- Bəxtiyar müəllim, son illər cəmiyyətin, eləcə də, parlamentin, onun müvafiq komitələrinin ən çox gündəmində, müzakirəsində olan məsələlərdən biri toy və yas mərasimlərinin tənzimlənməsi məsələsidir. Müəyyən bir kəsimi çıxmaq şərti ilə, böyük əksəriyyət bu məsələnin qanunla tənzimlənməsinin, yəni, bütün əndazələri aşmış toy və yas mərasimlərimizlə bağlı qayda-qanun yaradılmasının tərəfdarı kimi çıxış edir. Bəs Siz bir millət vəkili, bir ziyalı, bir yazar kimi bu haqda nə fikirdəsiniz? Bir çox deputat həmkarlarınızın bu məsələlərlə bağlı fikirlərini öyrənmişik, istərdik ki, Sizin də bu məsələlərlə əlaqədar şəxsi düşüncələrinizi, qənaətlərinizi eşidək, bilək...
- Bilirsiniz, toy da, yas da həyatın qanunudur. Bu, insanın həyatında olmalıdır. Toy özünün yeniliyi, müqəddəsliyi ilə ailələrə sevinc gətirir, bəxş edir, yəni, cavanlar ailə həyatı qurur, sevənlər bir-birinə qovuşur, valideynlər övladlarını evləndirir, qızı köçürür, gəlin gətirirlər. Son dərəcə xoşbəxt, yaddaqalan gündür toy. Yas da belədir ki, həyatdı da - insan öz əzizini, doğmasını, yaxınlarını, lap dostunu itirir. Bu da elə bir itkidir ki, insanı ağrıdır və yaddan çıxmır. Bu iki hadisə - biri sevinclə bağlıdır, biri kədərlə. Demək istəyirəm ki, bu, həyatın qanunudur, hamının başına gəlməlidir və gəlir də. Azərbaycan xalqı da belədir ki, yəni, biz həmişə çalışırıq ki, toyu olana gözaydınlığı verməyə gedək. Belə deyək, xeyir məclisinə dəvət edirlərsə, gedib orada iştirak edək. Müəyyən mənada qaydaya düşmüş formada köməyimizi göstərək. Yas da belədir ki, gedib başsağlığı verməlisən. Kədər üz vermiş insanın dərdinə şərik olmalısan. Bunlarsız mümkün deyil...
- Həm də həyat bunu tələb edir, yəni, bizim hər birimiz bir vətəndaş, insan olaraq bu məclislərdə, insanların belə günlərində onların yanında olmağı özümüzə bir növ mənəvi borc sayırıq...
- Fikirlərinizlə razıyam, elədir. Ancaq o da var ki, indi həm toylar əndazədən çıxıb, həm də yas məclisləri. İnsanların da hamısı - kimi dindirirsən, bundan narazıdır. Hamı istəyir ki, bunlar düzəlsin.
Toylarda hədsiz israfçılıq, həddindən artıq səs-küy var.
İnsanlar gedib orada dincəlib şənlənə bilmirlər. Bütün bunların nəticəsi olaraq da qiymətlər elə qalxır ki, toylara getməyə çətinlik çəkirsən. Elə insanlar, lap belə deyək, orta səviyyəli insanlar var ki, onlar da toylara getməyə çətinlik çəkirlər. Ayda bir dənə, iki dənə toy olsa, onu yola verirsən. Bəzən Məhərrəmlik, elə Orucluq qabağı olanda toylar intensivləşir, yəni, ayda ən azı 4-5 toy olanda insanlar onu çatdıra bilmir, büdcəyə bir zərbə olur. Yasda isə belədir ki, elə bir süfrə, elə bir menyu təklif olunur ki, yası düşən adam o mərasimi yola vermək üçün borca düşür. Bir tərəfdən, o, yaxınını, doğmasını, əzizini itirib, bir tərəfdən bu zərbə, maddi zərbə dəyir. Amma nədəndirsə həmişə bunu tənqid etsək də, desək də, danışsaq da, özümüzə gələndə biz ümumi qaydaya riayət edirik. Heç kim istəmir ki, birinci istisnanı o təşkil etsin. Toylarda ha deyirik ki, o səslər-filanlar az olsun, insanın başı-beyni gedir, dincəlmək əvəzinə, əksinə, yorulur.
