525.Az

Kaş belə olmayaydı - Əlisəfdər Hüseynov yazır


 

("...və başqaları" silsiləsindən)

Kaş belə olmayaydı - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

ORDA RAHATSINIZMI, BAHADUR MÜƏLLİM?

  

Aktyor Bahadur Əliyevin ailəsində 10 uşaq böyüyürdü...

Mənim öz yazıma bu faktı önə çəkməklə başlamağım bəlkə də sizə qəribə gələcək. Axı əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrlə kimisə təəccübləndirmək ənənəsi  olmayıb. Amma incəsənət sahəsində çalışan, üstəlik, aktyor və ələlxüsus da kino aktyoru kimi heç də taleyi öz əlində olmayan kimsənin ailəsində bu sayda uşağın dünyaya gəlməsi, məncə, nadir, hələ axtarsan, bəlkə də yeganə hadisədir.

On uşaq, üstəgəl, özünün və həyat yoldaşının - on iki nəfərlik ailənin yükünü çəkmək, bu qədər adamın məişət problemlərini həll etmək, övladlarını oxutmaq, ərə vermək, evləndirmək... sizə asan gəlməsin. Bunun üçün ən azından normal qazancın - yaxşı maaşın, əlavə gəlir yerin olmalıdır. Bahadur Əliyev isə karyerasının lap əvvəllərində "Ulduz" filmində yaratdığı Qədir obrazından sonra yalnız epizodik rollara çəkilirdi, yəni əlavə qazancı qəpik-quruş idi. Amma işə bax ki, bəzən bunun uğrunda da çalışmaq, mübarizə aparmaq lazım gəlirdi və Bahadur Əliyev hansısa filmdə maksimum iki-üç cümlə replikası olan bir personajı oynamaq, yaxud hansısa əcnəbi bir filmin dublyajında obrazlardan birini Azərbaycan dilində səsləndirmək üçün əməllicə çalışmalı, tər tökməli olurdu. "Yeddi oğul istərəm" filmində isə Bahadur Əliyevin qəhrəmanı, ümumiyyətlə, ekranda görünməyən, Qan çanağından enməyə hazırlaşan Gəray bəyin dəstəsində "e-he-he he hey!.." nidası ilə xəbərdar funksiyasını yerinə yetirən məchul bir varlıq - cənab "X" idi.

Kim bilir, bəlkə də bu nidanın qazancı on uşaqdan hansınınsa qələminin, kitabının, dəftərinin qiyməti qədərində idi.

Görəsən, o nidanın qonorarına qol çəkəndə Bahadur müəllim hansı hissləri keçirib - hansısa övladının qələm, dəftər ehtiyacını, yaxud evinin kommunal xərclərini ödəmək üçün şans qazandığına sevinib, yoxsa o pulu ürəyi ağrıya-ağrıya alıb?

Ola bilsin ki, mən bir az ifrata varır, boyaları tündləşdirirəm. Bəli, mən də razılaşıram ki, o, qeyri-adi istedada malik aktyor deyildi. Amma öz sənətini sevirdi. Hər kəsin peşəsi, gördüyü iş isə sözün müəyyən mənasında həm də onun dolanışıq yeri, çörək ağacı olmalıdır. Əks təqdirdə sənətə olan məhəbbətin, sədaqətin məchul bir istiqamətə sapıb illüziyaya, fanatizmə çevrilməsi təhlükəsi qaçınmazdır.

Mən yazılarımın birində qeyd etmişdim ki aktyorlar taleləri, karyeraları öz əllərində olmayan zəif insanlardır, yəni özlərini təsdiq etmək, potensiallarına, imkanlarına uyğun şanslarını reallaşdırmaq üçün seçimi onlar özləri etmirlər. Bu seçimi edənlərin zövqləri  məqsədləri isə sırf subyektiv xarakter daşıyır. "Mən səni, sənin istedadını bu boyda, bu qədərdə görürəm" - seçim edənlərin bu sözləri demək hüququ olduğu halda seçilənlərin "Mən filan rolu daha yaxşı oynaya bilərəm və bunu istəyirəm. İcazə verin, imkan yaradın ki, bu istəyimi reallaşdırım" - demək şansı olmur. Seçim edənlərin qərarları isə bəzən aktyorların mənəvi (ardınca da fiziki) iflası, süqutu ilə nəticələnən "məhkumluq sindromuna" gətirib çıxarır.

