525.Az

"Əsrin faciəsi"nin ünlü qurbanları - Şahanə Müşfiq yazır


 

TÜRKİYƏDƏ BAŞ VERƏN DƏHŞƏTLİ FƏLAKƏT NEÇƏ-NEÇƏ İSTEDADLI, PEŞƏKAR İNSANIN HƏYATINA SON QOYDU

"Əsrin faciəsi"nin ünlü qurbanları - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Fevralın 6-da qardaş Türkiyədə ardıcıl baş verən, episentri Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonları olmaqla, on bir şəhəri yerlə-yeksan edən iki böyük zəlzələ dəhşətli fəlakətə səbəb oldu. Şəhərlər, qəsəbə və kəndlər dağıldı, on minlərlə insan həlak oldu. Bu ağır müsibət kimsəyə fərq qoymadan çoxlarını həyatdan qopardı, sağ qalan yüzminlərlə insanın sinəsini dağladı. "Əsrin faciəsi" adlandırılan bu qorxunc zəlzələnin qurbanları sırasında, nə yazıq ki, bir çox məşhur, istedadlı, Azərbaycanda da yaxşı tanınan insan da var. Milyonların sevimlisinə çevrilmiş, türk ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, idmanına, siyasətinə töhfələr vermiş bir sıra məşhurların itkisi təkcə onların yaxınlarını deyil, həm də Türkiyədə və Azərbaycanda sevənlərini dərin hüznə qərq etdi.

 

Ədəbiyyatın ağır itkiləri

 

Türkiyənin önəmli ədəbiyyatçılarını yetişdirmiş şəhərlərindən olan Kahramanmaraşda bir neçə şair və yazıçı zəlzələdə həyatını itirdi. Bir neçə gün öncə xatirəsini dərin ehtiramla yad etdiyimiz 32 yaşlı yazıçı, tərcüməçi, Azərbaycan ədəbiyyatının yaxın dostu Abdülkadir Özkan Kahramanmaraş Elbistanda yaşadığı evdə müəllim və rəssam bacısı, atası və anasıyla bərabər həlak oldu.

Zəlzələnin ilk günündən xəbər alına bilməyən yazıçı Rəcəb Şükrü Güngörün cansız bədəni fəlakətin dördüncü günündə evinin dağıntıları altından çıxarıldı. 52 yaşlı yazıçı evli və dörd uşaq atası idi.

Kahramanmaraşda yaşayan başqa bir yazar - Əhməd Doğan İlbəy də bu zəlzələdən sağ qurtula bilmədi. 1954-cü ildə Kahramanmaraşda anadan olan İlbey 1976-cı ildən burada məmur olaraq çalışırdı.

1947-ci ildə Kahramanmaraşda doğulan həkim, şair, Kahramanmaraş Kültür və Sənət Evinin (KÜSEV) başqanı Oğuz Alp Paköz də bu fəlakətin qurbanı oldu. İki il Türk Ocağı başqanlığını həyata keçirən Paköz Kahramanmaraş Məslək Odaları Birliyinin və KÜSEV-in qurucularındandı. O, həmçinin, 20 ilə yaxındır KÜSEV-in mətbu orqanı olan sənət və ədəbiyyat dərgisi "Alqış"ın baş yazarı idi.

KÜSEV-in qurucularından, "Alqış" dərgisinin bir başqa yazarı Ercan Kozanoğlu 1952-ci ildə Ankarada anadan olsa da, 1994-cü ildən Kahramanmaraşda yaşayırdı. "Deyəsən, burada da yaşamağa davam edəcəyəm" deyən yazıçı onda bilmirdi ki, həyatını məhz buradakı zəlzələ nəticəsində itirəcək. Hekayə yazmaqdan əlavə, musiqiylə də məşğul olan Kozanoğlu tambur və ud da çalırdı.

 

Sənət dünyası yasda...

 

Bu günlərdə incəsənət aləmi də itirdiklərinin kədərinə qərq olub. Neçə-neçə istedadlı musiqiçi, müğənni, aktyor dağıntılar arasında can verdi. 42 yaşlı rəsm müəllimi, türk xalq musiqiçisi Əziz Taştan həyat yoldaşı və iki qızı ilə birlikdə Adıyamandakı zəlzələ nəticəsində çökən evin dağıntıları altında qaldı. Tanınmış sənətçinin, həyat yoldaşı Özgür Taştan və iki qızının cansız bədənləri bir-birinə sarılmış halda tapıldı.

Antep İslahiyədə yaşayan musiqiçi İsa Qartal bu zəlzələdə oğlu Hanifi Kaan Qartalla birgə həyatını itirdi.

İstanbulda yaşayan müğənni Pınar Can Kahramanmaraşa konsert vermək üçün gəlmişdi. Amma nə yazıq ki, dəhşətli zəlzələ onu qaldığı oteldə yaxaladı. Otelin dağıntıları arasında həlak olan Pınar Canın 13 yaşlı oğlu əmanət qalıb.

Keçən il həyat yoldaşını xərçəng xəstəliyindən itirmiş musiqiçi Yasin Can Adıyamanda birlikdə yaşadığı övladlarıyla bərabər həyata vida etdi.  

