525.Az

Azərbaycançılıq - keçmişimizi gələcəyimizə bağlayan universal dəyərlər sistemi


 

Azərbaycançılıq - keçmişimizi gələcəyimizə bağlayan universal dəyərlər sistemi<b style="color:red"></b>

Müstəqil dövlətin yaranması, formalaşması üçün zəruri olan amillərdən biri də həmin dövlətin ərazisində məskunlaşmış xalqın və ya xalqların vahid ideologiya ətrafında birləşməsi, bu ideologiyanın əsaslarını özləri üçün qəbul etmələridir. Vahid, mərkəzləşdirilmiş dövlətin yaranması üçün bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki hər hansı siyasi-ictimai və ya təbiət hadisəsinin müəyyən zaman kəsiyində, insanlar bir yerə toplaşırsa, fərdin enerjisi kütlənin, bəzən də millətin enerjisinə çevrilə bilirsə, səbəb kimi ortada olan faktorun aradan qalxması bu birliyin pozulmaması və ardıcıl inkişaf üçün müəyyən ideologiyanın mütləqliyini ehtiva edir. Bu baxımdan Ulu öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi, onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu.

Millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür: "Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir".

Millət vəkili  bildirib ki, Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu ümummilli ideoloji təmələ çevirməsidir: "Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi zaman dövrün mövcud reallıqları çərçivəsində xaricdəki azərbaycanlı diasporunun təşəkkül tapmasına mümkün dəstəyi göstərirdi. Əminliklə qeyd etmək olar ki, bu nəcib arzu bu gün uğurla həyata keçməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında, dövlət siyasətinin bütün sahələrində olduğu kimi, azərbaycanlıq, azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi istiqamətində ardıcıl addımlar atılır".

Tamam Cəfərovanın dediyinə görə, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin əzmlə davam və inkişaf etdirməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Eyni zamanda, müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə Azərbaycanın dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirib.

Millət vəkili, professor Musa Qasımlı bildirib ki, azərbaycançılıq ideologiyası millətimizin tarixi keçmişi və bu günü ilə sıx bağlıdır: "Xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir. Ona görə də azərbaycançılıq ilk növbədə ailədən, uşaq bağçasından, məktəbdən və cəmiyyətdən gəlməlidir. Rəhmətlik Mirzə Cəlil yazırdı ki, millətin gələcəyi anaların əlindədir. Azərbaycançılıq təkcə şüar olaraq deyil, məzmun və mahiyyətinə görə dərsliklərimizdə hakim olmalıdır. Fikrimcə, azərbaycançılıq bu və ya başqa səviyyədə təhsil müəssisələrində, KİV-də təbliğ edilir. Lakin onun təkmilləşdirilməsinə ciddi ehtiyac olduğu qənaətindəyəm. Azərbaycançılığın daha geniş təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyəti böyükdür. Hesab edirəm ki, azərbaycançılıq təkcə vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi və təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı yönəldimiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır".

Millət vəkilinin dediyinə görə, azərbaycançılıq ideyasının təbliği dövlətçilik və vətənpərvərlik kimi təməl ideyalara söykənir: "Dövlətçilik təməl ideyasına əsasən Azərbaycan ərazisində yaşayan insanların vahid dövləti var. Həmin vahid dövlət də Azərbaycan Respublikasıdır. Həmin dövlətin vətəndaşları irqindən, dinindən, siyasi baxışından asılı olmayaraq, vahid ideyaya - Azərbaycan dövlətinin qorunması, saxlanılması ideyasına qulluq etməlidir. Dövlətçilik təməl ideyasına da dəstək verən ikinci təməl ideya vətənpərvərlikdir. Azərbaycan ərazisində yaşayan hər bir kəs Azərbaycan bayrağına, gerbinə, himninə, konstitusiyasına hörmət etməlidir".

Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, azərbaycançılığın milli ideya və ideologiyanın vəhdəti kimi inkişafında mühüm rol oynayan Ulu öndər Heydər Əliyevin parlaq azərbaycanlı obrazında cəsarətlilik, təşəbbüskarlıq, yorulmazlıq, mərdlik, dəyanətlilik, uzaqgörənlik, hadisələri qabaqlamaq məharəti, dövlətə, xalqa sədaqət, milli mənafeyi uca tutmaq kimi keyfiyyətlər ümumiləşib. Eyni zamanda, Heydər Əliyevin şəxsiyyətində milli-mənəvi dəyərlərlə bəşəri dəyərlər qovuşub. Heydər Əliyev şəxsiyyəti bu mənada nəsillərə nümunə obrazını formalaşdırıb. Məhz Heydər Əliyev kimi böyük insanların şəxsiyyətində yaranmış obraza görə Azərbaycan xalqının milli - mənəvi dəyərləri bəşər mədəniyyətinin bir tərkib hissəsinə çevrilir. Beləliklə, müasir dövrdə milli - mənəvi dəyərləri özündə birləşdirən azərbaycanlı obrazı bəşər mədəniyyətinin ən yaxşı ənənələrini mənimsəməklə öz şəxsiyyətinin bütövlüyünü və tamlığını nümayiş etdirməyə qadir olur".

Millət vəkili Hikmət Babaoğlu deyir ki, azərbaycançılıq hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir. Azərbaycançılıq ideologiyası Ümummilli Lider Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda, azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir hadisədir: "Azərbaycançılıq ideologiyası ilə bağlı Ulu öndər bir neçə dəfə danışıb və onu izah edərkən çox mühüm məsələlərə toxunub. Əgər biz bunu konkret olaraq siyasi, elmi nöqteyi-nəzərdən formalaşdırmağa çalışsaq, deyə bilərik ki, azərbaycançılıq ideologiyası Azərbaycanın milli neokonservatizmidir. Nekonservatizm - konservatizm və liberalizmin birləşməsidir. Yəni mühafizəkarlıq, üstəgəl, müasirlik və liberallıq azərbaycançılıq ideologiyasına bərabərdir. Ona görə də bütün bunlar cəmiyyətimizin çox rəngli etno və sosial palitrası tərəfindən qəbul olunur. Azərbaycanda yaşayan hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməklə həm də onu zənginləşdirmək üçün fəaliyyət göstərir".

İsgəndər HƏSƏNOV

 





21.02.2023    çap et  çap et