525.Az

"Elgizlə izlə"diklərimiz - Sevda Sultanova yazır


 

"Elgizlə izlə"diklərimiz - <b style="color:red"> Sevda Sultanova yazır</b>

ARB kanalında həftə içi hər gün yayımlanan "Elgizlə izlə" sosial media və mətbuatda tez-tez tənqid edilən proqramlardandır. Sosial yönümlü "Elgizlə izlə" müxtəlif ailə-məişət münasibətlərini çözməyə, ailə qurmaq istəyənlərin arzularını reallaşdırmağa çalışır, problemli ər-arvad münasibətlərini birbaşa canlı efirdə araşdırır. Belə bir miks sosial proqramın mərkəzi fiquru, verilişin aparıcısı Elgiz Əkbərdir. Hərçənd, Elgiz Əkbər gündəmə daha çox qalmaqallarla gəlir. Onun ARB kanalında vaxtilə yer alan, aparıcısı olduğu "Səhər-səhər" verilişində, qonaq qismində verilişə çağırılan Azərbaycan Uşaqlar Birliyinin nümayəndəsi Vasif Akifli ilə mübahisəsi olmuşdu. Aparıcı Vasif Akiflinin ünvanına xoşagəlməz ifadə işlətmiş, nəticədə qonaq studiyanı tərk eləmişdi. Hadisədən sonra telekanal rəhbərliyi onu verilişin aparıcılığından uzaqlaşdırmışdı. Müxtəlif vaxtlarda Elgiz Əkbərin meyxanaçı Namiq Məna, müğənnilər Sevda Yəhyayeva, Nigar Şabanova ilə münaqişəsi baş verib.

Proqramın adı Elgiz Əkbərlə bağlı olsa da, Pərvanə Tahirqızı da aparıcı qismində onun tərəfdaşıdır. 

Doğrusu, "Elgizlə izlə"nin daimi tamaşaçısı deyiləm, lakin verilişin qalmaqala səbəb olan bəzi hissələrini izləmişəm. Yazımın mövzusuyla bağlı, obyektivliyi itirməyim deyə, bir neçə gün ərzində sözügedən proqramın bəzi buraxılışlarına baxdım. İzlədiklərim kifayət etdi ki, layihə haqda ümumi bir fikir formalaşsın. Gəldiyim qənaət budur ki, "Elgizlə izlə"nin konsepsiyası, yuxarıda dediyim kimi, fərdlərin çətin münasibətlərini, sosial problemlərini araşdırıb həll etmək, vətəndaşları evləndirməkdən ibarət olsa da, ümumi xəttini dedi-qodu manerasında rəylər, dəvət olunan mütəxəssislərin analizə söykənməyən məhdud fikirləri, qeybətdən zövq alan məhəllə qadınları səviyyəsində söhbətlər təşkil eləyir. Hətta yutubda yerləşdirilən verilişin şərh bölümündə bir tamaşaçı yazmışdı ki, burada baş verən hadisələrin yüngüllüyü sayəsində o, stress atır. Bu isə yaradıcı heyətin sosial problemlərin həllindən çox, problem üzərində əyləncə mənasında bir şou qurmaq, tamaşaçı toplamaq niyyətini açıq bəyan eləyir. Elə "Elgizlə izlə"ni populyarlaşdıran, çox baxış sayı toplaması problemlər barədə yüngül söhbətlər, aparıcıların və dəvət olunan ekspertlərin skandallara rəvac verməsidir.

