525.Az

Dilimizi necə dəyişdirməli... - Orxan Aras yazır


 

Dilimizi necə dəyişdirməli... - <b style="color:red"> Orxan Aras yazır</b>

Naşir Şahbaz Xuduoğlu, "dilimizi Türkiyə türkcəsi ilə dəyişək" fikri ilə gündəmə gələndə elə bir hay-küy yarandı ki, sanki dilimiz dərhal itəcək. Fikir azadlığı, məsələnin elmi tərəfi, gələcək nəsillərin ana dili ilə bağlı problemləri, məktəblərdəki təhsil sistemi, "Tarqovı"da, bulvarda gəzənlərin az qala yarısının rusca danışması bir kənara atıldı və Şahbaz bəyin sözləri təhqirlərlə cavablandırılmağa başladı. Hətta sözlə "şapalaq" atanlar, onu "satqın elan edənlər" də oldu. Kaş ki bu döyüşkən ana dili könüllülərini ana dilimiz məktəblərdə, küçələrdə, məclislərdə döyülərkən də görə bilək!

Əvvəla hər hansı ləhcənin və ya dilin yox ola bilməyəcəyini  bir neçə misalla göstərmək istərdim. 1850-ci illərdə bütün almanların danışacağı və təhsil sistemində istifadə ediləcəyi rəsmi alman dili müəyyən olundu. Bütün almanların "yüksək alman dili" olaraq adlandırdıqları Hamburq almancasında təhsil aldılar. Bütün kitablar, qəzet və jurnallar da bu dildə yazıldı. Radio və televiziyalar 24 saat bu dildə yayımlanır. Buna baxmayaraq, Almaniyanın harasına getsəm, almanların öz aralarında doğma ləhcələrində danışdıqlarının şahidi olmuşam. İkinci nümunə Türkiyədəndir... Hamının bildiyi kimi, Məmməd Aslanın təbirincə desək, bizim Azərbaycan türkcəmiz ta "Ərzurumun gədiyinə varana" qədər, hətta Malatyada da danışılır. Hamımız Türkiyədə böyüyüb təhsil alsaq da, harada rastlaşsaq, dərhal anamızdan öyrəndiyimiz ləhcə ilə danışmağa başlayırıq. Qarsdakı tərəkəmələrlə və onların kəndlərində danışın, sanki Qazaxdan olduqları hissinə qapılacaqsınız.

Amma dili inkişaf etdirməsən, "bir neçə yüz kəlmə mənə kifayətdir", desən, gənclər səni dinləməyəcək və fikirlərini ifadə etmək üçün başqa dildən yeni sözlər işlədəcəklər. Bu da çox təbiidir.

Zənnimcə, Azərbaycanda "bizim dilimiz daha yaxşıdır, Türkiyənin türkcəsi dəhşətlidir, dilimizi korlayacaq" deyənlərin bir çoxunun başqa niyyətləri var və biz bunu çox gözəl anlayırıq. Türkiyədə bəzi nadanlar Azərbaycana düşmən münasibət bəslədikləri kimi, Azərbaycanda da Türkiyə və türk düşmənləri olmamış deyil. Onların "qayğısı" dilimizin qorunması və inkişafı deyil. Elələrinin fikrincə, gənclərin rus və ya başqa dildə danışması fərq etməz. Amma türk seriallarından əzbərlədikləri bir neçə sözü tələffüz etsələr, qiyamət qopar.

Dilin gözəlliyi gözəllik yarışmasındakı kimi deyil. Hər kəsin anasından öyrəndiyi dil, melodiya, layla onlara gözəl gəlir. Ona görə də "bizim dilimiz daha yaxşıdır, ortaq türkcəmiz bizim dil olsun" demək də boş iddiadır. Dilin zənginliyi həm o ölkədə yaşayan insanların, həm də həmin ölkənin gələcəyinin birinci problemidir.

