525.Az

Videooyunlardan asılılığın fəsadları


 

Videooyunlardan asılılığın fəsadları<b style="color:red"></b>

Bu gün uşaqların təxminən üçdə biri videooyunlara gündə bir və ya iki saat vaxt sərf edir. 6 faiz yeniyetmə istifadəçi isə bu fəaliyyətə o qədər çox vaxt ayırır ki, məktəbdə dərslərdən geri qalmaq problemi yaşayır. Oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə edilir. Virtual oyunlardan asılılıq yarananda insan onu digər maraqlardan və gündəlik fəaliyyətdən üstün tuturlar. Oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm də mütəmadi yarana bilər.

Videooyunlardan asılılığın zərərli olduğu, uzun müddət kompyuter oyunları oynayan insanlarda bunun vərdişə çevrildiyi barədə dəfələrlə yazılsa da, videooyunlara aludə insanların sayı günü-gündən artır. Videooyunların mobil versiyalarının tətbiqi, internetin əlçatanlığı isə bu sayı daha da artırır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib.  ÜST-ün məlumatına görə, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib. Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq.

Mütəxəssislər hesab edirlər ki, videooyunlardan asılılıq insanlarda fiziki aktivliyi azaldır, onu real həyatdan, cəmiyyətdən uzaqlaşdırır, aqressivliyə, davranış pozğunluğuna gətirib çıxarır. Videooyunlara aludəçilik həmçinin, yeniyetmələrdə fikir dağınıqlığına, dərslərə marağın azalmasına səbəb olur.

Psixoloq Vəfa Əkbərin sözlərinə görə, internet və videooyun asılılığı dövrümüzün ən böyük psixoloji problemlərindəndir. Bu asılılığa isə ən çox yeniyetmə və gənclər arasında təsadüf olunur. Çünki o yaş dövründə istəkləri, maraqları nəzarətdə saxlamaq bir az çətin olur. Daha çox internet, videooyun asılılığı bir sıra problemlər yaradır: "Həmin insanlarda davranış pozğunluğu, reallığı qəbul etməmək problemi, vaxtı boşuna sərf etmək vərdişi yaranır. Belə şəxslər öz davranışlarında da idarəetməni itirirlər. Onlarda aktivlik azalır, yuxu, qida problemi yaranır - ya çox yeyir, ya da qidadan tamamilə imtina edirlər. Beləliklə də psixoloji və fiziki asılılıq başlayır. Bu asılılıq nikotin, narkotik və alkoqol vasitələrdən asılılığa bənzəyir. Baxmayaraq ki, burada heç bir kimyəvi təsir yoxdur. Bu, psixoloji asılılıqdır. Yeniyetmələrdə bu vərdişin yaranmasına səbəb həmyaşıdları ilə ünsiyyətdə olmamalarıdır. Ünsiyyətə girməyən, asosial və özünəqapanıq uşaqlar internetdən, videooyunlardan asılı olurlar. Belə insanlar virtual həyatda özlərini daha komfortlu hiss edirlər".

Vəfa Əkbər deyir ki, yeniyetməyə təzə telefon və kompüter alındıqda ilk bir ayda onların bu smart cihazlara marağı və həvəsi çox güclü olur. Bir aydan sonra bu maraq keçməzsə, onda asılılığın ikinci mərhələsi başlayır. Yeniyetmə artıq videooyunlara 2-3 saat, bəzən isə daha artıq vaxt ayırır. Real dünyadan uzaqlaşıb sırf virtual həyata qapanma onun inkişafına, həyata marağının azalmasına səbəb olur. Tədricən onun davranışlarında emosional gərginlik, neqativ reaksiyalar müşahidə edilir. Növbəti, üçüncü mərhələdə yeniyetmə özünə nəzarəti itirməyə başlayır. Çox emosional olmaqla yanaşı, tez həyəcanlanır, yüksək səslə danışır, valideynlərinə qarşı kobud davranış nümayiş etdirərək aqresiv olur. Onlar dərslərə, oxumağa maraq göstərmir, fikir dağınıqlığından, özünü ifadə etməkdə çətinlik çəkirlər. Əhval-ruhiyyəsi tez-tez dəyişir. Ən ağır, klinik asılılıq zamanı isə yetiyetmə vaxtının 16-18 saatını videooyun oynamaqla keçirir. Bu zaman onlarda inpulsivlik itir, isterik davranışlar, özünəqapanma kimi hallar müşahidə olunur".

Psixoloq bildirib ki, videooyun asılılığından əziyyət çəkən yeniyetmələrdə oyun proseslərinə (məsələn, başlanğıc, tezlik, intensivlik, müddət, sonlandırma, kontekst) nəzarət edə bilməmək halları yaranır. Oyunlara bağlılıq səbəbindən insanın digər maraqları və gündəlik fəaliyyətlərinin arxa plana keçməsi, neqativ nəticələrin üzə çıxması və oyunlara ciddi aludəçilik kimi psixi pozuntular müşahidə edilir.

