525.Az

Gürcüstan Qərbə qarşı


 

Gürcüstan Qərbə qarşı<b style="color:red"></b>

"Gürcü arzusu" partiyasından ayrılaraq "Xalqın gücü" qrupunda birləşən bir qrup deputat  parlamentdəki çoxluğun dəstəyi ilə "Xarici təsirin şəffaflığı haqqında" adlı qanun qəbul etmək istəyir. Bu qanun layihəsi Rusiyada qəbul olunmuş "Xarici agentlər haqqında" qanunun eynisidir.  "Xalq gücü" qrupunun doqquz üzvü "Gürcü arzusu" partiyasından ayrılmalarını yeganə bir missiya, Qərbi ucadan və ürəkdən söymək üçün tərk etdiklərini bildirmişdilər. İndi isə onlar Rusiyanın qərbyönümlü ictimai-siyasi fəallara qarşı cəza mexanizminə çevirdiyi "Xarici agentlər haqqında" qanunun eynisinin Gürcüstanda qəbuluna çalışırlar. Rusiyada olduğu kimi, Gürüstanda da bu qanun media və qeyri-hökumət təşkilatlarına qarşı yönəlib. Məqsəd medianın və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaqdır. Qanun layihəsində xarici ölkələrdən maliyyə alan KİV və qeyri-hökumət təşkilatlarının "xarici təsir agenti" kimi qeydiyyata alınması təklif edilir.

Qanunvericilik təşəbbüsünə əsasən, bütün qeyri-kommersiya hüquqi şəxsləri, o cümlədən, qeyri-hökumət təşkilatları, əgər onların illik gəlirlərinin 20 faizindən çoxu "xarici dövlətdən" alınan maliyyədirsə, agent kimi tanınmalıdır. "Xalq gücü" xarici agentləri Gürcüstanda hər şeyin qeydiyyatdan keçdiyi Dövlət Reyestrinin Milli Agentliyində qeydiyyatdan keçirməyi təklif edirlər. Qeydiyyatdan imtina edildiyi təqdirdə Gürcüstan üçün iri məbləğ hesab olunacaq həcmdə - 9400 dollar dəyərində cərimə təklifi irəli sürülür.

Üçüncü prezident Mixail Saakaşvilimi həbsdən azad etməkdən və ölkə xaricində müalicə almasına izn verməkdən imtina edən "Gürcü arzusu" iqtidarının Qərblə münasibətləri kəskinləşib. Əgər, "Xarici təsirin şəffaflığı haqqında" adlı qanun layihəsi qəbul olunsa, bu, Gürcüstanla Qərb arasında münasibətləri ciddi şəkildə zədələnəcək. Üstəlik, son zamanlar Gürcüstanın adı Rusiyaya sanksiyalardan yayınmaqda yardım etməkdə hallanır.

Gürcüstan hökumətinin təmsilçiləri, hakim "Gürcü arzusu" partiyasının liderləri Qərb dövlətlərinin və strukturlarının ünvanına kəskin tənqid səsləndirməkdən çəkinmirlər.

Avropa Parlamentinin "Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyət haqqında" qəbul etdiyi qətnaməni "Gürcü arzusu"nun baş katibi, Tbilisinin meri Kaxa Kaladze heç bir dəyəri olmayan kağız adlandırmışdı. "Gürcü arzusu"nun deputatları isə Avropa Parlamentinin ünvanına daha ağır ifadələr işlədirlər.

Avropa Parlamenti Gürcüstanın keçmiş baş naziri, "Gürcü arzusu" partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqinə çağırır. Avropalı parlamentarlar hesab edirlər ki, Saakaşvilinin həbsdə saxlanılması oliqarx Bidzina İvanişvilinin şəxsi intiqamının nəticəsidir.

Bütün bunlar Gürcüstanla Qərb arasında münasibətləri gərginləşdirsə də, rəsmi Tbilisi Avropaya qarşı mövqelərini sərtləşirir. Proses belə davam edəcəyi halda Gürcüstan rəsmilərinə qarşı sanksiyalar qaçılmaz olacaq. 

 





21.02.2023    çap et  çap et