Son günlər Azərbaycan-Ermənistan danışıqlar prosesinin bərpa olunması istiqamətində beynəlxalq vasitəçilərin bir sıra səyləri hiss olunmaqdadır. Bir neçə gün əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev regionda səfərdə olub. Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən xüsusi nümayəndə regiona səfəri və Rusiyanın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək vermək üçün atdığı addımlar barədə məlumat verib. Eyni gündə Azərbaycan və Rusiya prezidentləri telefon danışığı zamanı Cənubi Qafqaz regionunda cari vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıblar. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub. Həmçinin, Rusiyanın müdafiə naziri azərbaycanlı və erməni həmkarları ilə telefon danışığı aparıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu ay Azərbaycana nəzərdə tutulan səfəri də Moskvanın vasitəçilik səylərini aktivləşdirməsinə işarədir. Həmçinin, Vaşinqton da qeyd edilən istiqamətdə aktiv təmasları davam etdirir. ABŞ rəsmiləri hər iki ölkənin XİN rəhbərləri ilə mütamadi əlaqə saxlayır. Bu günlərdə xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında növbəti telefon danışığında regionda cari vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların perspektivləri barədə müzakirə aparılıb. Əsas müzakirə mövzusu həm də Laçın yolundakı ekoaksiya olub. Məlumdur ki, Ermənistan aksiyanın başa çatmasından sonra danışıqların bərpa ediləcəyini bəyan edir. Ancaq Azərbaycan tərəfi tələbləri yerinə yetirilənə qədər ekoaksiyanın keçiriləcəyi ilə bağlı qətiyyətli mövqeyini ortaya qoyub. Ona görə də hər hansı siyasi dairə bu məsələdə Bakıya təsir edə bilməz. Çünki Azərbaycanın əlində həmin yoldan istifadə edən ermənilərin hansı qanunsuz əməlləri törətməsinə dair təkzibedilməz faktlar var. Ermənilər bu yoldan qeyri-qanuni iqtisadi fəaliyyətlər, erməni hərbçilərinin rotasiyaları, minaların daşınması, hətta İrandan olan diversantların və digər xarici ölkə vətəndaşlarının keçidində sui-istifadə edirlər. Üstəgəl ərazidəki təbii sərvətlərimizin, qızıl-mis yataqlarının qanunsuz istismarı və ətraf mühütə vurulan ziyan. Bu gün qanunsuz əməllərini davam etdirə bilməyən ermənilərin guya "blokada" şəraitində yaşadıqları, "humanitar fəlakət" yarandığı barədə iddialarının heç bir əsası yoxdur. Ermənistan hər zaman olduğu kimi sadəcə manipulyasiya ilə məşğuldur.
Onu da vurğulayaq ki, Azərbaycan-Ermənistan normallaşdırma prosesi məhz Fransa və Ermənistanın pozuculuq fəaliyyəti nəticəsində dayandırılıb. Belə ki, müharibədən sonra bir çox nizamlama platformaları gündəmdə idi ki, bunlardan da ən məqbulu "Brüssel prosesi" idi. Bu prosesin davamı olaraq ötən il Praqada Fransa prezidenti Makronun da iştirak etdiyi dördtərəfli görüş baş tutdu. 2022-ci il 7 dekabrda Brüsseldə nəzərdə tutulan görüşə bir neçə gün qalmış Paşinyan Makronun iştirakı şərtini irəli sürdü. Rəsmi Bakı İrəvanın şərtini qəbuledilməz adlandıraraq, bunu görüşdən imtina kimi qiymətləndirdi. Beləliklə, Ermənistan Fransa ilə müxtəlif siyasi manipulyasiyalar edərək, sülh prosesinə zərbə vurdu. Azərbaycan dəfələrlə bəyan edib ki, Fransanın danışıqlarda iştirak etməyə haqqı və hüquqi əsası yoxdur. Xüsusilə də nəzərə alınmalıdır ki, Fransa dövləti uzun illərdir Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyir.