Vəfa Əkbərin dediyinə görə, yeniyetmələrin maraq göstərdiyi videooyunlara valideynlər tərəfindən ciddi nəzarət olunmalıdır: "Valideynlər övladlarının hansı oyunları oynadıqlarına mütləq şəkildə nəzarət etməlidir. Videooyunların mənfi təsirləri barədə uşaqlara məlumat verilməlidir. Mümkün qədər çox ünsiyyətdə olmaq, söhbətləşmək, onlarla daha çox vaxt keçirmək lazımdır. Uşağın boş vaxtını səmərəli şəkildə dəyərləndirilməlidir ki, o da videooyunlara maraq göstərməsin. Yox əgər yeniyetmədə videooyun alidəçiliyi varsa, valideyn çalışmalıdır ki, tənqid etmədən, cəzalandırmadan övladını oyun asılılığından xilas etsin".

Psixoloq Elnur Rüstəmov bildirir ki, internetdən asılılığı olan insanlar arasında bu gün psixoloji dəstək alan, eləcə də xəstəxana şəraitində müalicə olunanlar da var: "Azərbaycanda da elə insanlar var ki, internet olmayan yerlərdə özlərini çox narahat hiss edirlər. Hətta internet olmayan yerlərə getmirlər. Videooyunlardan asılılıq da narahatçılıq yaradacaq həddədir. Problem ondadır ki, bu oyunlar insan psixikasına təsir edən bir missiyanı həyata keçirdirlər.  Elə oyunlar var ki, dini, milli, irqi ayrıseçkilik salır, intihara sürükləyir, aqressivlik yaradır. Bu da stresə, gərginliyə səbəb olur, hətta ailədə münasibətlərin pozulmasına belə gətirib çıxardır. Ailə üzvləri arasında ünsiyyət azalır. Ailədə valideyn övladından, onun problemlərindən bixəbər qalır. Bu gün uşaqların, yeniyetmələrin videooyunlara asılılığı da narahatlıq yaradacaq səviyyədədir".

Yeniyetmələrin videooyunlardan asılılığı valideynləri də narahat edən əsas problemlərdəndir. Valideyn Nuranə Əsgərovanın sözlərinə görə, övladı videooyun aludəçisidir. Oyun oynamasa dayana bilmir. Dəfələrlə videooyunlara baxmağı ona qadağan etmələrinə, hətta cəzalandırmalarına baxmayaraq, oynu bu zərərli vərdişdən uzaqlaşdıra bilməyiblər: "Dəfələrlə onun söhbət etmişik, başa salmağa çalışmışıq ki, videooyun oynamaq zərərlidir, insan psixologiyasına mənfi təsir edir. Ancaq bir nəticə olmayıb. Videooyunlara o qədər aludə olub ki, ətrafda baş verənlərə heç bir reaksiya vermir. İnsanlarla dialoqdan yayınır, özünə qapanır. Onda diqqətsizlik və fikir dağınıqlığı yaranıb. Bəzən elə bil özündə olmur, başqa bir aləmdədir. Onun bu oyun aludəçiliyi valideyn olaraq məni çox narahat edir. Bütün fikri oyunda olduğu üçün dərslərini də  oxumur. Kitab üzü açmır, dərs oxumağa meyl göstərmir. Bütün fikri, diqqəti oyundadır. Daim yeni oyunlar axtarıb tapıb oynayır. Müxtəlif üsullardan, psixoloq dəstəyindən də istifadə etmişik. Övladım videooyun aludəçisi olduğu üçün cəhdlərimiz heç bir nəticə verməyib. Bir müddət oyun oynamağı dayandırsa da, çox keçmədən yenidən başlayıb".

Təhsil eksperti Nadir İsrafilov deyir ki, uşaqların oynadığı videooyunlara valideynlər tərəfindən ciddi nəzarət olunmalıdır: "Bu gün valideynlər də etiraf edir ki, uşaqları internetdən, smartfonlardan tam olaraq uzaq tutmaq mümkün deyil. Ona görə də, uşaqlara günün müxtəlif vatxlarında az müddətdə mobil telefonda oyun oynamağa icazə verilə bilər. Amma nəzərə almaq lazımdır ki, uşaq internetdən ona zərərli olan oyunlara daxil olub oynaya bilər. Bununla da zərərli informasiya ala bilər. Vitual məkan, həm də uşaqlar üçün bir  təhlükə mənbəyidir. Ona görə də, valideyn özü evdə olduğu zaman, nəzarət altında uşağa internetdən istifadə etməyə imkan verməlidir. Həmçinin valideynlər uşaqlara internetdə onları gözləyən təhlükələr barədə danışmalı, onlara bu və ya digər hallarda necə davranmağı izah etməlidirlər. Bunun üçün valideynlərin və müəllimlərin sərəncamında müasir texnologiyalar var. İnformasiyanın "filtrləşdirilməsi", müəyyən kontentin qarşısını almaq və uşaqların internetdə olma vaxtını məhdudlaşdırmağa imkan verən xüsusi proqramlar mövcuddur".

Sevinc QARAYEVA

 

 





20.02.2023    çap et  çap et