Teleproqramda başqa bir xətt də diqqəti çəkir. Problemi olan iştirakçıların şəxsiyyətinə həm ekspertlərin, həm aparıcıların bir növ alçaltma intonasiyasında yanaşmasını nəzərdə tuturam. Bir neçə il əvvəl sosial mediada verilişin müzakirəyə səbəb olmuş bir buraxılışı haqda yazmışdım.  Heç yadımdan çıxmaz, həmin buraxılışda aparıcı Pərvanə Tahirqızının qeyri-etik davranışı sözün əsl mənasında mənə emosional şok yaşatmışdı. Rayonlardan birində tövlədə yaşayan çoxuşaqlı ailə studiyaya dəvət olunmuşdu,  aparıcılar ekspertlərlə birgə ailənin taleyini, onlara necə köməklik göstərə biləcəklərini müzakirə edirdilər. Lakin müzakirə hərlənib-fırlanıb nəzərdə tutulan məqsədindən kənara çıxdı. Aparıcılar ekspertlərlə birgə ailəyə dəhşətlə baxır, onların fiziki-əqli keyfiyyətlərini tədqiq-təhqir eləyirdi. Onlar çox rahatlıqla, ictimai müzakirədə bu ailə haqda əlilliyi olan şəxslər kimi hökm çıxarır, düşündüklərini etik senzuradan keçirmədən köməksiz, çarəsiz insanların üzünə aqressiya, ittiham, hikkə və nifrətlə çırpırdılar. Bu azmış kimi, ailəni uşaqların iştirakı ilə heyvandan aşağı statusa qoyur ("hətta heyvanlar sizin kimi çirkli şəraitdə yaşamaz"), təkidlə niyə "psixoloji problemli, xəstə" uşaq dünyaya gətirdiklərini soruşur, ananın hamiləliyini müzakirə edirlər. Psixoloji basqıdan karıxan qadıncığaz nə deyəcəyini bilmir, suallara cavab verərkən ağlayırdı. Ən dramatik epizodlarından biri Pərvanə Tahirqızının üzündə qəddar, sinik ifadə ilə ataya müraciəti oldu. Aparıcı əlini başına apararaq (yəni sənin də başın xarabdır - S.S.) "sizdə də problem var" soruşdu, ardınca da "cəmiyyətə xəstə uşaqlar lazım deyil, cəmiyyətə sağlam uşaqlar lazımdır" kimi hökm verdi. Onun fikirləri istər-istəməz nasist ideologiyasının əsaslandığı irqi gigiyena konsepsiyasını yada salırdı. Bu konsepsiyaya görə, içki düşkünləri, əqli inkişaf məhdudiyyətli şəxslər, irqi xəstəlik daşıyıcısı olanlar natamam fərd hesab edilir, onların məhvi, ya sterilzasiyası məqbul sayılırdı. Pərvanə Tahirqızının efirdən aydın görünən savad potensialını nəzərə alsaq, sözügedən konsepsiyadan xəbərsiz olduğunu deyə bilərik. Amma bütün hallarda aparıcının dünyagörüşündən qaynaqlanan, bu ideologiyaya yaxın qeyri-sağlam fikirləri dəstəklədiyi aydın görünürdü. Təəssüfləndirən məqam, böyük bir auditoriya qarşısında ictimai müzakirə açan şəxslərin məsuliyyətsizliyidir. Ən azı bu adamlar məlumatsızdırlar ki, əlilliyi olan şəxsləri "xəstə" adlandırmaq etik sayılmır və dövlət, qeyri-dövlət sektorları tərəfindən onların cəmiyyətə inteqrasiyasını, sosial iştirakını aktivləşdirən layihələr həyata keçirilir.

Analoji yanaşma "Elgizlə izlə"nin digər verilişlərində də nəzərə çarpır. Məsələn, əlilliyi olan gənc şəxs verilişə evlənmək məqsədilə müraciət edir. Xanımlar ondan gələn təkliflərə "yox" deyəndən sonra, gənc növbəti dəfə başqa qadınlara elçi düşür, eyni hədiyyəni gətirir, hər qadına şeir həsr eləyir və aşiq olduğunu deyir. Ekspertlər (həkimlər, psixoloqlar) də daxil olmaqda aparıcılar bundan ötrü hər cür şəraiti yaradır, gülüşür və gülüşlərində ələsalma, ciddiyə almamaq eyhamları sezilir. Elgiz Əkbər isə "sən şeirindən bir dənə de, bəlkə, ürəyi yumşala" kimi ifadələrlə məzhəkəni daha parlaq etməyə çalışır və gəncin yanındaca nevroloqdan rahatlıqla onun psixoloji problemi olub-olmadığı haqda rəy alır. Nevroloq isə həkim etikasını pozaraq aparıcının sualına etiraz etmək əvəzinə, yenə eyni rahatlıqla sualı cavablandırır.

Yaxud başqa bir buraxılışda iki uşaq anası, ərindən boşanmış bir qadınla evlənmək üçün studiyaya gənc bir kişi daxil olur. O, qadını efirdə bir dəfə görməklə xasiyyətinə bələd olduğundan və sevdiyindən əmindir. Studiyadakı tamaşaçılar, ekspertlər yenə də rahatlıqla kişinin zahiri görkəmini müzakirəyə qoyaraq, onun qadına yaraşmadığını deyərək, çirkin olduğuna dair eyhamlar və açıq fikirlər səsləndirdilər. Sadaladığımız nümunələrdə növbəti dəfə verilişdə nasizm ideologiyasına xas nüanslar üzə çıxır.

Məsələnin absurd tərəfi "cəmiyyətə xəstə uşaqlar lazım deyil" deyən aparıcı Pərvanə Tahirqızının qadının (onun fikrincə, qadın bədən dili ilə ona elçi düşmüş kişiyə aqressiya və hörmətsizlik göstərirdi) kişiyə qarşı etik davranmadığına görə irad tutmasıydı: "Hər insana hörmət etmək lazımdır".

Bütün baş verənlərdə özünü ən abırlı aparan, mənəvi dəyərlərinin yüksək olduğunu göstərən elə zahiri keyfiyyətləri müzakirə olunan kişi idi. O, bütün veriliş boyu susdu və sonda bir cümlə ilə məsələnin bu qədər uzadılmasına sakitcə etirazını bildirdi: "Əgər xanım məni bəyənmirsə, onu incitməyək".

Statistik məlumatlara əsasən, ölkəmizdə ildən-ilə boşanmaların sayı artır və bu fakt ailə institutunda ciddi boşluğun olduğunu göstərir. "Elgizlə izlə" kimi proqramlar isə bu boşluğu daha da dərinləşdirir, ailə institutuna və dəyərlərinə qeyri-ciddi yanaşma ilə onu nüfuzdan salır.