İsmayıl Qaspıralı, Zərdabi, Sabir, Əli bəy Hüseynzadə kimi ziyalılar, Almaniyada olduğu kimi, Azərbaycanda və digər türk bölgələrində ortaq və ya rəsmi türkcə yaratmaq üçün səylər göstərmişlər. 1950-ci illərin ortalarında demək olar ki, ümumi bir ədəbi dil yaranmağa başlamışdı. Köhnə kitabları oxuyanda bunu görürük. Lakin Stalinin türkoloqu professor Millerin təyinatı ilə türk ölkələrində dil məsələsi tamam başqa istiqamətə keçdi. Təbii ki, Azərbaycan ziyalıları Stalinin və onun alimlərinin (!) məqsədlərinin nə olduğunu bilirdilər və ona görə də ana dilini qorumaq instinkti ilə çox mühafizəkar davranırdılar. Onlar ana dili üçün yüzlərlə şeir, çoxlu romanlar yazıb, onu gözləri kimi qorumağa çalışıblar. Amma bütün bunlar ruscanın Azərbaycan dilinə təzyiqinin qarşısını ala bilmədi. Dil sabit qaldı və inkişaf etmədi. Halbuki dil canlı orqanizmdir. Kaşğarlı Mahmud 11-ci yüzildə səkkiz min üz yüz sözdən ibarət "Divani-luğat-it Türk" adlı əsərini yazarkən, İngiltərədə ingilis dilinin lüğət ehtiyatı beş min sözə belə çatmırdı. İndi ingilis dili bir milyon sözü keçib və ya keçmək üzrədir. Azərbaycanda elm adamları, ziyalılar 90-100 min həddində olan söz sayına baxıb "bu yolda nə edə bilərik" sualını verməkdənsə, "dovşan"ı "v" hərfi ilə, yoxsa "v"sızmı yazaq" deyə mübahisəyə girirlər. Mübarizə aparmağa davam edin,  gənclər isə inkişaf etməyə imkan vermədiyiniz dil əvəzinə, ingilis sözlərini əzbərləsinlər. Çünki siz hələ də "Şah İsmayılın, Molla Pənahın dili bizə bəsdir" deməklə rahatlığa qapılırsınız.

Türkiyə türkcəsində dəyişiklik və inkişaf, bəzi türk düşmənlərinin iddia etdiyi kimi, erməni əsilli Aqopla başlamadı. Türk dilinin inkişafı, dəyişməsi və saflaşmasının da alman dili kimi, 150 illik bir hekayəsi var. Atatürk siyasətdə və hərbi sahədə uğurlu olduğu kimi, elmdə də bir o qədər həssas idi. Almaniyadan gətirdiyi yəhudi əsilli alimlərlə türk təhsil sistemini inkişaf etdirdi. Əsl adı Haqop Martayan olan Aqop Dilaçar Türkiyə vətəndaşlığı olan alim idi. O, səkkiz dil bilirdi və Atatürklə işləməzdən çox əvvəl Sofiya şəhərində əski türkcə və uyğur türkcəsindən mühazirələr oxumuşdu. Demək istəyirəm ki, o, dil üzrə mütəxəssis idi və yalnız, "türkcənin inkişafı ilə bağlı nə edilə bilər" araşdırmalarında iştirak etmişdi. Bu mövzuda nə qədər faydalı olduğu mübahisəlidir. Erməni əsilli olduğu üçün "türk dilini dəyişdi" kimi boş söz-söhbətləri nifrətlə dilə gətirməyə belə dəyməz. Hələ Türkiyə Cümhuriyyəti qurulmamışdan çox əvvəl, Osmanlı İmperatorluğu dövründə - 1860-cı illərdə qəzetlər nəşr olunmağa başlayanda xalqın anlaya biləcəyi bir dilə qovuşmaq zərurəti yaranmışdı. Yəni Türkiyə türkcəsinin saflaşması və inkişafı 160 illik bir tarixə malikdir. Zamanla dil Atatürkdən sonra inkişaf edərək zənginləşməyə başladı. Bu gün, Türk Dil Qurumunun son məlumatına əsasən, lüğətdəki kəlmə sayına görə, türk dilində 616 min 767 söz var. Atatürkün türkcəyə ən böyük töhfəsi ona dinamizm gətirməsidir. İndi də yeni ixtiraların türkcə qarşılığı var və xalqın dilindədir. Məsələn, kompüter, mesaj, printer, süni intellekt kimi tərcümə olunan yeni sözlər: "bilgisayar, ileti, yazıcı, yapay zeka" indi hər bir gəncin işlətdiyi təmiz türk sözləridir. 

