525.Az

Böyük insanlıq sınağı - Əbülfəz Süleymanlı Sosioloji baxış


 

Böyük insanlıq sınağı - <b style="color:red"> Əbülfəz Süleymanlı Sosioloji baxış</b>

Günlərdir insanlıq olaraq tərif olunmaz acılar içindəyik. Qardaş ölkədə minlərlə insan tələfatı və böyük dağıntılara səbəb olan təbii fəlakət nəticəsində ortaya çıxan dəhşətli mənzərə dünyada insan olan hər kəsi dərindən sarsılmaqla qalmadı, həm də insanlıq olaraq bizləri böyük bir sınağa çəkmiş oldu.

Bəşəriyyətin çox böyük bir hissəsi bu faciə qarşısında səssiz qalmadı, özünü insan ləyaqətinə uyğun şəkildə apardı. "Əsrin fəlakəti"nin baş verdiyi ilk anlardan Türkiyənin dörd bir yanından milli həmrəylik ruhu ilə zərər çəkənlərə kömək üçün uzadılan əllərə qısa zaman kəsiyində dünyanın bir çox ölkəsindən axın-axın dəstək gəldi. İstər Türkiyədən, istərsə də fərqli ölkələrdən olan yüzlərlə gözəl qəlbli insan bir canı xilas etmək, bir cana məlhəm olmaq üçün öz həyatını təhlükəyə atmaqdan çəkinmədi, əlindən gələn hər cür maddi-mənəvi yardımı zərər çəkən insanlara göstərə bilmək üçün  səfərbər oldu.İnsanlıq əl-ələ tutaraq  bu sınaqdan ən yüksək qiymət aldı.Bu duyğulandırıcı mənzərə qarşısında istər-istəməz "insanlar olaraq bizlərin kaş zəlzələ kimi böyük faciələr yaşamadan da eyni taleyə sahib canlılar olduğumuz idrak edə bilsək" deyə fikirləşməmək əldə deyil...

Heç şübhəsiz, bizim həm dövlət, həm xalq olaraq bu fəlakət qarşısında təpkimiz daha bir dəstansı idi. Başqa cür olada bilməzdi. Canımızın bir parçası olaraq gördüyümüz, sevincimizdə də, kədərimizdə də hər daim  bərabər olduğumuz bir ölkə böyük bir fəlakətlə üz-üzə qalmışdı və ona uzanacaq  yardım əlinə ehtiyac duymaqdaydı. Qısa zaman kəsiyində ölkəmizdə böyük bir yardım səfərbərliyi elan olundu və cəmiyyətin bütün təbəqələrindən insanlar bu səfərbərlikdə ön cərgədə yer almaq üçün bir-birilə yarışa girdi. Bu günlərdə biz həmçinin, nə qədər genişürəkli, xeyirxah, mərd insanlara sahib bir ölkə olduğumuzun da bir daha şahidi olduq. Dillərə dastan olan qırmızı jiqulisi ilə yardım daşıyan Sərvəri, borc alıb "pensiyamı alarkən geri verəcəm" deyib Türkiyəyə maddi yardım göndərən Hikmət babanı, zəlzələ anında həyatını təhlükəyə ataraq bir neçə nəfəri xilas edən İlham qardaşımızı və daha isimsiz neçə-neçə gözəl insanlarımızın olduğunu gördük. Sosial media platformalarından bu gözəl insanları hamımız artıq yaxşı tanıyırıq və xalqımızın yardımsevər hər bir üzvü ilə qürur duyuruq. İnsanlarımızın bir qismi Azərbaycanda canla-başla qardaş köməyi  devizi altında əlindən gələni əsirgəməzkən, bir qismi isə bilavasitə fəlakət zonasında xilasetmə əməliyyatlarında xilasedici, həkim və könüllü olaraq öz töhfəsini verməyə çalışdılar. Günü bu gündə həm xilasedicilərimiz fəlakət zonasında qalmağa davam edir, həm də könüllü gənclərimiz fəlakətdən zərər çəkən  müxtəlif ərazilərdə yardım fəaliyyətlərində fəal iştirak edirlər. Bu mənzərələrdən təsirlənən türkiyəli Şafakan Alcı adlı bir sosial media istifadəçisinin şərhi  Azərbaycanın Türkiyəyə bu fəlakətdəki yardımını çox gözəl tərif edir: "Bütün dünya bu təbii fəlakətdə əlimizdən tutdu. Gözəl insanlar hamınıza sonsuz təşəkkülər... Məni tərifi mümkün olmadığı qədər duyğulandıran azərbaycanlı qardaşlarımız...siz isə, tək vücud olub sıx bir şəkildə bizə sarıldınız. Sizə minnətdaram..."

Lakin sınağın əsas hissəsi daha qabaqdadır. Xüsusilə Türkiyənin yenidən bu əraziləri bərpa edə bilməsi və yaraları sara bilməsi üçün həm daxili, həm xarici dəstəyə ehtiyacı olacaq. Heç şübhəsiz, minlərlə illik dövlətçilik ənənəsi olan Türkiyə və Türk milləti bu sınaqdan da alnının ağı ilə çıxacaq və bu prosesdə Azərbaycan və Türk Dünyasının digər ölkələri yenə bütün imkanları ilə Türkiyənin yanında olacaqdır.

Lakin bundan sonra yenə bənzər faciələrlə üzləşməmək üçün bu səfər ev tapşırığını  yaxşı yerinə yetirməliyik. Bir həqiqəti dərk etmək lazımdır ki, Türkiyə birinci dərəcəli zəlzələ zonasındadır. Bu, coğrafiyamızın dəyişməz reallığıdır. Amma taleyimiz də kədərimizə çevrilməməlidir. Önəmli olan zəlzələyə davamlı binalar tikmək və zəlzələlərə qarşı mübarizə şüurunu qazanmaqdır. Bu prosesdə binaların və digər qurğuların tikintisində mühəndislik elminin yeni nailiyyətlərindən istifadə etmək, eyni zamanda, seysmik təhlükəli olan ərazilərdə sənaye və mülki obyektlərin tikilməsinə mane olmaq üçün qanunvericilik bazasının gücləndirilməsi vacib şərtlərdəndir.

Unutmaq olmaz ki, əsl fəlakət bədbinliyin dağıntıları altında qalmaqdır.

 





16.02.2023    çap et  çap et