Amma həmin toyda giley edən adamın görürsən ki, öz toyunda da həmin vəziyyətdir. Bunun da bir neçə səbəbi var...
-Hansı səbəblərdir elə?
- Mən özüm də bir balaca bunu araşdırmışam, birinci səbəb budur ki, bizdə bu şadlıq evlərinin sahibləri çox imkanlı insanlardır və onlar ictimai rəyi qulaqardına vurmağı bacarırlar. İkincisi, o şadlıq evinin sahibinə görə, bəzən ümumi prinsiplər, qaydalar ki var, onları tətbiq etməkdə müəyyən qurumlar çətinlik çəkirlər. Misal üçün, Milli Məclis ali qanunverici orqandır. Heç bəlkə də bu məsələyə müdaxilə etməli deyil, amma sağ olsun Hadi Rəcəbli - Sosial siyasət komitəsinin sədri kimi fikirləşib bir forma tapdı ki, o səs tezliyi hansı tezlikdə olmalıdır və ona necə icazə verilməlidir, biz də onu qanunumuza saldıq. Bu məsələ qanunda əksini tapsa da, amma onu gedib şadlıq evlərindən tələb edib əməl etdirə bilmirlər. Çünki şadlıq evinin sahibi əməl etmir və yenə də həmin o tappa-turup, həmin o səs-küy, həmin baş-beyin getmək. Sonra şadlıq evlərində misal üçün deyirlər ki, biz menyunu azalda, onun qiymətini aşağı sala bilmərik, bizim zalın "blatı" var, biz "bahalı"yıq. İndi insanları, valideynləri də müəyyən mənada qınamaq olmur. Bəzən gənclər deyirlər ki, toy filan şadlıq evində olsun. Heç bəzən valideynin imkanı ilə də hesablaşmaq istəmirlər. Lap ucuz şadlıq evinə gedəndə də dalbadal zəhərlənmə faktları ki var, insan bəzən ondan da ehtiyat edir. Yəni, məsələ ondadır ki, burada həm "yuxarılar"ın, həm də "aşağılar"ın özünün iradəsi olmalıdır və insanlar bunu başa düşüb əməl etməlidirlər, yaxud, o qurumlar prinsipiallıq göstərməlidirlər. Yas məsələsinə gəlincə, vaxtı ilə rayon yerlərində, kəndlərdə yas olanda heç həmin gün, ən azı üç gün o yas sahibinin evində yemək bişirilmirdi. Qonum-qonşu xörək-zad bişirib gətirir ev sahibinə verir və yaxud, qonşu yas sahibini evinə çağırır, gündə 3 dəfə o bişirdiyi xörəkdən ona verir və deyirdi sən də burada ye, sənin başın işə-gücə qarışıb, sən dərdli adamsan, sən bu məişət məsələlərinə müdaxilə etmə. İndi isə dəfn, ehsan məsələləri insanın başını o qədər qatır ki, yas yiyəsi az qala dərdini unudur, sonra da borca düşür. Burada isə, təkrar deyirəm, prinsipiallıq lazımdır. Ancaq baxırsan ki, yenə heç kim öz əzizinin yasında ona getmək istəmir. Yəni, o toy, bayram süfrəsinə bənzəyən süfrədən imtina etmək istəmir, etmir. Odur ki, burada da yenə "yuxarılar"la "aşağılar"ın rəyi üst-üstə gəlməlidir...
- Konkret nəyi nəzərdə tutursunuz?
- Misal üçün, mən özüm də olmuşam və söhbət edib öyrənmişəm ki, Naxçıvanda çox gözəl bir təcrübə var. Naxçıvanda hüzr məclislərinə qaydası ilə çay, limon, bir də halva çalıb süfrəyə qoyurlar. Başqa heç nə. Hamı da buna əməl edir. Orada bunu həyata keçirmək mexanizmini də tapıblar.
(Ardı var)
Kamil HƏMZƏOĞLU
çap et