Bu yazıda təkcə elmi müşahidələrimi deyil, həm də öz müşahidələrimi çatdırmaq və  nə qədər vacib bir müzakirənin içində olduğumuzu xatırlatmaq istərdim. Bütün tanışlarım Azərbaycandan Türkiyəyə gələn alimlər şeirdən, ədəbiyyatdan danışanda onları başa düşdüklərini, elmi dildən istifadə edəndə isə başa düşmədiklərini bildirdilər. Çünki Azərbaycanın ədəbi dili türk dilində, elmi dili isə sanki rus dilindədir. Bunu niyə inkar edirik? Hətta rəsmi sənədlərdə də rus dilindən gələn ifadələr üstünlük təşkil edir. Sadə bir misal verim. Yusuf Gədikli Azərbaycanda doktorluq dissertasiyası hazırlayarkən mənə bir kağız verdi: "Bunları tərcümə etməkdə mənə kömək edə bilərsən?" dedi. Kağızda belə yazılmışdı: "Kadrlar uçotunun şəxsi vərəqəsi. Dissertasiya mövzusu, stenoqramma, rəsmi opponentlərin rəyi, avtoreferata verilən rəylər..." İndi onların türkcə tərcüməsinə baxaq: "İşyerindeki kişisel kayıt, Savunulacak tezin mevzusu veya konusu, Kayda alan, Karşıt görüşlerin oyu veya reyi, tezin özeti..."

İndi hamımız əlimizi vicdanımızın üstünə qoyub düşünək. Biri: "Bu sözləri dəyişək, əgər türkcəsi dilimizə uyğundursa, bunları da alaq" desə, ana dilinə xəyanətmi edər? Bu hər bir ağlı başında olan insanın iddiası və arzusudur. Otuz ildir ki, dilimiz yağır oldu təkrarlamaqdan. Deyirik ki, aramızda böyük əngəllər yaradan bu rus sözlərinin yerinə, türkcəsi varsa götürək, dil bir-birinə yaxınlaşsa, təhsil arasındakı böyük fərqlər aradan qalxar, kitablar iki ölkədə də oxuna bilər. Türk düşmənlərinin problemi "bağdan üzüm yemək deyil, bağbanı  döymək"dir. Bu, əksəri cahil və qərəzli insanların yazdıqlarını oxuyanda gözlərimə inana bilmirəm. Türkcənin kobudluğundan başlamış ağlına gələn hər cəfəngiyyatı ortaya  atırlar. Bugünkü türkcənin zənginliyini və riyazi quruluşunu görmək istəyənlər internetdə qırxdan çox dil bilən holland filoloq Yohan Vandevallın (Johan Vandewalle) videolarına baxa bilərlər. Dalaşmaq, bir-birimizi günahlandırmaq əvəzinə, 1900-cü illərdə əcdadlarımızın irəli sürdüyü ortaq türk dili  məsələsini gənclərimizə çatdırmalı və öz dillərinə uyğun yeni türk sözlərini əzbərləyərək onları bu ortaqlığı inkişaf etdirməyə təşviq etməliyik. Düşünürəm ki, bu bizim həm ana dilimizə, həm də əcdadlarımıza ən böyük borcumuzdur. Beləliklə, həm mütaliə dünyamız, həm də ürəyimiz daha da genişlənəcək.

 

 





21.02.2023    çap et  çap et