525.Az

"Məhtimqulu Fəraqi - dünya ədəbiyyatının görkəmli şairi"


 

ƏDƏBİYYAT İNSTİTUTUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB

"Məhtimqulu Fəraqi - dünya ədəbiyyatının görkəmli şairi"<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Məhtimqulu Fəraqi - dünya ədəbiyyatının görkəmli şairi" adlı beynəlxalq elmi konfrans təşkil edilib. Konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. Konfransa Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmməd Elyasov, Türkmənistandan gəlmiş alimlər də qatılıblar.

Tədbirdən öncə Türkmənistan mədəniyyətini əks etdirən sərgiyə baxış olub.

Beynəlxalq konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan əlaqələrinin tarixindən bəhs edərək, bu əlaqələrin müstəqillik illərində daha da inkişaf etdiyini xatırladıb, qeyd olunan istiqamətdə Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. İki qardaş ölkə arasında münasibətlərin Ümummilli liderin atdığı möhkəm təməllər üzərində sürətlə inkişaf edərək yeni mərhələyə yüksəldiyini vurğulayıb.

Bu gün Türkmənistan-Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafında yeni bir mərhələnin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə dövlətlər səviyyəsində mühüm işlərin görüldüyünü qeyd edib. Bildirib ki,  iki dövlət arasında imzalanmış mühüm sənədlər qardaş Türkmənistanla dərin kökləri olan əlaqələrin çoxistiqamətli inkişafı baxımından yeni üfüqlər açır. İ.Həbibbəyli AMEA və Türkmənistan Elmlər Akademiyası arasında qurulmuş əməkdaşlıq əlaqələrinin yeni mərhələsi çərçivəsində Azərbaycan-Türkmənistan əlaqələrinin elmi-mədəni inkişafı, o cümlədən, görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığının öyrənilməsi baxımından əhəmiyyətli işlər görüldüyünü, mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. O, Məhtimqulu Fəraqiyə həsr olunmuş ilk beynəlxalq tədbirin Azərbaycanda keçirildiyinə diqqət çəkərək bu baxımdan konfransın önəmini qeyd edib.

AMEA rəhbəri çıxışının sonunda Məhtimqulu Fəraqinin 300 illik yubileyinə töhfə olaraq böyük mütəfəkkirin zəngin ədəbi irsi ilə bağlı ortaq kitabın nəşr olunması təklifini irəli sürüb və Məhtimqulu Fəraqinin "Divan"ını qonaqlara hədiyyə edib.

Səfir Q.Elyasov çıxış edərək Azərbaycanda türkmən xalqının qüdrətli şairi Məhtimqulu Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən görkəmli türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə 2024-cü ilin "Məhtimqulu ili" elan edildiyini diqqətə çatdırıb.

Səfir ortaq mənəvi dəyərlər və dini-mədəni köklərlə bir-birinə bağlı olan Türkmənistan-Azərbaycan münasibətlərindən söz açaraq, son illərdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə yüksələn xətlə davam edən əməkdaşlıq əlaqələrinin dərinləşdiyini və genişləndiyini vurğulayıb.

Sonra Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev "Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif şeirinin özəllikləri" adlı məruzə ilə çıxış edib.

Türkmənistan alimlərindən Ata Qılıcov, Yusup Lallakov, Qurbanberdi Qurbangəldiyev, azərbaycanlı alimlər İsmixan Osmanlı və Töhfə Talıbovanın da məruzələri dinlənilib.

Türkmənistandan Aymırat Amanqılıcov və Mıratmergen Kulıyevin, eləcə də AMEA Ədəbiyyat İnstitutundan professor Nizami Tağısoy çıxış edərək fikirlərini bölüşüblər.

 





17.02.2023    çap et  çap et