525.Az

"Kədər başdan-başa sinəmi tutmuş" - Təvəkkül Boysunar yazır


 

"Kədər başdan-başa sinəmi tutmuş" - <b style="color:red"> Təvəkkül Boysunar yazır</b>

Bir çox müasir yazıçımızın əsərlərini türkcəyə çevirən Abdulkadir Özkan da Türkiyədəki zəlzələnin qurbanı oldu.

Onu Azərbaycanda öz evlərində qonaq edən, hətta Abdulkadirin yaşadığı və dağıntılar altında qalıb can verdiyi Kahramanmaraşdakı evində vaxtilə qonaq olan yazıçı dostlardan fərqli olaraq mən onunla real həyatda bircə dəfə də görüşməmişdim, bir-birimizi yalnız qiyabi tanıyırdıq, buna baxmayaraq, feysbukdakı qısa söhbətlər də aramızda səmimi bir dostluğun yaranması üçün kifayət etmişdi. Yazışmamız Abdulkadirin aşağıdakı mesajından sonra başlamışdı.

Ölümünə çox kədərləndim. İlk mesajındakı sonuncu cümləni təkrar-təkrar oxuduqda isə kədərim daha da qəhərləndirici olur. Bu gənc, yaraşıqlı, gülərüz adam atası, anası və bacısıyla birgə, yaşadıqları evin dağıntıları altında qalıb faciəvi şəkildə dünyadan köçdü.

"20 il sonra" demişdi, sən demə, heç 2 illik ömrü də qalmayıbmış.

lll

Feysbuka girirəm və səhifəni hər yenilədikcə Abdulkadirlə nə vaxtsa bir masa arxasında oturub çay içən yazıçı həmkarların onunla çəkdirdikləri şəkilləri görürəm.

Sonra Abdulkadirin feysbukda indi sahibsiz qalmış öz profilinə baxıram. Bir neçə gün əvvəlki paylaşımlara qədər aşağı düşürəm.

Hələ zəlzələnin təzə olduğu günlərdə onun adını işarələyib nigaranlığını ifadə edən azərbaycanlı dostların paylaşımları çıxır qarşıma və yuxarı qalxdıqca bu nigarançılıqlar qara bir xəbərlə öz təsdiqini tapır.

Ard-arda paylaşımlar. Göz yaşları. Kədər. Və "Allah rəhmət etsin" diləkləri.  

Sonra ortaq tanışımız olan bir dostun votsapa yazdığı mesaj məni feysbukdan çıxarır:

"Abdulkadiri bildin də? O da zəlzələnin qurbanı oldu. Bizdə qonaq olmuşdu. Çox yaxşı oğlan idi. Heyif. O qədər pis olmuşam".

Soruşuram ki, görəsən, bu xəbər tam dəqiqdirmi? Cavab verir:

"Hə, bir türk dostum vasitəsiylə öyrəndim. Dedim, biz ulaşa bilmirik. Nömrəsini atdım. 5 dəqiqə sonra zəng edib dedi ki, cənazəsinə indilərdə ulaşıldı. Bacısıyla bir yerdə".

Keçirdiyim hisslərə uyğun, votsapda hansısa bir işarə, simvol, emoji axtarıram və bu vaxt həmsöhbətimin növbəti mesajı gəlir:

"Amma telefonuna zəng çatırdı əvvəldən. Bu, ümid verirdi ki, bəlkə də, sağdı. Şarjı bitmədiyinə görə".

Uzun saatlar ərzində telefonunda yığılıb qalan cavabsız zənglərin heç birindən Abdulkadirin xəbəri olmadı. O zənglərin neçəsinin Kahramanmaraşdan kilometrlərlə uzaqda yerləşən Bakıdan edildiyini də bilmədi. Feysbukda adının işarələndiyi və səhifəsinə düşən paylaşımlardan da xəbər tutmadı.

Bütün bunları acı bir kədərlə düşünə-düşünə yenə feysbuka qayıdıram və bu dəfə yazıçı Əlabbasın Abdulkadirin şəkli ilə paylaşdığı iki sətirlik ağını görürəm:

" - Abdulkadir, heyyyyy.

- Məni arama, dayı! Əcəl aldı, yer gizlədi..."

lll

Abdulkadir 33 yaşında öldü. Deyilənə görə, cənətdə hər kəs bu yaşda olacaq. Bəlkə də, Tanrının onu məhz bu yaşda - İsa yaşındaykən dünyadan aparmağı da ruhunun daim şad olacağına bir işarədir.

Allah sənə və səninlə birlikdə düyadan köçən bütün zəlzələ qurbanlarına rəhmət etsin, Abdulkadir!  

 10 fevral, 2023

 





15.02.2023    çap et  çap et