Mənə elə gəlir ki, Bahadur Əliyevin də sənətdəki, həyatdakı çətinliklərinin bünövrəsində məhz "məhkumluq sindromu" dayanırdı. İş burasındadır ki, kinoda ilk böyük işi - "Ulduz" filmində yaratdığı Qədir obrazı aktyorun böyük uğuru olmaqla yanaşı, həm də başına "bəla" oldu. Atalar yaxşı deyib: "Huy var, dağa qaldırar, huy var, dağdan endirər". Qədir isə Bahadur müəllimi dağa qaldırıb ordan da üzüaşağı yuvaladan "huy" oldu. Halbuki onun ifasında bu şən, sadəlövh, ən başlıcası isə koloritli obraz bütün parametrlərdə aktyora yeni yaradıcılıq uğurları vəd edirdi.

Amma Qədir saydığını saysın, görək rejissorlar nə sayır.

Filmdə him-cimin sehrində məst olub Ulduza elçi göndərən Qədirin "nişanlısının" başqasını sevdiyini biləndə məyus halda gələcək "qayınatasının" evini tərk etdiyi, çölə çıxıb qalstukunu boşaltdığı və pencəyinin döş cibindəki gülü götürüb acı bir təəssüflə yerə atdığı epizodu xatırlayırsınızmı? Kimin ağlına gələrdi ki, o gülün düşdüyü yer həm B.Əliyevin bir aktyor kimi süqutunun - Qədirdən sonra başlayıb aktyoru "...və başqaları" səltənətinə aparacaq yolun başlanğıcı idi?

Amma belə də oldu.

Qədirdən sonra uzun bir sükut dövrü başladı - nə "Mozalan" satirik kinojurnalındakı epizodik rollar, nə ötən əsrin yetmişinci illərində televiziyada yayımlanan "Yumoristik novellalar"da yaratdığı obrazlar, nə də dublyaj sahəsindəki işi həmin  yolda qırmızı işığa çevrilib aktyoru sığortalamadı.

...Mən Bahadur Əliyevi ilk və son dəfə vəfatından bir neçə ay əvvəl metronun "20 Yanvar" stansiyasında görmüşdüm. Platformada dayanıb qatar gözləyirdim. Məndən bir az aralıda bir kişi, ondan 4-5 addım o tərəfdə 3 yeniyetmə oğlan  dayanmışdı. Qəfildən qulağıma tanış səs gəldi - Bahadur müəllimin səsi idi, həmin yeniyetmələri metroda davranış qaydalarına uyuşmayan şit hərəkətlərinə görə tənbeh edirdi. Üzünü mənə tərəf çevirəndə onun 90-cı illərin çətinliklərindən, sıxıntılarından dəyişmiş və əsəbdən qızarmış sifətini gördüm -  həmin o şən, zarafatcıl, rəqs edə-edə oxuyan Qədirdən əsər-əlamət qalmamışdı. Gözlərinə, çöhrəsinə qatı bir kölgə çökmüşdü. Görənlərdən heç kim onun ekranlardan tanıdığı Bahadur Əliyev olmasına inanmazdı. Məncə, onun vəfatının kino tariximizə mistik çalarlı ölüm kimi daxil olmasında bu amilin də müəyyən rolu oldu. Baxın, 2002-ci il sentyabrın 22-də  Sumqayıtda avtobusda ürək tutmasından vəfat edən aktyoru əvvəlcə heç kim tanımır, hətta onu səhvən başqa adam bilib həmin şəxsin evinin qarşısında yas çadırı qurmaq istəyirlər. Sonra...

...Sonra bir müddət cənazəxanada cənab "X" kimi saxlanılan Bahadur Əliyevi axır ki, tanıyan tapılır.

Bu da bir tale idi...

Bu dünyada bəxtiniz gətirmədi, Bahadur müəllim.

Bəs o dünyada necə, rahatsınızmı?

 

EPİZODLAR "KRALI"  

 

"Anqliyskiy indiqo vısşiy!" "Şərikli çörək" filminə baxan tamaşaçılar bazarda yekəpər bir aferistin satdığı pencəyi bu hay-həşirlə reklam etdiyi epizodu yaxşı xatırlayırlar. Ona görə ki, əvvəli təbəssüm, sonu isə göz yaşları ilə bitən bu epizodu yadda saxlamamaq sadəcə mümkün deyil. Təkcə ona görə yox ki, müharibə getdiyi o ağır günlərdə bu yekəpər fırıldaqçı cavan, kasıb və sadəlöhv bir oğlanı aldadıb 850 manatını ələ keçirir. Yox! Bu epizodu tamaşaçıların yaddaşına "mıxlayan" ilk növbədə həmin yekəpərin jestləri, canfəşanlığı, məqsədinə çatmaq üçün çıxardığı hoqqalardır. Hətta onun danışıq tərzində, ləhcəsində belə adamı cəlb edən nə isə var. 1 dəqiqə 20 saniyə davam edən bu epizoda sadəlöhvlüklə fırıldaq, həqiqətlə yalan arasında gedən  intriqa kimi də baxmaq olar. Sadəlövhlüyü o vaxt gənc aktyor olan Əbdül Mahmudov (Şeyx Əbdül) təcəssüm etdirir, riyanı, saxtakarlığı oynayan isə... sizcə, kimdir?