Misalçün, evlənmək üçün verilişə gələn Samir adlı kişiyə görə gənc bir qadın studiyaya zəng vurur. Samir qadının ev şəraitini, işləyib-işləmədiyini öyrənəndən sonra "boşanmış qadınla evlənmirəm, ailəm icazə vermir" bəhanəsiylə təklifdən imtina eləyir. Aydın məsələdir ki, qadın haqda zəruri informasiyaları öyrənəndən sonra, onun sosial statusu, maddi imkanı kişini qane etmədiyindən o, imtina qərarını verdi. Belə vəziyyətlər verilişdə çoxdur və bu halda hansı ciddi, sağlam dəyərlər üzərində qurulacaq ailədən danışmaq olar?!

Aparıcıların müstəntiq kimi davranması da bizim efirlərdə çoxdan yayılan tendensiyadır. Hərçənd elə verilişlər var ki, formatına, konsepsiyasına uyğun olaraq aparıcının müstəntiq statusundakı rolu normaldır. Lakin bu hal "Elgizlə izlə"yə aid deyil. Bir dəfə verilişə ailə münasibətlərində çətinlik yaşayan ər-arvad gəlir. Qadın ərini onu döyməkdə ittiham eləsə də, kişi qadının düz danışmadığını iddia edir. Özünü müstəntiq rolunda görən Pərvanə Tahirqızı səsini ucaldaraq kişiyə emosional, psixoloji şiddət göstərir: "Ay qardaş, ay yoldaş, suallarıma niyə cavab vermirsiz". Bu tip verilişlərdə aparıcıların funksiyası, hansı rolu oynaması dəqiqləşməlidir: yəni onlar hər iştirakçıya təmkinli, anlayışlı münasibət göstərərək problemi araşdırmalıdırlar, yoxsa konfliktli vəziyyətlərdə bir aparıcı hakim, digər aparıcı isə vəkil qismində çıxış etməlidir. Əks halda qarışıq, xaotik, anlaşılmaz situasiya yaranır.      

"Elgizlə izlə"nin daimi ekspertlərindən biri, hərçənd indi artıq efirdə görünməyən vəkil Şəfiqə Nağıyeva isə elə maraqlı personadır ki, gərək onun haqqında ayrıca söhbət açasan. Şəfiqə Nağıyeva bu veriliş sayəsində məşhurlaşıb, hikkəsi, sərtliyi, açıq fikirləri, çətin xarakteri, nihilizmi ilə xeyli qalmaqal yaradıb və verilişə reytinq gətirib. Onun ritorikası, davranışı iştirakçılara qeyri-etik münasibəti, insanların şəxsi həyatına müdaxiləsi, özünü ekspertdən çox mütləq hökm verən hakim kimi aparması ilə seçilir. Şəfiqə Nağıyevanın fikrincə, hamı onun düşüncə tərzini bölüşməli, onun normaları, dəyərləri, dünyagörüşü ilə ayaqlaşmalıdır. Misalçün, bir qadınla mübahisəsi zamanı o, vətəndaş nikahına etirazını dözülməz bir aqressiya ilə bildirir. Yaxud özündən yaşca böyük olan qadına elçi gələn oğlanı "anan yaşında arvadı alacaqsan" fikriylə ittiham edərkən emosional sərhədlərini itirir.  Peşəsi insan hüquqlarının müdafiəçisi olan xanım bunu həmin yaşlı qadının iştirakıyla deyir və insanların şəxsi fikirlərinə hörmətsizliyi bir yana, alternativ düşüncələrin mövcudluğunu qəbul eləmək istəmir.

Elə bu davamlı qalmaqalların nəticəsində də Şəfiqə Nağıyeva "Elgizlə izlə"ni birdəfəlik tərk elədi. Səbəb, Şəfiqə Nağıyevanın verilişin iştirakçılarından birinə aqressiyası, həmin şəxsin isə cavab olaraq vəkil xanımın şəxsi həyatı haqda səsləndirdiyi bəzi fikirlər idi. Başqa cür desək, sözügedən skandal zamanı ağlayaraq studiyadan çıxan Şəfiqə Nağıyevanın insanlara göstərdiyi etikadankənar davranış bumeranq kimi özünə qayıtdı.

Ayrı-ayrı vaxtlarda Audiovizual Şura telekanallarla bağlı keçirdiyi monitorinqdə qanun pozuntuları ilə bağlı qərarlar verir. Bununla belə, mövcud vəziyyət birtərəfli mövqe tutan, qeyri-peşəkar aparıcılar, ictimai rəyi çaşdıran, səthi düşünən ekspertlərlə, efirdən insanın şəxsiyyətini əlillik əlamətinə, zahiri görkəminə görə alçaldan, fərdlərin sosial statusu səbəbindən ayrı-seçkilik edən teleproqramlarla bağlı daha sərt qərarlar verilməsi zərurətini ortaya çıxarır.

 





20.02.2023    çap et  çap et