525.Az

"Ermənilər girovlara deyirdilər ki, sizin hamınızı qıracağıq"


 

"Ermənilər girovlara deyirdilər ki, sizin hamınızı qıracağıq"<b style="color:red"></b>

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Rusiyanın 366-cı alayının hərbçilərinin iştirakı ilə törətdiyi Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və ən qanlı səhifəsi olmaqla yanaşı, bəşəriyyət üçün qara ləkədir. Bu, erməni millətçilərinin və onların havadarlarının son 200 il ərzində Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi, amma həm də ən amansızı, ən dəhşətlisi idi. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə xalqa müraciətində qeyd edib: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Soyqırımdan bir neçə gün sonra hadisə yerinə gələn xarici media nümayəndələri gördüklərindən şok yaşamışdılar. Müasir zamanda, 20-ci əsrdə belə miqyasda cinayət, qətliam necə törədilə bilərdi? Hətta insanların meyitlərini belə təhqir etmişdilər.

Ermənilər havadarlarının dəstəyi ilə 1988-ci ildən yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar. "Böyük Ermənistan" adlı sərsəm ideyanı reallaşdırmaq cəhdi ərazilərimizin işğalı, şəhər və kəndlərimizin dağılması, on minlərə günahsız insanın ölümü, 1 milyona yaxın azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Xocalı şəhərini isə həm yerlə-yeksan etdilər, həm də dinc əhalini soyqırıma məruz qoydular. Erməni vəhşilərinin 31 il əvvəl törətdikləri Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla və ağır işgəncələrlə qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. 487 nəfər yaralandı, onların 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 dinc sakin girov götürüldü, onların 150 nəfərinin taleyi indi də məlum deyil.

Xocalı şəhəri 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsildi və yeganə nəqliyyat vasitəsi vertolyot qaldı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də endi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlak olmasından sonra isə bu əlaqə də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Fevralın ikinci yarısından başlayaraq Xocalını erməni silahlı dəstələri mühasirəyə aldı və hər gün atəşə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlandı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalı üç istiqamətdən hücuma məruz qaldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur oldu. Lakin Naxçıvanlı kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsildi, insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanlı düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi.  Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi, hər yer cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olundu. Meyitlərin baş dərisinin soyulması, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edildi. Həmin dövrdə dünyanın bir sıra aparıcı telekanalları, "The Times", "The Guardian" qəzetləri, "Reuters", "BBC" agentlikləri Xocalıda xüsusi qəddarlıqla törədilən insanlığa qarşı cinayətlər barədə məlumat yaydılar. "Memorial" İnsan Hüquqları Mərkəzinin, "Human Rights Watch" təşkilatının hesabatlarında Xocalıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli cinayətlər barədə məlumatlar öz əksini tapdı.

Xocalı sakinləri öz ifadələrində bu dəhşətləri daha ətraflı təsvir ediblər.