İnanmıram onun kimliyindən kiminsə xəbəri ola, adını, soyadını bilə. Elə isə deyim, bilin: Azərbaycan kinosunda epizodik rollar ustası Əhməd Əhmədov...

Onun ad və soyadına onlarla filmin vikipediyasında rast gələ bilərsiniz. Amma hamısında göy yox, qırmızı rənglə yazılıb. Bu isə o deməkdir ki, internet məkanında bu şəxs haqqında heç bir məlumat yoxdur. Mən onun həyatı, kimliyi, peşəsi ilə təbii ki, maraqlanacam, amma indi yaratdığı bir neçə obraz haqqında mülahizələrimi bildirmək istəyirəm.

Ə.Əhmədovun epizodik rollara belə intensiv çəkilməsinin əsas səbəbi, məncə, onun "tipaj" imici, yəni hansısa qrupu təmsil edən insanlara xas xüsusiyyətləri vizual şəkildə nümayiş etdirmək qabiliyyəti ilə yanaşı, həm də xarakter yaratmaq istedadı idi. Daha doğrusu, o, hansısa xarakteri yarada-yarada onu tipə çevirməyi yaxşı bacarırdı. Elə sözügedən filmdəki fırıldaqçı alverçi də pencəyi elə-belə maraq naminə əlləşdirən təsadüfi adamın əllərinin üstündən vuraraq "Keç, ələ, quşbala!", sonra da əli ilə qarşı tərəfi göstərib "Sürüş o yana" deyəndə xarakterin əsas keyfiyyətlərini - kobudluğunu, potensial alıcı olmayan "quşbalaları" dimdiyindən tanımaq bacarığını nümayiş etdirirdi. Potensial alıcını, daha doğrusu, "hərifi" dərhal tanıyıb alıcı quş kimi qamarlaması, onu yola gətirmək üçün dil tökməsi ("Alə, o boyda Çörçil bundan geyir, bu, hələ fikirləşir") bu təəssüratı daha da zənginləşdirirdi. Qurbanını müflis edəndən sonra yaylığını yelləyə-yelləyə hadisə yerini qalib görkəmdə tərk edəndə isə onun qəhrəmanı artıq özü kimi aferistləri ümumiləşdirən bir tipdir.

Ə.Əhmədov çox təbii bir "oyunçu" idi - zühur edib 2-3 dəqiqədən sonra qeybə çəkilən yaratdığı obrazlar o qədər təbii idilər ki, onların oyun, təqlid yolu ilə yaranmağına inanmağın gəlmirdi, əksinə, elə təəssürat yaranırdı ki, rejissor bu adamları elə həyatın özündən götürüb çəkiliş meydanına gətirib. Aktyorun həmin obrazların gözünə qatdığı kolorit - məhz azərbaycanlı kişilərə xas davranış və danışıq tərzi onların daha dolğun  və inandırıcı olmalarına işləyirdi.

"Alma almaya bənzər" filmindəki Haşım da "Şərikli çörək" filmindəki tip kimi alverçidir. Amma onun alverinin motivləri, bir insan kimi xarakteri həmkarınınkından fərqlidir, hətta mən deyərdim ki, onun əksidir. "Qız yükü duz yüküdür" - deyiblər. Məncə, Əhməd Əhmədov filmdə məhz bu metaforanın doğruluğunu isbat edən bir obraz yaradır. Çiynində 7 qız uşağının yükünü daşısa da, bu yük onun nəcib xarakterini zərrə qədər də zədələyə bilmir. Düzdür, o da alverçidir, hətta bəlkə də müştərləri qiymətdə aldadır, amma bunu 7 qızın "duz" yükü ilə elə tərzdə əlaqələndirir ki, əlini uzadıb ekranın o tərəfindəki Haşıma kömək etmək, onun yükünü azaltmaq istəyirsən. Çarəsizlik və ümid - bu insanın qayğılı üzündə, gözlərində sayrışan kölgələri belə səciyyələndirmək olar və həyat yoldaşı 8-ci uşağı ona oğlan doğanda bu intriqa Haşımın davranışını, danışığını, hətta salam verib salam almağını belə dəyişən  "xoşbəxtlik epiloqu" ilə tamamlanır.

...Bəs Ə.Əhmədovun özü necə, xoşbəxt idimi?

Əhməd Əhmədov - "...və başqalarında" dəfn olunmuş adlardan biri.

Gəlin bu adı heç olmasa biz yadda saxlayaq.

 

 

 

 

 

 





17.02.2023    çap et  çap et