525.Az

Türkəçarəyə folklor janrı prizmasından baxış - Bilal Alarlı (Hüseynov) yazır


 

Türkəçarəyə folklor janrı prizmasından baxış - <b style="color:red"> Bilal Alarlı (Hüseynov) yazır</b>

Təbabətin yüksək səviyyədə inkişaf etdiyi cəmiyyətlərdə türkəçarə müalicə üsullarına müraciət olunması geriqalmışlıq deyil, ilkin bilgi imkanlarından faydalanmaqdır. Çalışıb hər kəs özünün həkimi olmalıdır, dünyanın bütün həkimləri bir yerə yığışsa da, öz həkimi olmayan insana əlac edə bilməz. Buna görə də deyirlər, hər kəs təbib olmasa da, bir az türkəçarəçi olmalıdır. Sınıqçı, çıxıqsalan, əzələovan, oynaqoturdan, küpəçi, qanalan, belovan peşələri qədim dövrdən təbabətin funksiyalarını yerinə yetirib. Bu peşələrə yiyələnənlər sadə, bəzən də savadsız adamlar olsalar da, fitrətən istedadlı olublar, öz işlərinə peşəkarcasına yanaşıblar. Türkəçarəçilərin dərmanları ot, meyvə, giləmeyvə, piy, bal, toyuq yumurtası, qum, hətta torpaq olub, onlar bu "dərmanlardan" düzgün faydalanmaqla qida məhlulları, sürtkü məhlulları hazırlayıblar. Türkəçarəçilərin peşə alətləri ip, ciyə, burğac əşyaları, ağac, ülgüc, iynə, sancaq, küpə, banka olub, hətta onlar müəyyən fiqurlu daşlardan tibbi alət kimi istifadə ediblər. Qum çiməri, istisu çiməri türkəçarə müalicə üsullarının şahanə metodlarıdır. Türkəçarəcilər ayağında yel olanlara məsləhət görürdülər ki, isti qumun üstündə ayaqyalın gəzsinlər, oynaq ağrıları olanları gicitikanlıqda gəzməyə məcbur etməklə sağaldırdılar.

Azərbaycanda xəstələri bitkilərlə müalicə etməyi bacaran adamlara loğman deyərmişlər. Xalq təbabətini yüksək inkişaf mərhələsinə çatdıran türkəçarə müalicə üsulları olub. Türkəçarələr indi də xalq arasında yaşayır və demək olar ki,  ilkin müalicə forması (ilk yardım) kimi fəaliyyətini qoruyub saxlayır. Türkəçarələrdə tibb elmi üçün əhəmiyyəti olan məsləhətlər hələ də mühafizə edilir.

Kritik hallarda, xəstəliklər kütləvi şəkildə yayılan zamanlarda türkəçarəçilər fəallaşır, özlərinə bir neçə şagird tutur, dağlıq yerlərdən dərman bitkiləri gətirdirdilər. Belə hallarda türkəçarəçilərin məsləhətləri cəmiyyət üçün tabu səviyyəli məsləhətlər sayılırdı. Bu mənada türkəçarə sözlü folklor janrı kimi bir sıra xüsusiyyətlərə malikdir. İlkin olaraq qeyd etmək vacibdir ki, türkəçarə əməli xarakterli, yəni tətbiq olunan sözlü folklor nümunəsidir. Bu cür keyfiyyətlər ritual folklor nümunələrində də özünü göstərir, mərasim və mövsüm folklor örnəkləri adətdən, ənənədən gəldiyindən tətbiqi xarakter daşıyır. Bundan başqa, sözlə, məsləhətlə həyata keçirildiyindən türkəçarələrdə öyüd, nəsihət xarakteri var. Öyüd, nəsihət və məsləhət ululardan, atalardan gəldiyi üçün qeyd-şərtsiz icra olunur.

Türkəçarəçilər deyirlər ki, xəstəlik iki səbəbdən sağalmaz olur: immun çatışmazlığından və immun yüksəkliyindən! İmmun çatışmazlığı olanlar, yəni daxili müqavimət qabiliyyəti zəif olanlar düzgün qidalanma yoluyla sağlamlıqlarını bərpa edə bilərlər. İmmun yüksəkliyi olanların daxili enerjisi bəzi hallarda zəif nöqtələri aşkarlayıb gücləndirir, xəstəliyə çevirir. Türkəçarələrin qənaətinə əsasən, bunun əlacı daxili enerjinin sərf olunmasıdır. Daxili enerjini sərf etməyin ən asan yolu insanın yaşlı vaxtlarında da cinsi fəaliyyətindən qalmamasıdır. Türkəçarələr bu fikirdədirlər ki, normal cinsi fəaliyyət qadınlarda balalığın, uşaqlıq boynunun, cinsiyyət kanalının fəsadlarını aradan qaldırır, kişilər normal cinsi fəaliyyətlərini davam etdirdikdə böyrəklərin işləkliyi artır, prostat xətaları yaranmır, təzyiq normallaşır, dalaqda, qara ciyərdə, öd kisəsində ciddi problemlər olmur; normal cinsi fəaliyyət həm də cinsiyyət orqanlarının və bu orqanlarla bağlı olan bədən üzvlərinin masajıdır.