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib ki, fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub, təklifləri Bakıya göndərib. Onun sözlərinə görə, sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib: "Biz layihə üzərində işləyərkən hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək məntiqini əsas götürürük. Aydın məsələdir ki, sənəd Azərbaycan üçün də məqbul sayılmalıdır. Amma ümid edirik ki, üç il ərzində aparılan danışıqlarla əldə olunmuş müəyyən irəliləyişləri inkişaf etdirmək mümkün olacaq".
Prosesin bərpasına yönəlmiş səyləri qiymətləndirən Milli Məclisin deputatı Rasim Musabəyov "525"ə bildirib ki, bu istiqamətdə müxtəlif cəhdlər mövcuddur. Ancaq Ermənistan tərəfi danışıqlardan boyun qaçırır: "Yəni əvvəl maneə kimi ortaya Fransa prezidenti Makronun iştirakını atmışdılar, bunun nəticəsi olaraq Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə planlaşdırılan görüş ləğv olundu. Sonra Ruben Vardanyanın Qarabağda hoqqabazlığı nəticəsində Azərbaycanın vətəndaş cəmiyyəti fəalları etiraz aksiyasına başladılar. Ermənilər deyirlər ki, etiraz aksiyası dayandırılmayana qədər danışıqlara getməyəcəklər. Danışıqlara getmirlər, cəhənnəmə getsinlər, gözümüz aydın. Azərbaycan onların nazı ilə oynayan deyil. İndiki vəziyyətdə ona nail olmaq istəyirlər ki, Laçın yolu ilə əvvəlki kimi nə istəyirlər daşısınlar. Azərbaycan əlbəttə ki, buna razılıq vermədi. İndi Rusiya və digərləri çalışırlar ki, mövcud vəziyyətdə, yəni aksiya dayandırılmadan hansısa danışıqları təşkil etsinlər. Bunun baş tutub-tutmayacağını əvvəlcədən demək çətindir. Amma şifahi şəkildə sənəd layihəsi İrəvana təqdim edilib, onlar düzəlişlər edib qaytarıblar. Biz o düzəlişləri ilə bağlı layihə üzrə öz qeydlərimizi etmişik, göndərmişik. İndi də onlar qeydlər edib qaytarılıblar. Amma bununla işi tamamlamaq mümkün deyil. Gərək üz-üzə oturub bir nəticəyə gələsən. Hansısa mərhələdə şərait yetişsə, düşünürəm ki, xarici işlər nazirləri səviyyəsində danışıqlar keçirmək mümkün olar".
Ruben Vardanyanın yenidən Qarabağa qaytarılmasına diqqət çəkən deputat deyib: "Vardanyan bizim üçün heç kimdir. Biz onu tanımırıq, nə ad qoyurlar qoysunlar. Bizim tələbimiz ondan ibarət idi ki, ordakı ərazilərimizdə qızıl və mis yataqları Azərbaycanın icazəsi olmadan istismar edilməməlidir. Rəsmi dövlət qurumlarımız gedib orda monitorinq keçirməlidir. Tələbimiz bu idi, aksiya da bu tələb yerinə yetirilmədiyi üçün keçirilir. Vardanyan orda qaldığı müddətdə biz Qarabağ erməniləri ilə heç bir danışıq aparmayacağıq. İndi əziyyət çəkirlər, qaz, elektrik xətlərində qəzalar baş verir, onların gəlib Azərbaycana müraciət etməyə üzləri yoxdur. Rusiya tərəfinə də demişik ki, Vardanyan orda olduğu halda onların heç bir müraciətlərinə cavab verəsi deyilik. Getsinlər seçim etsinlər".
R.Musabəyov sülh müqaviləsinin imzalanması perspektivinə də toxunub. Onun sözlərinə görə, ilin sonuna xeyli vaxt var, çox şey baş verə bilər. "Ermənilər bu məsələdə manipulyasiya ilə məşğuldurlar. Məsələn, bir neçə gün əvvəl Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan saziş layihəsində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı hansısa müddəanın daxil edilməsindən danışdı. Birdəfəlik anlamaq lazımdır ki, Azərbaycan Qarabağ ermənilərinin hüquqları, taleyi ilə bağlı heç kəsi - nə Ermənistanı, nə də onu himayə edən dövlətləri yaxına buraxası deyil".
çap et