahid model yoxdur, olsa da, onun heç bir uyğunlaşdırma aparmadan istifadəsi müsbət nəticə verə bilməz. Xarici ölkələrdə Ali Attestasiya Komissiyasının (AAK) olmaması haqqında fikirlər də bu qəbildəndir və fikrimcə, yanlışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında AAK elmi dərəcələr və elmi adlar almaq üçün təqdim olunan sənədlərin ekspertizasını aparır və AAK-ın Əsasnaməsinin tələblərinə uyğun təqdim olunmuş işlər təsdiq olunur. Əks halda təsdiqdən imtina olunur. Bir çox hallarda iddiaçıların ekspert şurasına dəvət olunması proseduru da həyata keçirilir. İşlərini özləri yerinə yetirmiş iddiaçılar ekspert şurasında müsahibədən uğurla keçirlər. Amma elə hallar olur ki, bir tərəfdən müdafiə olunmuş işin elmi nəticələri kifayət qədər uğurlu olmur, digər tərəfdən dissertasiya işinin tərtibatında ciddi elmi və texniki xətalara yol verilir və ya alınan nəticələr yetərincə elmi əsaslandırılmır. Bəzən də iddiaçı müdafiə etdiyi ixtisas üzrə ən adi suallara da cavab verə bilmir.

Biz elmimizin inkişafını istəyiriksə, elmi mühiti gücləndirməliyik və bu mühitə istedadlı, fədakar, əməksevər, analitik təfəkkürlü alimlərin gəlməsinə imkan yaratmalıyıq.

Yalnız fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini almaq üçün elmə gəlmək istəyənlər bilməlidirlər ki, diplom hər şey demək deyil. Həmin diplomlara uyğun bilik, elmi təhlil bacarığı, elmi ideyaları irəli sürmək qabiliyyəti olmalıdır. Əks halda diplom onun sahibini bir çox hallarda utandırıcı vəziyyətə salır.

Elə ixtisaslar var ki, bu sahədə ölkəmizdə kifayət qədər elmi kadrlar yoxdur. Bu halda AAK birdəfəlik müdafiə şurası yaratmaqla həmin ixtisaslar üzrə kadrların yetişməsinə şərait yaradır.

AAK dissertasiyaların müdafiəsinə qoyulan şərtlərdə həyata keçirdiyi islahatlar elmimizin inkişafına və alimlərimizin beynəlxalq nüfuzunun artmasına şərait yaradıb. Nüfuzlu jurnallarda məqalələrin çap olunması tələbi sayəsində iddiaçıların nüfuzlu xarici jurnallarda məqalələrinin və onlara istinadların sayı kəskin artıb. Alimlərimizin beynəlxalq reytinq qiymətləndirməsində H-indekslərinin artması məhz bu tələb ilə bağlıdır.

AAK-ın təbiət və texniki elimlər sahəsində iddiaçının təkmüəllifli məqalələrin olması tələbini aradan qaldırması, ölkədə alınan patentə 1, xarici patentlərə iki məqalə statusu verməsi iddiaçıların müdafiə imkanlarını kəskin artırıb.

Professor elmi adının alınması sahəsində bir qədər "sərtləşdirmə" müsbət qarşılanmalıdır. Necə ola bilər ki, elmlər doktoru elmi dərəcəsi almış alim öz elmi istiqaməti üzrə sanballı monoqrafiya yaza bilməsin? Axı elmlər doktoru elmi dərəcəsi almış alim öz elmi məktəbini yaratmalıdır, elmin həmin sahəsini inkişaf etdirmək yolunu seçməlidir. Bu isə həmin istiqamətdə nüfuzlu alimlərin və özünün əldə etdiyi elmi nəticələrinin müqayisəli təhlili və ümumiləşdirməsi ilə ola bilər. Monoqrafiyanın mahiyyətinə qoyulan tələb budur.

Bütövlükdə AAK-ın fəaliyyəti müsbət dəyərləndirilməlidir. Digər tərəfdən, ilkin müzakirələrin, seminar müzakirələrinin, müdafiə şuralarında müdafiənin səviyyəsi qaldırılmalıdır. Rəyçilər və opponentlər müdafiəyə təqdim olunan işlərə rəy yazarkən daha məsuliyyətli olmalıdırlar.

 

 





15.02.2023    çap et  çap et