1992-ci il fevral ayının 25-də girov götürülən, 28-də azad edilən Göyçək Abbasovanın dediklərindən: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə, təxminən saat 23:00 radələrində iki uşağım və qaynım Süleyman Abbasovla birlikdə evdə idik. Qəflətən atışma başladı, şəhər hər tərəfdən atəşə tutuldu. Süleyman bayıra çıxıb, 5-10 dəqiqədən sonra qayıdaraq ermənilərin şəhəri mühasirəyə aldığını və uşaqları götürüb tez evdən çıxmağın lazım olduğunu dedi. Uşaqları götürüb şəhər orta məktəbinin binasına getdik. Əhali bir-birinə qarışmış, qadınlar, uşaqlar qışqırır, atəş səsləri isə güclənirdi. Şəhər əhalisi hər tərəfdən mərkəzə sıxışdırılırdı. Tanklar, zirehli döyüş maşını, piyadaların döyüş maşını (PDM) və üzərində zenit-raket kompleksləri quraşdırılmış digər hərbi texnika dayanmadan atəş yağdırırdı. Şəhərə yalnız Ermənistan hərbçiləri deyil, həm də ruslar hücum edirdi. Ruslar açıq şəkildə öz dillərində danışırdılar. Təxminən gecə saat 02:00 radələrində məktəbin ətrafına yığışanlar da şəhəri tərk etməyə başladılar". G.Abbasovanın olduğu dəstə şəhərin aşağı tərəfindən asfalt və dəmir yolunu keçərək ermənilərin yaşadığı Kətik kəndi istiqamətində meşəyə girir. Dağlıq ərazidə xeyli yuxarı qalxdıqdan sonra sol tərəfə, Ağdam şəhəri istiqamətində getməyə başlayırlar. Onlar meşədən baxarkən Xocalı şəhərinin hər tərəfindən alov qalxdığının şahidi olublar. İşıq düşdükcə ətrafa qaçan adamların atəş nəticəsində yerə sərildiyi görünürdü. Naxçıvanlı kəndinin aşağı tərəfi istiqamətində meşədən çıxmaq istəyirmişlər ki, qəflətən hər tərəfdən atəşə tutulublar. Təxminən 50-60 silahlı erməni onlara yaxınlaşaraq girov götürüb və onlarla getməyi tələb ediblər. Girovların arasında 13 qadın da olub. Onları Əsgəran rayonuna aparıb 12 metr uzunluğu olan zirzəmiyə salıb, iki gün ac-susuz saxlayıb, qadınların başına hər cür oyunlar gətiriblər. Yalnız uşaqlara acından ölməmək üçün bir parça çörək və neftli vedrədə su verirmişlər. Ayın 28-də onları buraxacaqlarını deyərək, Ağdam istiqamətindəki posta gətirib, azad ediblər. Ancaq aralarında olan 3 nəfər gənc gəlini buraxmayıblar. Onlardan birinin adı Elza imiş. Ermənilər girovlara deyirmişlər ki, sizin hamınızı qıracağıq.

1973-cü ildə Xocalı şəhərində doğulmuş Elşad Ağayev 26 fevral 1992-ci il tarixdə girov götürülüb, 28 fevral 1992-ci ildə azad edilib. Onun sözlərinə görə,  Ermənistan hərbçiləri tərəfindən girov götürülərkən sinif yoldaşı Səadət Hüseynova körpə uşağı ilə birlikdə qətlə yetirilib. Əsgəran Milis şöbəsində saxlanılarkən yanğından mühafizə şöbəsinin rəisi Karo Petrosyan, Vladik və digər ermənilər tərəfindən vəhşicəsinə döyülüb, ağır işgəncələrə məruz qalıb: "Orada Məmməd kişini və onun iki oğlunu kameradan çıxarıb naməlum istiqamətdə aparmışlar. Bir müddət sonra Fəxrəddin adlı girovu da apardılar. Fəxrəddin kameraya qayıtdıqdan sonra ermənilərin Məmməd kişinin və oğlanlarının başlarını kəsdiklərini və azərbaycanlı əsirlərə dəfn etdirdiklərini dedi. Sonradan Fəxrəddin adlı əsirin özünü yenidən naməlum istiqamətdə apardılar və bir daha geri qayıtmadı".

Elşad Ağayev, Nəsib və Zülfü adlı əsirlər saxlanıldıqları kameranın nəfəsliyindən görüblər ki, Karo və digər ermənilər dəhlizdə Əzizov Hüseyn Nəriman oğlunu döyür, ağır işgəncələr verirlər. O, bütün al qanın içində imiş. Ermənilər Hüseyni yerə yıxıb, başına mərminin boş gilizi və digər dəmir parçaları ilə 40-dan çox zərbə endirərək, onu vəhşicəsinə qətlə yetiriblər. Bu hadisədən sonra Elşad Ağayevi və Mobil Abışovı Karonun otağına gətiriblər. Otaqda onları dəmir, taxta parçaları ilə vəhşicəsinə döyüb, ağır zərbələr endirərək Mobil Abışovu da qətlə yetiriblər. E.Ağayev 28 fevral 1992-ci il tarixdə girovluqdan azad edilib... 

Hazırda 20-yə yaxın dövlətin qanunvericilik orqanı, ABŞ-nin 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda törədilmiş qətliamı tanıyan və pisləyən qətnamə və qərarlar qəbul edib. Amma daha çox ölkə, beynəlxalq təşkilat bu cinayət soyqırımı kimi tanınmalı, ona lazımi siyasi və hüquqi qiymət verməli günahkarlar mühakimə edilməlidir. Bunu həm də beynəlxalq hüquq tələb edir. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.

 

 





20.02.2023    çap et  çap et