525.Az

Assosiativ üzvlük: Ukrayna, Moldova və Gürcüstana nə verəcək?


 

Assosiativ üzvlük: Ukrayna, Moldova və Gürcüstana nə verəcək?<b style="color:red"></b>

İyun ayının 27-də Brüsseldə təntənəli imzalama mərasimi oldu. Ukrayna, Moldova və Gürcüstan uzun sürən müzakirələr və münaqişələrdən sonra Avropa İttifaqına assosiativ üzv olmaq haqqında müqaviləyə qol qoydular. Tərəflər sevinc içində idilər və hər biri tarixi məqamdan danışırdı. Postsovet məkanının üç ölkəsinin xoşbəxt gələcəyə doğru-düzgün seçim etdiyi vurğulanırdı. Əldə ediləcək siyasi və iqtisadi dividendlər üzərində dayanılırdı. Lakin baş verən hadisəyə mütəxəssislərin münasibəti birmənalı deyil. Onların təcrübəyə və müasir reallıqlara əsaslanan təhlilləri bir qədər düşünməyə vadar edir. Yaxın gələcəkdə Kiyev, Kişineu və Tbilisini nələrin gözlədiyi üzərində fikirləşmək lazım gəlir. Bu kontekstdə assosiativ üzvlüyün mahiyyəti və onun verə biləcəyi nəticələri təhlil etməyə ciddi ehtiyac duyulur.

Aİ: assosiativ üzvlükdə xarici katalizator

Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqı ilə assosiativ üzvlük və azad ticarət haqqında müqaviləni imzalamasının mümkün geosiyasi nəticələri kontekstində təhlillər aparılır, proqnozlar verilir. Hazırda postsovet məkanında mövcud olan mürəkkəb vəziyyətin fonunda bu, kifayət qədər maraq doğuran məsələdir.

Problemin iki tərəfi mütəxəssislərin diqqətini daha çox cəlb edir. Bu, birincisi, assosiativ üzvlüyün həmin ölkələrin sosial-iqtisadi göstəricilərinə təsiri; ikincisi, geosiyasi güclərin bu hadisəyə reaksiyasıdır. Özlüyündə bunlar bir-biri ilə sıx əlaqədədirlər. Lakin müasir mərhələdə Ukrayna, Moldova və Gürcüstanın aid olduğu geosiyasi məkanda proseslər çox sürətlə gedir, ziddiyyətli məqamlar özünü göstərir.

Böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi sosial-iqtisadi sahədəki hadisələrə xüsusi dinamika verir. Aİ-nin postsovet məkanı ölkələri ilə münasibətlərinə də bu aspektdə nəzər saldıqda, assosiativ üzvlüyün sadəcə inteqrasiya məsələsi olmadığı qənaətinə gəlmək olar. Avropa Siyasət Mərkəzinin əməkdaşı Eberhard Rhein bu kontekstdə belə bir fikir bildirir: "Avropa İttifaqı xarici katalizator olaraq bu prosesə daha güclü dəstək olmalıdır" (bax: Avrupa ve Ukrayna: Üyelik görünüyor mu? / "Dış Politika Enstitüsü", www.dispolitika.org.tr).

Assosiativ üzv olanların sosial-iqtisadi sahədə hansı dəyişikliklərə məruz qalacaqları məsələsi də çox önəmlidir. Bunun üçün imzalanan müqavilənin şərtlərinin məzmununa nəzər salmaq əhəmiyyətlidir. Assosiativ üzvlük siyasi və iqtisadi sferaları əhatə edən sənədlərdən ibarətdir. Onun hüquqi əsasını "Avropa İttifaqının fəaliyyəti haqqında Müqavilə"nin 217-ci maddəsi təşkil edir. Ukrayna ilə imzalanan sənədin preambulasında sülhün qorunması, insan hüquqları və azadlıqlarının təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsi kimi məsələlər qeyd olunub (bax: Соглашения об ассоциации с ЕС. Досье / "ИТАР-ТАСС", 26 iyun 2014).

Assosiativ üzvlüyün siyasi sazişində siyasi qarşılıqlı əlaqələr, təhlükəsizlik və terrorla mübarizə məsələləri yer alıb. Siyasi dialoq xarici işlər nazirləri və ekspertlər səviyyəsində aparılmalıdır. Xarici siyasətdə regional münaqişələrin tənzimlənməsi sahəsində əməkdaşlıq, Ukraynanın mülki və hərbi əməliyyatlarda iştirakı nəzərdə tutulub.

