525.Az

"19 milyon kvadratmetr ərazi minalardan təmizlənib"


 

"19 milyon kvadratmetr ərazi minalardan təmizlənib"<b style="color:red"></b>

Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ilə NATO Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş tədbir keçirilib.

APA TV-nin məlumatına görə, ANAMA-nın direktoru Nazim İsmayılov 2004-cü ildən bəri NATO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin ən böyüyünün Saloğlu layihəsi olub.

"Həmin ərazidə təxminən 600 hektar ərazidə təmizləmə əməliyyatları həyata keçirildi. 600 minə yaxın sursat çıxarıldı. Lakin hələ də bu işlər bitməyib. Sovet ordusunun Azərbaycan ərazisində həddindən artıq hərbi bazaları və poliqonları olub ki, bunlarda da ardıcıl olaraq işlər aparılır. Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisində mina və partlamamış hərbi sursatlar yerli əhali üçün ciddi və daim artan təhlükə yaradır. Hökumətin tapşırığı əsasında həmin ərazini 3 fazaya bölərək birinci hissədə təxminən 19 milyon kvadratmetr ərazidə təmizləmə işləri apardıq. Sözü gedən ərazidən 13 minə yaxın silah sursat tapıldı".

Tədbirdə çıxış edən baş nazirin müavini Abid Şərifov isə bildirib ki, ANAMA-NATO əməkdaşlığı çərçivəsində "Ceyrançöl" uğurla icra olunan ikinci layihədir. "Ceyrançöl" layihəsinin birinci və ikinci fazasının ümumi büdcəsi 3 milyon 500 min avro təşkil edir.

“Saloğlu və Ceyrançöl layihəsinin ümumi büdcəsinin 50 faizini Azərbaycan hökuməti təmin edir. Ceyrançöl layihəsinin birinci fazasının büdcəsi 3 milyon 100 min avro, ikinci fazasının büdcəsi isə 1 milyon 70 min avro təşkil edir. Ümumilikdə 4 milyon 900 min avro təsdiqlənmişdir".

Tədbirdə iştirak edən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay qeyd edib ki, bu layihələr minlərlə insanın həyatının xilas edilməsinə yönəlib. Onun sözlərinə görə, Azərbaycan NATO üçün çox işlər görüb. NATO da bunun qarşılığında tərəfdaş ölkə olan Azərbaycana dəstək vermək istəyir.

"Biz bunu qiymətləndiririk. Biz də NATO olaraq Azərbaycana öz töhfəmizi vermək istəyirik. Azərbaycan Əfqanıstana çox kömək edir. Ümumiyyətlə, Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq davam edir. Bu da NATO ilə Azərbaycan arasında yaxşı tərəfdaşlığın bariz nümunəsidir".

 





08.07.2014    çap et  çap et