525.Az

"Azərbaycan prinsipial, ardıcıl və müstəqil xarici siyasət aparır"


 

"Azərbaycan prinsipial, ardıcıl və müstəqil xarici siyasət aparır"<b style="color:red"></b>

"Prezidentimizin diplomatlar qarşısında hesabatını Azərbaycanın dövlət quruculuğu və dünya birliyində öz layiqli yerini tutmasına dair bir proqramın təqtimatı hesab etmək olar. Cənab Prezidentin hər iki ildən bir keçirilən diplomatların müşavirəsindəki çıxışı Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir".

Bunu Trend-ə açıqlamasında Prezident İlham Əliyevin iyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışını şərh edərkən millət vəkili Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, əsas istiqamətlər içərisində Azərbaycanın bu gün ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasıdır: "Prezidentin nitqində Dağlıq Qarabağ bölgəsinin tarixi, Ermənistanın Azərbaycan torpaqlarının işğalı, Azərbaycan torpaqlarında Ermənistanın yaradılması barədə tarixi faktların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məsələlər ciddi şəkildə qoyulur. Eyni zamanda, diplomatlar qarşısında Ermənistanın Azərbaycanla bağlı apardığı saxta təbliğatın ifşa edilməsi, Azərbaycanın uğurlarının beynəlxalq ictimaiyyətə çatdırılması kimi çox ciddi məsələlər qoyulur".

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilməsi, Azərbaycan investisiyasının cəlb edilməsi üçün Azərbaycana bir çox təkliflərin verilməsini bunun nəticəsi hesab etmək olar: "Ümumən götürdükdə, müşavirədə cənab Prezidentin çıxışını həm indiyə qədər görülən işlərin hesabatı, həm də bundan sonra görüləcək fəaliyyətlə bağlı məsul vəzifələrin toplamı kimi qəbul etmək olar. Heç bir şübhə yoxdur ki, Azərbaycanın müstəqil siyasət yeritməsi, Azərbaycanın iqtisadi inkişafı, güclü ordu quruculuğu Dağlıq Qarabağ probleminin həllini daha da yaxınlaşdırır. Artıq Azərbaycanın gücünü dünya birliyi, eyni zamanda, Ermənistan qəbul edir. Onun bu vəziyyətdən çıxmaq üçün atdığı xaotik addımlar buna bir daha sübutdur. Heç şübhə yoxdur ki, Azərbaycanın qüdrətinə, Azərbaycan Prezidentinin verdiyi tapşırıqların reallığına söykənən diplomatlarımız xaricdə Azərbaycanın daha layiqli tanıdılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətinə dünya birliyinin daha səmərəli cəlb edilməsində böyük fəaliyyət göstərəcəklər".

A.Mirzəzadə qeyd edib ki, Prezidentin çıxışında bir daha bəyan edildi ki, Azərbaycanın hədəfi inkişaf etmiş ölkəyə çevrilməkdir: "Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpasıdır, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində gözəl həyatının təmin edilməsidir".

Deputatın fikrincə, bütün bunlar göstərir ki, Azərbaycan prinsipial, ardıcıl və müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaq.

 





08.07.2014    çap et  çap et