Koronavirusun tüğyan etdiyi mərhələdə türkəçarəyə ciddi ehtiyac yarandı. Bu ağır və yoluxucu xəstəlikdən qorunmaq üçün türkəçarəçilərin məsləhətlərinə əməl etmək vacibdir. Koronavirusa yoluxanlar türkəçarəçilərdən hansı məsləhətləri alırdılar? El arasında dolaşan əfsanəyə görə, dünyanın bir neçə dəfə dolub-boşalmasının səbəbi müharibələr deyil, kütləvi xəstəliklərdir. Adamlar xəstəliyi bir-birinə yoluxdurmuş, kütləvi şəkildə qırılmışlar. Sağ qalanlar basaraqlardan kənarda yaşayanlar olmuş, insan nəslini yenidən artırmışlar. Əlbəttə, əfsanə reallıqdan uzaq ola bilər, amma tarix göstərir ki, bütün əfsanələrin kökündə başagəldilər dayanır. Bəlkə də buna görə, türkəçarəçilər xəbərdarlıq edirlər, bəşəriyyətin axırına yoluxucu xəstəliklər çıxa bilər. Bu fəlakətdən xilas olmaq üçün türkəçarə məsləhətlərinə əməl etmək lazımdır. Türkəçarə məsləhətləri bunlardır: gigiyenik, gimnastik, kulinar və tibbi məsləhətlər.

Tibbi məsləhətlərin əhatə dairəsinə şəkəri, təzyiqi, böyrək problemi, tənginəfəsliyi, ürək çatışmazlığı, qan azlığı və mədə-bağırsaq problemi olanlar üçün məsləhətlər daxildir. Əslində tibb elminin əsasında türkəçarə dayanır. Dərman xammalının tərkibində müalicə əhəmiyyəti olan maddələrə təsiredici maddələr deyilir. Təsiredici maddələr bitkilərin kökündə, yarpağında, çiçəyində, toxumunda və gövdəsində olur. Dərman bitkiləri türkəçarəçilər tərəfindən xəstələrə təpitmə, dəmləmə, bişirmə, ekstrat, sürtkü formasında istifadə etmək məsləhət görülür.

Türkəçarəlik tibb elminin özülündə dayansa da, təbabətin nailiyyətləri ilə tam ayaqlaşmır. Lakin türkəçarənin elə sahələri var ki, bu gün də aktualdır, hətta onlar həkimlərin imkanı çatmayan bəzi müalicələri edə bilirlər. Sual yaranır: türkəçarənin yeri tibb elmində, yoxsa el təbabəti kimi folklordadır? Bu suala cavab vermək üçün folklor termininə aydınlıq gətirmək lazım gəlir. Folklor küll halında şifahi xalq ədəbiyyatını, yəni şifahi söz sənətini, xalq musiqisini (muğamları, aşıq havalarını, xalq mahnılarını, oyun havalarını və sairi), xalq kulinariyasını (mətbəx mədəniyyətini), xalq meteorologiyasını (havasatı), telepatiyanı (yuxu yozmalarını), xalq təbabətini və sairi öyrənən bir elm sahəsidir. Bu mənada türkəçarələrin öyrənilməsi bir çox dünya xalqları tərəfindən folklorşünaslığın funksiyalarına daxil edilmişdir. Əslində türkəçarə xalq yaradıcılığının məhsuludur. Xalq öz sağlamlığını qoruyub saxlamaq üçün təbabətin bir elm kimi inkişaf etmədiyi dövrlərdə türkəçarəni yaradıb, təkmilləşdirib və tibb elminin əsasını qoyub. Türkəçarəçilər təkcə dərman bitkilərindən deyil, qida məhsullarından məqsədyönlü şəkildə istifadə edərək müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə şəfa vermişlər. Müxtəlif heyvanların əti, piyi, südü, hətta sidiyi müalicə məqsədilə işlədilirdi. Quşların əti, yumurtası, ciyəri, dərisi müalicə əhəmiyyətli sayılırdı. Türkəçarə rejimlərinə piyada hərəkət, yuxuöncəsi təmiz hava alınması, qumda və palçıqda ayaqyalın gəzinti, günəş çiməri kimi gündəlik fəaliyyət növləri də daxildir.

