525.Az

İran dini lideri prezidentə açıq dəstək verdi


 

İran dini lideri prezidentə açıq dəstək verdi<b style="color:red"></b>

İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyi ölkəsinin Qərblə nüvə danışıqları aparan nümayəndə heyətindən və prezident Həsən Ruhani hökumətinin bu məsələ ilə bağlı siyasətindən danışıb.

“Media forum” saytının məlumatına görə, iyulun 7-də hökumət rəsmiləri ilə görüşündə ayətullah Xamneyi deyib ki, o, Ruhani hökumətini və Qərblə nüvə müzakirələri aparan komanda üzvlərini dəstəkləyir, onlara güvənir: “Hamı bilməlidir ki, mən Ruhani hökumətinə və nüvə danışıqları aparan komanda heyətinə inanıram, onlara dəstək verirəm, onların atdıqları addımları təsdiq edirəm. Mən hökumətə yardım etmək üçün bütün gücümdən faydalanır, onun başında duranlara etibar edirəm.

Biz əminik ki, nüvə danışıqları aparan nümayəndə heyətimiz Qərbə xalqımızın hüququna əl uzatmasına imkan verməyəcək, İranın gələcək ehtiyaclarını diqqət mərkəzində saxlayacaq”.

Bundan əvvəl İranın hakim mühafizəkar cərəyanına bağlı olan bir sıra rəsmilər ayrı-ayrılıqda bəyanatlar yayaraq Ruhani hökumətini günahlandırıb, Qərblə aparılan danışıqların ölkənin milli maraqlarına zidd olduğunu bildiriblər.

İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı nüvə danışıqlarının 6-cı, sonuncu mərhələsi iyulun 1-də Avstriyanın paytaxtı Vyanada başlayıb. Danışıqların ən çətin və həlledici dövrü sayılan bu mərhələ 20 gün davam edəcək.

 





08.07.2014    çap et  çap et