Demokratik prinsiplərə, insan hüquqları və azadlıqlarına, həmçinin hüququn üstünlüyü prinsipinə hörmət edilməsi tərəflərin daxili və xarici siyasətinin əsasını təşkil etməlidir. Suverenlik və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və müstəqillik, kütləvi qırğın silahlarının yayılmasına müqavimət göstərilməsi məsələləri də siyasi sazişdə yer alıb.

Belə təəssürat yaranır ki, assosiativ üzvlüyün siyasi aspekti qəbul edilən ölkədən ciddi siyasi islahatların aparılmasını tələb edir. Burada insan hüquqları, təhlükəsizlik, regional münaqişələrin tənzimlənməsi, terrorla mübarizə daha çox qabardılır. Lakin bu amillərin hər biri üçün konkret mexanizmlər olmalıdır. Sazişdə bu məsələ öz əksini tapmayıb. Həmin səbəbdən assosiativ üzvlüyün siyasi aspekti qəbul edilən dövləti Aİ-yə uyğunlaşdırmaq xarakteri daşıyır. Məsələnin bu cür qoyuluşu isə suverenlik, münaqişələrin həlli, terrorla mübarizə, insan hüquqları kimi məsələlərdə yayğınlığa yol açır. Assosiativ üzv bəri başdan müəyyən çərçivəyə salınır.

İqtisadi amil geosiyasi maraqdan üstündür?

Assosiativ üzvlüyün iqtisadi hissəsi qəbul edilən ölkənin öz qanunvericiliyini, gömrük qaydalarını Aİ-nin standartlarına uyğunlaşdırmasını, həmçinin sərmayə qoyuluşu mühitini yaxşılaşdırmaq üçün tədbirlər görməsini nəzərdə tutur. Bunlar "Avropa ilə Azad Ticarət Zonası haqqında Müqavilə"də (DCFTA) öz əksini tapıb. Müqaviləyə əsasən, Aİ ilə Ukrayna, Moldova və Gürcüstan arasında gömrük haqqı (vergi) ləğv olunur. Nəticədə, tərəflər arasında ticarət dövriyyəsi artmalıdır. 2013-cü ildə Ukraynadan Aİ-yə ixracat 13,8 milyard avro həcmində olmuşdur. Gürcüstan həmin ildə 700 milyon dollarlıq ixracat həyata keçirib, Moldovada da bu, təqribən həmin miqdarda olub (bax: Что означает ассоциация Украины, Грузии и Молдавии с ЕС / "BBC", rus xidməti, 27 iyun 2014).

Onu demək lazımdır ki, verginin ləğvi bütün məhsullara şamil edilmir. Aİ öz bazarını müdafiə etmək məqsədi ilə bəzi məhsullara gömrük haqqını saxlayır. Məsələn, Ukrayna toyuqları və Moldova sarımsağı üçün bu qayda tətbiq olunur. Eyni zamanda, yeni assosiativ üzvlərin bazarlarını qorumaq üçün də oxşar tədbirlər görülür. Ukraynanın avtomobil sənayesinə zərər yetirməmək üçün Avropada istehsal olunan maşınlardan vergi tutulacaqdır (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, assosiativ üzvlüyün iqtisadi hissəsi qəbul edilən ölkələrin iqtisadi sistemində köklü islahatlar aparılmasını, sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılmasını, istehsalın keyfiyyətinin yüksəldilməsini tələb edir. Aİ bu proseslərə yardım etməyi, məsələn, daha keyfiyyətli məhsul istehsalı texnologiyasına yiyələndirmək üçün öz mütəxəssis və ekspertlərini yeni assosiativ üzvlərə göndərməyi planlaşdırır.

Heç şübhəsiz, bu prosesin uğurla həyata keçməsi həm zaman, həm də iqtisadi sistemdə ciddi dəyişikliklərin aparılmasını tələb edir. Ukrayna, Moldova və Gürcüstan iqtisadiyyatının buna nə dərəcədə hazır olduğu məlum deyil. Bəzi mütəxəssislər böhran ehtimalını istisna etmirlər. Hətta işsizliyin sürətlə artacağı barədə proqnozlar da verilir. (bax, məs.: Deniz Berktay. Ukrayna’da 'tartışmalı' anlaşma / "Al Jazeera Türk", 26 iyun 2014). Çünki yeni üzvlərin iqtisadi sistemlərində islahatlar çox vaxt aparacağından həmin müddət ərzində bir sıra müəssisələr rəqabətə davam gətirməyərək fəaliyyətlərini dayandıra bilər. Qeyd edək ki, deyilənlər Ukrayna, Moldova və Gürcüstana eyni dərəcədə aiddir.

