525.Az

Qərbi Azərbaycan sevdasıyla yaşamaq... - Məmməd Oruc yazır


 

Qərbi Azərbaycan sevdasıyla yaşamaq... - <b style="color:red"> Məmməd Oruc yazır</b>

Fevralın 4-də Qərbi Azərbaycan İcmasının Bakı şəhərindəki "G.Qədirbəyova küçəsi 31" ünvanında yerləşən qərargahında icmanın Ağsaqqallar Şurasının ilk yığıncağı keçirildi və bu mötəbər məclisə dəvət alan ziyalılardan biri də mən idim. Bir çoxunu, qiyabi də olsa, tanıdığım soydaşlarımı, həm də yaşıdlarımı və bəzi həmkarlarımı bir yerdə görəndə, keçirdiyim hisslərdən, yaşadığım duyğulardan nə danışım? Amma diqqətimi çəkən bir məqamı vurğulamaq istəyirəm.

İcmanın Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü olan ünlü təbib və pedaqoq Vaqif Şadlinski yığıncaq zalına xitabən dedi:

- Aparılan araşdırmalar göstərir ki, bu gün Azərbaycan Respublikası əhalisinin ortalama beş milyonu, təxminən yarısı Qərbi Azərbaycan kökənlidir...

Bu gün mən şəxsi müşahidələrimə əsasən söyləyə bilərəm ki, bu beş milyonun, bəlkə də beşdən dördü Qərbi Azərbaycan sevdası ilə yaşayır. Bu gün mənim üç övladım, yeddi nəvəm ürəklərində bu sevdanı yaşadırlarsa, onların, xüsusilə, son zamanlar mənə verdiyi suallar, Qərbi Azərbaycanla bağlıdırsa, demək, yanılmıram. Son zamanlar yol xəritəsi kimi gündəmə gətirilən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da yalnız istək, arzu deyil... Həqiqətən də, gerçək yol xəritəsidir.

Şəxsi müşahidələrimə əsasən etiraf etmək istəyirəm ki, cəmiyyətimizdə bu konsepsiya birmənalı qarşılanmayıb. Başqa cür düşünənlərə bircə məqamı xatırlatmaq istəyirəm: 2020-ci ildə gerçəkləşən 44 günlük Tarixi zəfərimizə qədər Qarabağ, Şuşa sevdası da bir çoxlarına xəyal kimi gəlmirdimi?! Bəs nə oldu? Demək, məhvəri geriyə də fırlatmaq mümkündür! Ona görə də, birbaşa Azərbaycan Prezidentinin təşəbbüsü ilə ərsəyə gəlmiş bu konsepsiyanı yalnız alqışlamıram, həm də öpürəm və düşünürəm ki, mən də bu layihəyə öz töhfəmi verməliyəm. Ən azı, öz sözümlə, müşahidələrimi, düşüncələrimi dilə gətirməklə. Və qürur duyuram ki, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvləri arasında mən də varam.

Qərbi azərbaycanlıların deportasiyası tarixin üç mərhələsində baş verib: 1918-20-ci illərdə, 1948-53-cü sənələrdə və bir də 1988-91-ci illərdə. Mən 1948-53-cü illərdə köçürülənlərin nəslindənəm, odur ki, bu deportasiya ilə bağlı 1990-91-ci illərdə roman yazıb çap etdirməyim də təbiidir və məncə, bu yazı erkən yaşlarımdan içimdə doğulmuş Qərbi Azərbaycan sevdasının övladıdır. Amma daha öncə - sovetlər zamanında Qərbi Azərbaycan sevdası folklorumuzda, ağız ədəbiyyatımızda iz salmışdı. Çünki folklor senzura tanımırdı.

Vedinin yanı dağlar,

Ürəyi, canı dağlar.

Burda bir el var idi,

Siz deyin, hanı, dağlar?

Belə nümunələr yüzlərcədir. 1994-cü ildə Əziz Ələkbərlinin "Qədim türk-oğuz yurdu - "Ermənistan" kitabı meydana gəldi. Ə.Ələkbərlinin 1996-cı ildə nəşr etdirdiyi "Abbasqulu bəy Şadlinski" sənədli romanı da, sözsüz ki, Qərbi Azərbaycan sevdasının bir təzahürü idi. Belə əsərlər indi də yazılmaqdadır. Amma zaman-zaman Qayıdış Konsepsiyasına çevrilən bu qayıdış sevdasını müstəqil dövlətimiz, onun mərhum rəhbəri Heydər Əliyev 1997-ci ilin 18 dekabrında imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərmanı ilə hüquqi müstəvidə də gerçəkləşdirdi.

Sözümün canı odur ki, son aylarda rəsmi surətdə gerçəkləşməyə başlayan Qayıdış Konsepsiyası, ortalama, iyirmi beş-otuz ildir ki, yol gəlir.

Bir məclisdə məndən soruşdular:

- İnnən belə gedib erməninin arasında yaşamaq olar?

Sualın cavabını məndən qabaq cavan hərbçi dostum Paşa Məmmədoğlu verdi:

- Siz nə bilirsiniz ki, biz qayıdanda, orda qalan beş-on erməni bizi gül-çiçəklə qarşılamayacaq?..

