525.Az

"Azərbaycanın müstəqil siyasət yeritməsinə hörmətlə yanaşırıq"


 

"Azərbaycanın müstəqil siyasət yeritməsinə hörmətlə yanaşırıq"<b style="color:red"></b> "Rusiya regionda mövcud olan "status-kvo"nun saxlanmasının yeganə qarantıdır".

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya prezidenti yanında Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, politoloq Fyodor Lukyanov deyib.

Rusiyanın münaqişənin həllində vasitəçi mövqeyini aktivləşdirməsi ilə bağlı sualı cavablandıran politoloq bildirib ki, Rusiyanın indi konfliktin həlli üçün nəsə etməsi gözlənilmir: "Bu münaqişədə Rusiya tərəf deyil.

Tərəflər Azərbaycan və Ermənistan dövlətləridir. Dağlıq Qarabağ ərazisini məcburən tərk etməyə məruz qalan azərbaycanlılar, bir də hazırda həmin ərazidə yaşayan ermənilər var. Belə ziddiyyətli düyün münaqişənin diplomatik yolla həllinə mane olur. Bir müddətdən sonra münaqişənin diplomatik yolla həlli artıq bezikdirici olacaq. Bu zaman Rusiyanın tərəflərlə münasibətdə balansı pozmaq ehtimalı var. Tərəflər arasında qarşılıqlı güzəştlərin olmaması konfliktin həllini qeyri-mümkün edir. Ona görə də Moskva Dağlıq Qarabağ münaqişəsi ətrafında "status-kvo"nun saxlanmasında maraqlıdır".

Politoloq xatırladıb ki, sonuncu dəfə Dmitri Medvedevin prezidentliyi dövründə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik nümayiş etdirib: "İndi isə Putin ayrı-ayrılıqda Azərbaycan və Ermənistanla əlaqələri inkişaf etdirir və ənənəvi xətti - Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyətin saxlanılmasını dəstəkləyir".

F.Lukyanov Qərb ölkələri üçün də bu münaqişənin həllinin prioritet məsələ olmadığını söyləyib: "Qərbin başı çox çətin problemlərə qarışıb - Yaxın Şərq, İraq və Ukrayna. Şükürlər olsun ki, Qarabağ konflikti sadaladığım regionlarda olan konfliktlər kimi qaynar deyil. Qərb ölkələrinin Qarabağ münaqişəsini diplomatik yolla həll etmək cəhdləri isə onların da təcrübəsinin uğursuz olduğunu göstərir. Ona görə də hesab edirəm ki, Qərbin bu günə kimi Dağlıq Qarabağ konfliktinin həllində tutduğu mövqe bundan sonra da dəyişməz olaraq qalacaq".

F.Lukyanov ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasının münaqişənin həlli ilə bağlı 6 elementdən biri olduğu haqda bəyanatını da şərh edib: "ABŞ diplomatlarının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "6 element" açıqlamaları onların rutin diplomatiyasının  tərkib hissədir. Onların səfirləri, xüsusi elçiləri tərəfindən tez-tez bu kimi fikirlər səslənir. Hesab edirəm ki, İrəvandakı ABŞ səfirinin dedikləri də bu qəbildəndir. Altı rayonun qaytarılması, bir rayonun isə verilməməsi, münaqişə zonasında beynəlxalq sülhməramlıların yerləşdirilməsini özündə əks etdirən "6 element"in həyata keçirməsi indi real görünmür. Çünki bütün bunlar üçün beynəlxalq səviyyədə təminat olmalıdır. Lakin indi beynəlxalq aləm daha ağır problemlərlə məşğuldur. ABŞ özü də bu "6 element"in reallıqda həyata keçməsinə inanmır ".

Rusiya-Azərbaycan münasibətlərini şərh edən F.Lukyanov son zamanlar münasibətlərdə daha da istiləşmə müşahidə olunduğunu söyləyib: "Keçən il Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra iki ölkə arasındakı əlaqələr daha da intensivləşdi. Azərbaycanla münasibətlərin intensivləşməsi Rusiyanın postsovet məkanında həyata keçirdiyi inteqrasiya siyasətini özündə əks etdirir. Moskva postsovet məkanında yeni Avrasiya İqtisadi Birliyi layihəsini həyata keçirir. Lakin Azərbaycan hələ ki, bu layihədə iştirak etməyə hazırlaşmır. Rusiya isə Avrasiya İqtisadi Birliyinin çərçivələrini daraltmaq istəmir. Əgər kimsə bu təşkilata qoşulmaq istəmirsə, bu o demək deyil ki, Rusiyanın həmin tərəfdaşları ilə əlaqələri korlanmalıdır. Azərbaycan da Rusiya kimi karbohidrogen ehtiyatları ilə zəngin, regionda iqtisadi və geosiyasi cəhətdən mühüm aktiv rol oynayan ölkədir. Azərbaycan çox vacib geostrateji mövqedə yerləşir və ən əsası bu ölkə müstəqil xarici siyasət yeridir. Prinsipcə Rusiya Avrasiya İqtisadi Birliyi inteqrasiya layihəsini genişləndirməkdə maraqlıdır. Lakin Moskva müstəqil xarici siyasət yeridən, Rusiyanın rəqibi olan ölkələrin və ya təşkilatların diktəsi ilə oturub-durmayan ölkələrə hörmətlə yanaşır. Azərbaycan da həmin ölkələrdən biridir. Rəsmi Bakının müstəqil xarici siyasət yeritməsi Rusiyanın da  maraqlarına uyğundur. Rəsmi Moskva Azərbaycanın mövqeyinə böyük hörmətlə yanaşır və bu ölkə ilə əlaqələrin qorunub saxlanmasında çox maraqlıdır".

Bununla belə, F.Lukyanov Cənubi Qafqazda Rusiyanın müttəfiqinin Ermənistan olduğunu vurğulamağı da unutmayıb: "Bu, göz önündə olan faktdır və heç vaxt dəyişməyəcək.  Lakin bu o demək deyil ki, Rusiya bu iki Cənubi Qafqaz ölkəsi ilə balanslaşdırılmış siyasət yeritmək istəmir".
 





08.07.2014    çap et  çap et