Azərbaycan ərazisi müalicə əhəmiyyətli su mənbələri ilə zəngin olduğundan allergik dəri xəstəlikləri, yel xəstəlikləri, ürək-damar xəstəlikləri, müxtəlif qadın xəstəlikləri çimər qəbul etməklə aradan qaldırılırdı. Türkəçarəçilər sonsuzluğa da şəfalı istisu mənbələrində çimər rejimi ilə əlac edirdilər. Adamlar sərin suyu bulağın gözündən içməyi xoşlayırdılar. Qablara doldurulmuş su keyfiyyətini itirmiş sayılırdı. Qazlı bulaqlar, duzlu bulaqlar müxtəlif mədə-bağırsaq xəstəliklərinin müalicəsində əhəmiyyətli sayılırdı. Yanar suların öz müalicəvi dəyəri var. Kükürdlü bulaqların xeyirli təsirini onların yaratdığı su hövzələrində yuyunmaqda görürdülər.

Ən təsirli müalicələr təbii balla aparılırdı. Bal həm daxili xəstəliklərin, həm də sınıqların müalicəsində istifadə olunurdu. Bala müxtəlif qatqılar artırmaqla gənclik (cavanlaşdırma) eliksirləri hazırlanırdı. Cavanlaşdırma dedikdə, orqanizmin funksionallığının artırılması nəzərdə tutulur, yəni insanın əsas fəaliyyət orqanları fəallaşdırılır, nəticədə insanın hərəkəti tənzimlənir, fəaliyyəti çevikləşir. Türkəçarəçilər toyuq yumurtasından çoxsaylı müalicə məqsədləri üçün istifadə edirlər. Yumurtanın sarısı sürtkü əhəmiyyətlidir. Bu yerdə bir el məsəlini xatırlatmaq yerinə düşər. Bir ana öz övladına ərzaq məhsullarının əhəmiyyətini anlatmaq üçün deyir: "Oğlum, get, bazardan can al gətir. Can olmasa, yarımcan al gətir. Yarımcan olmasa, daha keçib, badımcan al gətir". Burada can - ət, yarımcan - yumurtadır.

Türkəçarəçilər daşın, qumun və torpağın da müalicə dəyərini yaxşı öyrənmişlər. Belə daşlardan biri dalaq daşı adlanır. Naxçıvan duz mədənlərinə isə hətta başqa ölkələrdən nəfəs yollarında və ciyərlərində problem olan xəstələr gəlirlər. Bu təbii müalicənin təsiri dərmanların təsirindən güclüdür, az müddətdə xəstəliyi aradan qaldıra bilir.

Türkəçarə məsləhətləri el arasında ilaclar, çarələr və köməclər adlanır. İlaclar, çarələr və köməclər məsləhətlərin əsasında dayanır. Düzgün qidalanma ilə bağlı ilaclar gözlənilən xəstəliyin qarşısını almaqda da insanlara kömək edır: "Limonlu şəkərsiz isti su içmək xərçəngin qarşısını alır, xərçəng hüceyrələrini öldürür. Limon ekstraktı ilə müalicə bədxassəli hüceyrələri məhv edir, lakin sağlam hüceyrələrə təsir göstərmir. Şam yeməyini yatmazdan bir neçə saat əvvəl yeyin, gec vaxtda yeyilən axşam yeməyi mədədə xərçəngin inkişaf riskini artırır. Sidik kisəsi xərçənginə tutulmamaq üçün hər gün xeyli su için, lakin axşam, xüsusən yatmamışdan qabaq az su qəbul edin".

Türkəçarə tibb elminin zəif inkişaf etdiyi dövrlərdə insanların sağlamlığına xidmət edən yeganə əlac vasitəsi olub. Tibb elmi inkişaf etdikcə türkəçarə əhəmiyyətini itirmədi, əksinə xalq müalicə üsulları kimi daha yüksək mərhələyə qədəm qoydu. Yapon alimi Katzudzo Nişi sağlamlıq sisteminin dörd əsasına üstünlük vermişdi ki, bunlar da türkəçarə məsləhətlərindən ibarətdir: 1) Düzgün qidalanmaq; 2) Təbiət qanunları ilə yaşamaq; 3) Düzgün yatmaq və 4) Şəfaverici idmanla məşğul olmaq. Türkəçarənin çağdaş tibb elmindən fərqli cəhəti ondan ibarətdir ki, bu müalicə vasitəsi xəstələri sağaldır, sağlam olanların isə xəstələnməsinin qarşısını alır.

(Ardı var)

 





16.02.2023    çap et  çap et