...1951-ci ildə, deportasiyadan sonra məskunlaşdığımız Şahsevən kəndində, çox da uzun olmayan bir zaman kəsiyində, köçkünlərin, demək olar ki, hamısı çiy, "ayıbalası" kərpicdən də olsa, özlərinə ev tikmişdi. Yalnız el arasında "Molla Əlinin oğlu İrza" kimi tanınan kişi özünə ev tikmirdi. Halbuki o, başqalarına baxanda, nisbətən imkanlı idi, mənim oxuduğum məktəbdə təsərrüfat müdiri işləyirdi. Kommunist Partiyasının üzvü idi. Hələ üstəlik də, müharibədən orden-medalla qayıtmışdı, bayramlarda kənd içinə medallarını taxandan sonra çıxardı. Amma yaşadığı yer çovustandı, yəni qarğı ilə hörüləndən sonra qara palçıqla suvanmış koma. Ondan soruşanda ki, ay İrza kişi, sən niyə özünə ev tikmirsən? Bir qayda olaraq, belə cavab verirdi: "Onsuz da Kommunist Partiyası gec-tez öz səhvini başa düşüb bizi geri - yurdumuza qaytaracaq".

Görəsən, öz dediyinə o özü inanırdımı? Mənə elə gəlir ki, şəksiz! Və şübhəsiz ki, bu inamı onun içində yaradan Vətən - Qərbi Azərbaycan sevdası idi. Onun bu inamı qırılmadı, kənd sovetindən ona verilmiş 12 sotluq torpaqda özünə ev tikmədi. Elə o çovustandaca dünyasını dəyişdi.

Yalnız onun qırxı çıxandan sonra oğlanları Qadir, Nadir o ərazidə evlər tikdilər.

Bu, əslində hekayə mövzusudur, heç bilmirəm, bu vaxtacan, necə olub ki, yazmamışam?..

Yeri gəlmişkən, daha bir epizod, daha bir maraqlı insan haqqında: mən artıq birinci sinifdə oxuyurdum. Xəbər çıxdı ki, bəs "Atdı Qəmər" Vediyə qayıdır. O, atamın dayısı qızı idi. Aramızda atamın əmisi oğlu Həsən müəllimin evi yerləşirdi. Əlbəttə, atam ağsaqqal olsa da, bir qohum kimi Qəməri fikrindən daşındıra bilmədi. Nahaq yerə ona "Atdı Qəmər" demirdilər ki? Vedidə, İrəvanda aktrisalıq eləmişdi, sonralar Azərbaycanın Xalq artisti kimi məşhurlaşan Əli Zeynalovun tərəf-müqabili olmuşdu. O da mən oxuduğum məktəbdə işləyirdi, kitabxanaçı vəzifəsində. Partiyanın üzvü idi. Zavallı, ailə də qura bilməmişdi. Qardaşı Əmirağanın iki uşağını böyüdürdü: Faiqi və Diloşu. Özü də kişilər kimi papiros çəkirdi, qadınlara əsla qaynayıb-qarışmırdı. Nə isə, uzun sözün qısası, "Atdı Qəmər" ikiotaqlı mülkünü bir rus ailəsinə satıb Vediyə qayıtdı, amma beş-altı ay sonra getdiyi kimi də geri döndü. Onunla atamın bir mükaliməsi yadımdadır:

- Bəs niyə Vedidən qayıtdın, ay Qəmər?

- Elsiz yaşamaq mümkün deyil, Kazım...

Bəli, Aşıq Ələsgər nahaq yerə deməyib ki: "Arsız aşıq elsiz niyə yaşadı, ölsün Ələsgər tək qulların, dağlar".

Hə, bu da daha bir hekayə mövzusu, heyif ki, zamanında yazmamışam...

"Atdı Qəmər", qayda-qanun çərçivəsində, o rus ailəsini öz evindən çıxarda bildi. Amma bu o zaman mənə qüssə gətirdi, çünki mən o ailənin mənimlə yaşıd uşaqları ilə, əsasən, rus dilində danışırdım və qət eləmişdim ki, yeni dərs ilində sinifimi dəyişim, keçim rus bölməsinə, Nadya ilə bir sinifdə oxuyum...

İndi isə, nə Qəmər var, nə də o ruslar... Qalan xatirələrdi, acı xatirələr...

Atamla dayısı qızının daha bir söhbəti yaddaşımdan silinmir:

- Sən bu rusları nahaq incidirsən, ay Qəmər, onları da haçansa bu yerlərə sürgün eləyiblər, yazıqdılar...

- Ay onları yazıq ilan vursun! Bəyəm, bizi bu bəlaya salan ruslar deyilmi?!

İndi də fikirləşirəm ki, hər halda, "Atdı Qəmər"i o bəlaya salan o zavallı rus ailəsi deyildi, Vedibasar - Qərbi Azərbaycan sevdası idi.

Bu günlər milyonların içində cücərən, boy verən bu sevdanın arxasında Dövlətimiz dayanır. Qərbi Azərbaycan İcması, Qayıdış Konsepsiyası dayanır.

Hələlik şəxsən mənim hədəfim, ümidlə gözlədiyim barışıq müqaviləsidir; çünki nə qədər ki, ayağım yer tutur, məqsədim övladlarımı, nəvələrimi aparıb, ordakı yurdumuzu-yuvamızı onlara tanıtmaqdı. Ola bilsin ki, Vedinin qəbiristanlıqları kimi yurd-yuvamızı da dağıdıblar, ola bilsin ki, müəllimim Fərman Kərmzadənin yazdığı kimi, Vedi çayı da quruyub;

 

Ağır elləri vardı,

Coşqun selləri vardı,

Pələng qolları vardı,

Bu çay niyə qurudu?!

 

Hər halda, təsəllim də var: dağlar ki yerindədir...

 

 





15.02.2023    çap et  çap et