Hətta Gürcüstan və Moldovanın daha çox çətinliklərlə üzləşəcəyindən bəhs olunur. Bu ölkələrin iqtisadiyyatı uzun müddətdir ki, ağır vəziyyətdədir. Lakin rəsmi Tbilisi və Kişineu ümidlidirlər. Onlar assosiativ üzvlük haqqında sazişi imzalayarkən xalqın bundan sevinəcəyini açıq deyiblər.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili saziş imzalanandan sonra etdiyi çıxışında deyib: "...Bu, Gürcüstan dövlətçiliyinin inkişafında yeni təkan olacaq və bizim insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir" (bax: Сергей Дмитриев. "Счастливы вместе" – ЕС, Грузия, Молдова и Украина подписали соглашение об ассоциации / "RFI", 28 iyun 2014).

Ziddiyyətli məqamlar və paradokslar

Yuxarıda ifadə edilən fikirlər göstərir ki, Aİ-yə assosiativ üzvlük mahiyyətcə ziddiyyətli prosesdir. Siyasi və iqtisadi aspektlərdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı çoxlu sayda şərtlərə əməl olunmasını nəzərdə tutur. Tarixi təcrübə göstərir ki, sözdə maraqlı olan bu cür gedişatın praktiki nəticələri fərqli ola bilir. Məsələn, Yunanıstan və Türkiyə eyni zamanda assosiativ üzvlüyə qəbul edilmişdirlər. Lakin biri artıq Aİ-nin tam üzvüdür, digəri isə hələ də üzvlüyə namizəd olaraq qalır. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Türkiyə iqtisadi cəhətdən Yunanıstandan və bir sıra Avropa ölkələrindən irəlidədir. Onun inkişaf templəri indi də yüksək səviyyədə qalmaqdadır.

Bu kimi faktlar təsdiqləyir ki, assosiativ üzvlük siyasi və iqtisadi aspektdə bir qədər qeyri-müəyyəndir. Bu səbəbdən Ukrayna, Moldova və Gürcüstanın "bir yerdə xoşbəxt" olduqlarından danışmaq tələskənlik olardı. Məsələnin digər tərəfi regional və qlobal geosiyasətin mürəkkəbliyi ilə bağlıdır. Etiraf edək ki, mütəxəssisləri daha çox bu aspekt maraqlandırır. Çünki hazırda postsovet məkanında vəziyyət xeyli dərəcədə qeyri-müəyyəndir. Böyük geosiyasi güclərin nüfuz uğrunda apardıqları mübarizə faktiki olaraq yeni mərhələyə qalxıb. Həmin kontekstdə bir neçə mühüm məqamı vurğulamaq lazımdır.

Tanınmış siyasi analitik Zbiqnev Bjezinski Rusiyanın geosiyasi məqsədlərini kəskin tənqid edir. O, iyunun 16-da Vilson Mərkəzində qlobal təhlükəsizliyə həsr edilmiş tədbirdə çıxışı zamanı "Rusiya şovinizmi ilə mübarizə" ifadəsini işlədib (bax: Zbigniew Brzezinski. Confronting Russian Chauvinism / "The American Interest", iyun 2014). Rusiyanın Müdafiə və xarici siyasət Şurasında hazırlanan bir hesabata əsaslanaraq, Bjezinski ölkənin geosiyasi kursunda prinsipial dəyişikliyin müşahidə olunduğunu vurğulayır.

Z.Bjezinski yazır ki, müasir mərhələdə Rusiyanın geosiyasi strategiyası aşağıdakı 4 əsas məqamı özündə birləşdirir: birincisi, "bölünmüş xalq" konsepsiyasını; ikincisi, "xaricdəki vətəndaşların müdafiəsi" mövzusunu; üçüncüsü, "rus dünyası" məsələsini və nəhayət, dördüncüsü, "böyük rus sivilizasiyası"nın etiraf edilməsi, qorunub saxlanması, qəbul və inkişaf etdirilməsini (bax: əvvəlki mənbəyə). Bəs bu prinsiplərin Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə assosiativ üzvlüyü məsələsinə nə aidiyyəti var?

Z.Bjezinskiyə görə, məhz həmin prinsiplər Moskvanın xarici siyasətinin ruhunu təşkil edir. Konkret desək, Kremlin Moldova, Ukrayna və Cənubi Qafqazda maraqlarını hansısa ötəri geosiyasi və ya iqtisadi dividendlər deyil, dəqiq düşünülmüş və artıq dövlətin xarici siyasətinin hərəkətverici qüvvəsinə çevrilmiş prinsiplər müəyyənləşdirir. Bu şərtlər çərçivəsində assosiativ üzvlük yalnız Aİ-yə inteqrasiya olmaq istəyən ölkənin seçimi kimi görünmür. O cümlədən, Ukrayna, Moldova və Gürcüstan məsələsində Qərb Rusiya ilə müəyyən amilləri razılaşdırmalıdır.

