Bu il 59-cu dəfə keçirilən Münhen Təhlükəsizlik Konfransı bir sıra vacib məqamlarla yadda qaldı. Ümumilikdə bu tədbiri Azərbaycan üçün uğurlu qiymətləndirmək olar. Konfransda iştirak edən Prezident İlham Əliyev keçirdiyi yüksək səviyyəli görüşlərdə, eyni zamanda, dəyirmi masa və plenar iclasdakı çıxışlarında Azərbaycanın bir çox vacib məsələlərdəki mövqeyini, xüsusən Ermənistanla normallaşma prosesindəki vəziyyəti diqqətə çatdırdı. Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasda dövlət başçısı Ermənistan və onun havadarı Fransanın artıq arxivə atılmış Minsk qrupunu yenidən canlandırmaq niyyətinə də toxunub.
Sitat: "Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil. Ola bilsin, yalnız kağız üzərində mövcuddur. 28 il ərzində heç bir nəticə verməmiş Minsk qrupunun sabiq həmsədrlərinin vəziyyətə təsir göstərmək üçün hələ də bəzi vasitələri var. Buna görə də bizim Birləşmiş Ştatlar, Rusiya və indi həm də Avropa İttifaqı tərəfindən təşkil edilən platformamız var".
Prezident deyib ki, Fransa hökumətinin birtərəfli ermənipərəst mövqeyi səbəbindən o, artıq orada yoxdur: "Bu da aydındır, sən vasitəçisənsə, kiminsə tərəfini saxlaya bilməzsən. Siz kiminsə tərəfini saxlamağınızı nümayiş etdirə bilməzsiniz".
Azərbaycan ATƏT-in görməli olduğu işi özü döyüş meydanında gördü, 30 illik işğala son verdi. İndi isə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində ATƏT-in görəcəyi bir iş qalmayıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və növbəti məsələlər isə iki ölkə arasında birbaşa müzakirə edilərək yoluna qoyulmalıdır.
Dövlət başçısı daha bir vacib məqama da diqqət çəkərək, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduğunu xatırladıb: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən, mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib".
Azərbaycan normallaşma prosesində öz mövqeyini açıq şəkildə ortaya qoyub, qarşı tərəf isə yenə də prosesi uzatmağa cəhdlər edir. Konfrans çərçivəsində Ermənistan baş nazirinin növbəti sayıqlamaları da bunu bir daha sübut edir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva mövzu ilə bağlı deyib ki, bu il keçirilən konfransda 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən xeyli sayda hökumət nümayəndələri iştirak edib. Onun sözlərinə görə, ən vacib məqamlarından biri Münhen Təhlükəsizlik Konfransının çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasın keçirilməsidir: "Prezident İlham Əliyevin dediyi kimi bu tarixi görüşdür. Çünki Cənubi Qafqazın üç ölkəsinin lideri ilk dəfədir ki, görüşür. Plenar iclasda dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini ifadə etdi. Cənab Prezident plenar iclasda Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb etdi. Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi. Biz xatırlayırıq ki, 2020-ci ilin fevral ayında Münhendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debatda Nikol Paşinyan dövlətimizin başçısının arqumentləri, səlis məntiqi qarşısında aciz qalmışdı. Həmin debatdan bir neçə ay sonra Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Budəfəki panel iclasında da cənab Prezident əsaslı arqumentlər və faktlarla erməni tərəfini susdurdu. Torpaqlarımızı BMT Nizamnaməsinin 51-ci fəslinə əsasən azad etdiyimizi deyən dövlətimizin başçısı vurğulayıb: "Biz də bu haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz "İsgəndər" raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi".
Panel iclasında Prezident İlham Əliyev Qarabağın erməni əhalisi ilə təmasların yalnız bu torpaqda doğulmuş ermənilərlə olacağını bəyan etdi. Kənardan göndərilmiş hansısa erməni ilə heç vaxt ünsiyyət qurulmayacaq. ABŞ-ın dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində isə ölkəmizin başçısı Qarabağ haqqında hər hansısa müddəanın olmasının qəbuledilməz olduğunu, sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinin vacibliyini şərt kimi diqqətə çatdırdı: "Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımız şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi. Bütövlükdə, Münhen Təhlükəsizlik Konfransı bir daha Azərbaycanın növbəti diplomatik uğuru oldu".
çap et