525.Az

"Müharibə vaxtı Rauf neytralı keçib, 2 gün sonra sağ gəlib"


 

"Müharibə vaxtı Rauf neytralı keçib, 2 gün sonra sağ gəlib"<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım igidimiz, Vətən müharibəsinin gənc şəhidlərindən Rauf İlyas oğlu Əliyevdir.

Rauf İlyas oğlu Əliyev 1993-cü il 11 fevralda Şamaxı şəhərində anadan olub. 1999-2008-ci illərdə E.Hüseynov adına 2 saylı Şamaxı şəhər orta məktəbini bitrib. 2008-2012-ci illərdə Sumqayıt musiqi kollecində tar ixtisası üzrə təhsil alıb. 2015-ci ildə İsmayıllı regional mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənt məktəbində tar müəllimi kimi fəliyyət göstərib. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Subay idi.

Şəhid anası Səbinə xanım deyir ki, Rauf uşaqlıqdan çox vətənpərvər, sözəbaxan, ağıllı və qayğıkeş uşaq idi:

"Mənə çox bağlı idi. Bir saniyəsini mənsiz keçirməzdi. Çox mərd, qorxmaz, cəsur idi. Sərbəst, müstəqil böyümüşdü. Nişanlı idi, evi düzəldirdik ki, toy edək. Oğlum şəhid oldu. Daha heç nə istəmirəm. Dövlət gəldi təmir edə, razı olmadım. Neyləyirəm, balamın yoxluğundan sonrakı abadlığı...

Ağcabədidə hərbi xidmətdə olarkən müşahidə kəşfiyyatında manqa komandiri idi. O vaxtı saxlamaq istəyirdilər hərbidə, biz qoymadıq. Çox gözəl alman, rus dillərini bilirdi.

Şəhid olmamışdan qabaq ancaq mənə deyirdi ki, ana, şəhid olsam, nə edərsən? Daima deyirdi ki, general-mayor Polad Həşimov vurulandan sonra daha biz dözə bilmərik. Generalımız şəhid olub, gedib döyüşəcəyik. Heç kimə xəbər etmədən də çıxdı getdi. Çox gərgin idi, qəzəbli idi ermənilərə. Türklər təlimlərə gəlmişdi, deyirdi, türklər gələ bilir,biz gedə bilmərik? Gedəcəyəm, döyüşəcəyəm, lazım gəlsə, öləcəyəm mən də!
Müharibə vaxtı silah-sursat bitibmiş, gedib neytralı keçib, 2 gün sonra sağ gəlib. Hərbçi yoldaşları deyib ki, gör toyunda nə edəcəyik! Deyib ki, yox mən şəhid olacağam. Yaralananda kəlimeyi-şəhadətin deyərək dünyasını dəyişib. (Red. ağlayır)

Balama iki silah vermişdilər, həm snayperi, həm də pulemyotu vardı əlində. Çox məğrur oğul idi. Elə yenilməz idi. Mənə nazirlikdə dedilər ki, gör necə oğlan olub ki Rauf, qız üzüyünü hələ də çıxarmayıb barmağından. O,  nişanlısını çox sevirdi, nəfəsi canı kimi bağlı idi, həmişə ona dəstək idi.

Bütün Şamaxı camaatı Raufun şəhid olmağını bilirmiş, ancaq biz bilməmişik. Günlərdir evimiz adamlarla aşıb-daşırdı. Ancaq bir qonşum var, o gəlib oturdu, sonra əmisi oğlugil gəldilər, dedilər ki, Raufla danışmısınız? Dedim, bəli... Balamı vuran an hiss etmişdim, elə bil mənim ciyərim yanırdı. Bildim ki, balam şəhadətə qovuşdu... Onun üçün bütün kənd ağlayırdı... İnanın, bütün Qobustan camaatı gəlmişdi. Heyif balam, yazıq balam. Elə bilirəm balam gələcək, pəncərəni döyəcək ki, ana, mən sağalıb gəlmişəm... Hər an elə bilirəm balam dönəcək... Mən onun yoxluğuna dözə bilmirəm... (Red. ağlayır)

Mən fəxr edirəm ki, mənim oğlum şəhid olub! Onun qanı yerdə qalmadı. 1992-1993-cü illərdəki şəhidlərimizin də qanı alındı. Mən bütün şəhidlərimizlə fəxr edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Şəhid Rauf  İlyas oğlu Əliyevin adına xatirə lövhəsi, Rəşid Behbudov adına Musiqi məktəbində barelyef qoyulub, digər orta məktəblərdə isə adına sinif otaqları  var. Eyni zamanda Şamaxı şəhərində adına küçə var.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rauf Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rauf Əliyev sentyabrın 30-da Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Vətən uğrunda",  "Laçının azad olunmasına görə"  və ları ilə təltif edilib.
 
Ruhun şad olsun, igid qardaşım!


 

 





08.02.2023    çap et  çap et