Bu kontekstdə qeyd etmək lazımdır ki, Qərb mütəxəssisləri arasında Ukraynanın assosiativ üzvlüyündən çox şeyi gözləməyin tez olduğunu düşünənlər də var. Məsələn, "The Los Angeles Times" nəşri Kennan İnstitutunun direktoru Metyu Rojanski və jurnalist Kerol Uilyamsın fikirlərini dərc edib. M.Rojanski deyib: "Rusiya heç yerə qeyb olmayacaq, Ukrayna isə Almaniyaya çevrilməyəcək" (bax: Carol J.Williams. Ukraine-EU deal alters little, except Vladimir Putin's blood pressure / "The Los Angeles Times", 26 iyun 2014).

Deməli, hətta Qərbdə belə başa düşürlər ki, Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə assosiativ üzvlüyü Rusiya amilinin geosiyasi əhəmiyyətini azaltmayıb, əksinə, onu yeni müstəviyə çıxarıb. Maraqlıdır ki, hələlik Qərbdə bu məsələnin Rusiya ilə münasibətlərdə böhran yaratdığını düşünənlər var. Belə ki, Pilar Bonet "El País"də dərc edilən məqaləsində vurğulayır: "Ukrayna ilə Aİ arasında imzalanan müqavilə Rusiya ilə münasibətlərdə böhran yaratdı" (bax: Pilar Bonet. Ucrania y la UE firman el pacto de libre comercio que desató la crisis con Rusia / "El País", 27 iyun 2014).

Bu kontekstdə ABŞ Xarici əlaqələr Şurasının prezidenti Riçard Haas Rusiyanın addımlarının kökündə duran amillərə aydınlıq gətirmək istəyir. Onun qənaətinə görə, burada V.Putinin ölkənin geosiyasi nüfuzunu lider səviyyəsinə yüksəltmək cəhdi əsas yer tutur. Ancaq Rusiyanın daxili mühitinin "əsasları artıq çürüyüb" (bax: Richard N. Haass. The Sources of Russian Conduct / "Project Syndicate", 16 aprel 2014).

Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə assosiativ üzvlüyünün bu cür mürəkkəb geosiyasi proseslərlə sıx bağlılığı xeyli dərəcədə qeyri-müəyyənlik yaradır. Aİ rəsmilərinin nikbin fikirlərinə baxmayaraq, bu təşkilatın hələlik adı çəkilən ölkələrlə bağlı dəqiq qərar qəbul etmədiyini söyləyənlər də var. Belə güman edilir ki, Aİ iki seçim arasında qalmışdır: iqtisadi cəhətdən bütöv bir gücmü olmalı, yoxsa qlobal geosiyasi güc mərkəzi (bax: Erhan Akdemir. Avrupa Birliği'nin Ukrayna Politikası: Eski Komşu mu? Yeni Aday mı? / "Karadeniz Araştırmaları", Bahar 2014. Sayı 41, s.61-75). Hələlik Aİ-nin qlobal geosiyasi mərkəz olmaq meyli daha çox hiss edilir (bax: əvvəlki mənbəyə, s.72).

Əgər bu qənaət doğrudursa, assosiativ üzvlük ölkələri yeni ziddiyyətlərə ata bilər. Çünki Aİ üçün geosiyasi nüfuz əsasdırsa, onda məsələnin iqtisadi aspekti buna tabe olacaq. Belə olduqda, başqa böyük güclər öz maraqlarını təmin etməyə çalışacaqlar. Şübhə yoxdur ki, buraya yalnız Rusiya deyil, ABŞ və Çin də daxildir. Həmin səbəbdən bəzi mütəxəssislər Aİ-Ukrayna yaxınlaşması fonunda meydana gələn ziddiyyətlər və paradokslara ayrıca diqqət yetirirlər (bax, məs.: Uzman Gözünden Avrupa Birliği ve Ukrayna Krizi: Çıkarlar ve Değerler Paradoksu / TÜRKSAM, 13 may 2014).