Türkiyənin ən yaxşı kaman - skripka ustalarından biri olan Ramazan Serim Malatyada zəlzələ nəticəsində dünyasını dəyişdi.

On dildə mahnılar oxumasıyla məşhurlaşan diyarbakırlı müğənni Zilan Tigris (Dilək Küçükər) həyat yoldaşı aktyor Çağdaş Çankaya ilə birlikdə Diyarbakırın Yenişəhər rayonunun Ofis səmtindəki 9 mərtəbəli binanın dağıntıları altında həlak oldu.

Adanada yaşayan, "Bir Zamanlar Çukurova" serialındakı Şərminin rəfiqəsi rolu ilə xatırlanan aktrisa Emel Atıcı və qızı model pilot Püryan Atıcı da zəlzələdə həyatını itirdi. Bu acı xəbəri serialın yaradıcı şirkəti olan "Tims&B" yaydı. Serialın başqa bir aktrisası Yeliz Doğramacılar Atıcının ölümüylə bağlı paylaşımında: "Üşüməyi sevməzdin. Ümid edirəm, o betonların arasında üşümədin" - cümlələrilə kədərini ifadə etdi.

 

İdman klublarını sarsıdan zəlzələ

 

Bu müdhiş fəlakət aldığı canlarla idman aləmini də dərindən sarsıtdı. İçərisində peşəkar idman klublarının üzvlərinin və parlaq gələcək vəd edən uşaq yaşlı idmançıların da olduğu itkilərə inanmaq sevənləri üçün çox ağır və dözülməzdir.

"Kahramanmaraş İstiklalspor" komandasının futbolçuları Hakan Doğan, Taner Kahriman, "Yeni Malatyaspor"un qapıçısı Əhməd Eyüp Türkaslan, "Malatya Böyükşəhər Bələdiyəspor" komandasının idmançısı Mehmet Can Ağırbaş bu zəlzələdə faciəvi şəkildə həlak oldular. 

Qaziantep təmsilçisi olan "Merinos" voleybol komandasının oyunçusu Betül Çoban Çakır və voleybolçu həyat yoldaşı Bədrəddin Çakır da zəlzələdə həyatını itirən idmançılardandır.

Başqa bir voleybolçu - "Malatya Böyükşəhər Bələdiyəspor"un və milli komandanın üzvü Emincan Kocabaş Malatyada qaldığı otelin dağıntıları altından qurtula bilmədi.

Türkiyə yığmasının həndbolçusu, "Vefakənd Hatay Böyükşəhər Bələdiyəspor" komandasından Cemal Kütahya zəlzələdə oğlu Çinar Kütahya ilə birgə vəfat etdi.

Çankaya Universitetində və Türkiyə milli komandasında forma geyinən gənc basketbolçu Nilay Aydoğan da zəlzələ fəlakətindən qurtula bilməyən idmançılardan oldu. O, nənəsini ziyarətə getdiyi Malatyada elə nənəsi ilə birlikdə zəlzələyə düçar olub həyatını itirdi

Turnir üçün Adıyamana gələn və yaşları 12-14 arasında olan Şimali Kipr Türk Cümhuriyyətinin Qazi Mağusa Türk Maarif Kollecinin 15 nəfərlik qız və oğlan voleybolçuları qaldıqları "İsias" otelinin dağıntıları altında can verdi. 39 nəfərlik heyətdən 35 nəfər həlak oldu.

lll

1974-cü ildə Kırıkhanda anadan olan, cərrah, siyasətçi Tülin Durqun da zəlzələyə evində məruz qaldı və həyatını itirdi.

24-cü dönəm Kahramanmaraş millət vəkili Sıtkı Güvənç, jurnalist, ictimai xadim Rafi Sümbültepe və həyat yoldaşı Cahidə xanım, jurnalist İsgəndər Korkut da "əsrin faciəsi"ndə həyatını itirən tanınmışlar sırasındadır.

lll

Təəssüf ki, qardaş ölkədə baş verən zəlzələ azərbaycanlı həmvətənlərimizdən də yan keçmədi. İlkin məlumata görə, 10 nəfər azərbaycanlının həyatını itirdiyi zəlzələdə ilk gündən sorağını gözlədiyimiz, qurtulmaları üçün dualar etdiyimiz dörd tələbənin də nəşi qaldıqları binanın dağıntıları arasından çıxarıldı. Onlardan Gündüz Nəzərzadə həvəskar aktyor idi. O, "Zoluşka" bədii filmində və "Bacanaqlar" teleserialında rol almışdı. Qeyd edək ki, onun bu istedadı irsi idi. Gündüzün əmisi Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovdur (Qəlbinur). Gənc istedadımız Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra İnönü Universitetində tibb üzrə uzmanlıq təhsili alırdı.

Bu adlar hələ bizim tapa bildiyimiz, eşidib, gördüyümüz itkilərdir. Ancaq təəssüf ki, o dağıntılar altında hər biri öz sahəsində peşəkar olan və ümid doğuran neçə can, neçə həyat, neçə parlaq gələcək söndü. Tək təsəlli isə odur ki, sağlıqlarında ədəbiyyat, incəsənət, idman, siyasət sahəsində gördükləri işlər onları daim yaşadacaq.

Allah hər birinə rəhmət eləsin!

 

 

 

 

 





16.02.2023    çap et  çap et