525.Az

Möcüzəylə qurtulub möcüzə yaradanlar - Şahanə Müşfiq yazır


 

VƏ YA DAĞINTILAR ALTINDAN ÇIXAN GƏLƏCƏK

Möcüzəylə qurtulub möcüzə yaradanlar - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Ümid etmək... Çətinliklərlə, əzablarla, göz yaşıyla dolu bu dünyaya var gücümüzlə sarılmağımızın, yorulub "oyundan qaçmamağımızın", usanıb "yelkənləri endirməməyimizin" bəlkə də ən önəmli səbəbidir. Görəsən, ən çətin, ən dözülməz anda belə qəlbimizə dolan, bizi həyata sarılmağa məcbur edən o ümid, o işıq olmasa bu dünyanın halı necə olardı?!

Bir də ümidlərimizi hər zaman diri tutan, ummadığımız anda cücərməsinə rəvac verən, gözümüzün yaşına günəş doğduran hadisələr var ki, kimimiz ona "möcüzə", kimimiz "Allahın təqdiri" deyirik.

İnsan tələfatına səbəb olan əsas təbii fəlakətlərdən biri zəlzələdir. Hətta ən dəhşətli zəlzələlərdə, təbii fəlakətlərdə belə insanların ümidlərini ölməyə qoymayan isə şübhəsiz, tarix boyunca dəhşətli fəlakətlərdən qurtulan uşaqlar və onların parlaq gələcəyidir. Böyüyəndən sonra istedadları, uğurları ilə hər kəsin sevgisini qazanan bir çox məşhur var ki, onlar da zamanında üzərilərinə çökən dağıntılar altından möcüzəvi bir şəkildə qurtulmuşdular.

Məsələn, Böyük Kanto zəlzələsində cəmi 13 yaşı olan Akira Kurosava sonradan Yaponiyanın və dünyanın böyük kinorejissoruna, ssenaristinə çevrildi. Həmin zəlzələdə gördüklərini, yaşadıqlarını isə sonralar "Qurbağa yağı satıcısı" adlı kitabında qələmə aldı.

17 avqust 1999-cu ildə Türkiyədə baş verən Gölcük zəlzələsində anasını və atasını itirən 16 yaşlı Ece Dizdar onu övladlığa götürərək qol-qanad gərən aktrisa Hatice Aslan sayəsində indi təkcə öz ölkəsində deyil, sərhədlərdən kənarda da tanınan aktrisadır.

Bir çox serial və filmlərdə rol alan gənc aktrisa Gizem Güvən isə həmin zəlzələ zamanı 5 yaşında idi. Altında qaldığı dağıntılardan ailəsiylə birlikdə qurtulan aktrisa Kahramanmaraş zəlzələsiylə bağlı yazdığı statusla o zaman yaşadıqlarını və indiki kədərini dilə gətirdi.

Sözügedən zəlzələnin ən körpə möcüzələrindən biri isə 9 aylıq Kərəm idi. İndi Türk Milli Komandasında forma geyinən, Qalatasaraylı məşhur futbolçu Kərəm Aktürkoğlu 17 avqust 1999-cu ildə İzmitdə meydana gələn zəlzələdə cəmi 9 aylıq idi. Bələdiyyə başqanı babası tərəfindən altında qaldığı dağıntılardan sağ-salamat qurtulan körpə bu gün artıq dünyaca məşhur futbolçudur. Zamanında zəlzələ fəlakətini yaşayan Aktürkoğlu Kahramanmaraş zəlzələsində Qalatasaray heyətiylə birlikdə köməyə qatıldı, önəmli miqdarda maddi dəstək göstərdi.

Dünyaca məşhur çexiyalı model Petra Nemkova isə 2004-cü il 26 dekabrda Hind okeanında meydana gələn 9.1 ballıq zəlzələ və sonrasında yaşanan sunami fəlakətinə məruz qalmışdı. O dövrdə 25 yaşı olan model zəlzələdə sevgilisini itirmiş, özü də bir ağaca sarılaraq təsadüf nəticəsində sağ qalmışdı. Sonradan təbii fəlakət qurbanlarına dəstək üçün "All Hands and Hearts" adlı yardım dərnəyinin qurucularından oldu.

17 yaşlı Hasancan Keleş 2020-ci il 20 oktyabr zəlzələsi zamanı Bornovadakı məktəbdə idi. 116 nəfərin, o cümlədən, ən yaxın dostu Arda Baran Dəmirin öldüyü zəlzələdən sağ qurtulan gənc oğlan keçirdiyi ağır günlərə baxmayaraq, həyata sarıldı və ali məktəb imtahanına daha qərarlı bir şəkildə hazırlaşmağa başladı. Bu sayədə universitet imtahanında ən yüksək bal yığaraq Türkiyədə 174-cü oldu. Hasancan xəyalının Boğaziçi Universitetində Komputer Mühəndisliyini qazanaraq süni zəka sayəsində zəlzələnin öncədən xəbər verilməsiylə bağlı işlər görmək olduğunu bildirmişdi.

Fevralın 6-sı gecə Türkiyədə baş verən və bütün dünyanı sarsıdan o faciəvi zəlzələdə də ümidimizi üzməməyə, dəhşətə qapılmamağımıza səbəb olan möcüzələr də ard-arda yaşandı. Dağıntılar altından qurtulan 2 yaşlı Məhəmməd (44 saat), 20 günlük Kərəm (60 saat), 6 yaşlı Fatma, 8 yaşlı Zibeydə (60 saat), 5 yaşlı Hazal (72 saat), 9 yaşlı Zeynəb (80 saat), 2 aylıq körpələr (50, 107 və 128-ci saatlarda), 10 günlük Yağız Ulaş (90 saat), 13 yaşlı İkranur (137 saat), 7 aylıq Həmzə (140 saat), 6 yaşlı Miray (178 saat), 4 yaşlı Cəmilə (227 saat), 13 yaşlı Mustafa (229 saat), 14 yaşlı Osman (260 saat) və daha neçə onlarca körpə can zəlzələnin möcüzələri, gələcəyə ümid oldular.

Eləcə də Adıyamandakı evləri ciddi zərər görən və həyat yoldaşı, iki uşağıyla birgə Muşa gedən Semra Toptaşın 3 həftə tez gələrək fevralın 10-da doğulan üçüncü övladı Asya bəbək də möcüzənin bir adı oldu.

Bütün bunlar bəlkə də həyatın biz bilmədiyimiz, ancaq bu cür möcüzələr sayəsində hiss etdiyimiz bir düzənidir. Təbii fəlakətlər ağılalmaz acılar, dözülməz kədərlər yaşatsa da, bu cür fövqəladə qurtuluşlar gələcəyə olan ümidləri ölməyə qoymur. "Atəş düşdüyü yeri yandırar" deyə bir söz var. Qardaş Türkiyəyə düşən bu atəş bizim də ürəyimizi yandırdı. Amma inanırıq ki, bu zəlzələdən qurtulan körpə fidanlar gələcəyin möhtəşəm çiçəklərinə çevrilərək Türkiyəmizin bugünkü acılarını unutmasında az da olsa təsəlli olacaqlar. 

 

 

 

 

 





20.02.2023    çap et  çap et