525.Az

Sevgi, yoxsa sayğı? - Aytac Sahəd yazır


 

Sevgi, yoxsa sayğı? - <b style="color:red"> Aytac Sahəd yazır</b>

Zaman-zaman insan həyatında bir çox şey dəyişir: istəklərimiz, xəyallarımız, dünyaya baxışımız, həyat qarşısında duruşumuz və daha nələr-nələr... Bir də ehtiyaclarımız. Beş yaşında xoşbəxt edən oyuncaqdan 40 yaşında da eyni sevinci gözləmək absurd olduğu kimi insan münasibətlərində də gözləntilər dəyişir. Bu dəyişikliyi ən çox sevgi və hörmət sərhəddində hiss edirəm həmişə. Tək özümdən yox, özümdən yaşca böyük insanlardan eşitdiklərim mənə bunu deməyə əsas verir. Bir yerdən sonra möhkəm münasibətlər üçün sevgi bəs etmir, sayğının yeri görünür. Bəlkə, buna görədir ki, insanlar yaş artdıqca qalstuka, "müəllim" sözünə belə düşkün olurlar. Əlbəttə, burada toplumun təsiri, komplekslər də öz sözünü deyir. Yaxud da bu, heç yaşla bağlı olmur, kiminsə əzəldən xarakteri bu cür olur.

Uşaqlığımızın tozlu səhifələrində adını "xala" və "xanım" deyə yazdıqlarımız var. "Xala" dediklərimizdən sevgi, "xanım" dediklərimizdə hörmətin izləri görünür. Əlbəttə, məcburiyyətdən yox, səmimi, qəlbdən gələn xitabları nəzərdə tuturam. Hə, zorla "müəllim", "cənab" sözünü dedizdirənlər də olur. Onlar da bir ayrı dərddir.

İsi Məlikzadənin qəhrəmanı Dadaşovun da dediyi bu sözlər bu mövzuda demək istədiyim bir çox sözü əvəz edir:

"Mən çəkməçiyəm. Yırtıq ayaqqabılara yamaq vururam. Vaqona minəndən sonra ürəyimdən keçdi ki, özümü böyük adam kimi aparım. O kişi var ha, - Fətulla - o elədi. Boy-buxunuma, bazburtuma baxıb, familiyamı soruşdu. Adımı yox ha, familiyamı... Başa düşdüm ki, məni vəzifəli, ixtiyarlı adam hesab eləyir. Başa düşdüm ki, bu kişi böyük adamlara qulluq göstərmək üçün əldən-ayaqdan gedir. Başladım onu buyurmağa..."

Bəli, böyük adamlara qulluq etmək üçün əldən-ayaqdan gedən adamlar olduğu müddətcə hörməti yalanla satın alan adamlar da həmişə olacaq. Əlbəttə, burda söhbət həqiqi hörmətdən yox, zahiri, saxta hörmətdən gedir.

Bəlkə elə insanlar həm də ona gö

rə qocaldıqca hörmətə düşkün olurlar ki, övladlarına "yaxşı familiya" miras qoymaq, yoxluğunda da sevdiklərinin yanında olmaq istəyirlər.

Həyatın elə mərhələsi də var ki, orada bütün işin özünlə olur. Nə kiminsə hörmətini, nə də hörmətsizliyini özünə dərd eləyirsən, bütün suallar da, cavablar da özündə olur. Bu mərhələ kamillik olsa, gərək ki. Amma çoxumuz o pilləyə çatmadan, sıravi insan xisləti ilə yaşayırıq.

İnsan da ki, eqoist varlıqdır, bir sevginin işığına bir ömrü çətin yola verə bilə. Dəli Məcnunun da Leylidən imtinası var axı.

Sevginin daima təsdiqə ehtiyacı var, hörmət isə aşağı-yuxarı eyni qaydalara söykənən düsturdur. Elə ki kimdən sevgi, kimdən hörmət gözləməli olduğunu anladın, yaşamaq da asanlaşır. Niyəsini bilmirəm, son vaxtlar mən də sevgidən çox sayğı gəzirəm. Məncə, sayğı sevginin ən son şəklidir. Həm də ən gözəl şəkli.

 

 





20.02.2023    çap et  çap et