Türkiyəli təhlilçi Birgül Demirtaş Aİ-nin maraqları ilə dəyərləri arasında paradoksal vəziyyət yarandığını iddia edir. Belə ki, o, demokratik prinsiplərlə hərəkət edən Avropa İttifaqının buna əməl etməyən Rusiya ilə hansı məqamlarda razılığa gələ biləcəyi məsələsinin aydın olmadığından söhbət açır (bax: əvvəlki mənbəyə). Yaranmış vəziyyəti daha da ağırlaşdıran həm Brüsselin, həm də Moskvanın öz məqsədlərindən geri çəkilmək fikrində olmamasıdır. Belə bir şəraitdə ilk növbədə Ukrayna, Moldova və Gürcüstan zərbə altında qala bilər.

Rusiya üçün məsələnin iqtisadi-ticari aspekti də aktualdır. Moskva hesab edir ki, Ukrayna, Moldova və Gürcüstanda Avropa standartlarına uyğun malların geniş yayılması Gömrük İttifaqı ölkələrinin daxili bazarına mənfi təsir göstərəcək, keyfiyyətli və ucuz Avropa məhsulları yerli istehsalın inkişafını ləngidəcəkdir. Bu, daha çox Ukrayna tərəfdən Rusiyaya ixrac edilən mallarda özünü göstərə bilər. Bu səbəbdən Kreml bir çox məsələlərin müzakirəsinə ehtiyac olduğunu deyir. Aİ-nin genişlənməsinə məsul Ştefan Füle isə narahatlıq üçün əsas görmür.

Rusiya amili: assosiativ üzvlüyün perspektivi müstəvisində

"Rusiyanın mənfi reaksiyasını necə aradan qaldırmaq olar?" sualına cavabında o, bildirib ki, "Mən Rusiya ilə müzakirələrə daha çox diqqət vermək istərdim. Biz artıq bəzi anlaşılmazlığı aradan qaldırmışıq. Ümid edirəm ki, gələcəkdə də müzakirələr davam edəcək və Ukraynaya qarşı Rusiyanın hər hansı iqtisadi məhdudiyyət qoymasına ehtiyac qalmayacaq" (bax: Фюле допускает расширение ЕС за счет Украины, Грузии и Молдовы / "ЛİГА.Новости", 27 iyun 2014).

Lakin Kremlin ilk reaksiyası Ş.Fülenin nikbinliyi üçün ciddi əsasların olmadığını göstərir. Baş nazir Dmitri Medvedev Nazirlər Kabinetinin iclasında bəyan edib ki, "Əgər Ukrayna və Gürcüstan parlamentləri assosiativ üzvlük haqqındakı sazişi təsdiq etsələr, Moskva Moldovaya qarşı olduğu kimi, həmin ölkələrlə də ticarətdə analoji müdafiə tədbirləri görəcəkdir" (bax: Медведев пригрозил Украине и Грузии "защитными мерами" в случае ратификации соглашения с ЕС / "Interfax", 7 iyul 2014)

Maraqlıdır ki, hətta Aİ ekspertləri belə Ş.Fülenin dediklərinə tam inanmırlar. Bunun da konkret səbəbləri vardır. Məsələn, Bolqarıstandan Dmitar Beçev son zamanlar Aİ-yə qəbul edilən Şərqi Avropa ölkələrinin hamısının ən az 15 il assosiativ üzvlük mərhələsini yaşadıqlarını bildirib. Ancaq təcrübə göstərdi ki, Brüssel heç kimə təminat vermir. D.Beçevin ifadəsi ilə deyilsə, "Aİ daima yaradıcılıq qeyri-müəyyənliyi" keçirir (bax: Что означают для Украины, Грузии и Молдовы соглашения с ЕС? / "Радио Азаттык", 27 iyun 2014). Bundan başqa, mütəxəssislər assosiativ üzvlükdə müəyyən tələskənliyin olduğuna da diqqət çəkirlər.

Belə ki, Rusiyanın mümkün təzyiqlərindən qorxaraq Aİ Ukrayna, Moldova və Gürcüstanı assosiativ üzvlüyə tələsdirdi. Bu isə o deməkdir ki, bütün şərtlərə əməl edilməyib. Bu yarımçıqlığın üzvlərə necə təsir edəcəyi məlum deyil. Hər halda, onun müsbət nəticələnəcəyinə ümid etmək risklidir.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Ukrayna, Moldova və Gürcüstan üçün assosiativ üzvlüyün hansı anlama gəldiyi tam aydın deyil. Müqavilənin şərtlərinə görə, bu ölkələrin siyasi sistemində islahatlar olmalı, daxili qanunvericilikdə insan hüquqlarının qorunması üçün ciddi addımlar atılmalı, terrorla mübarizə məsələsi aktuallaşmalıdır. Digər tərəfdən, həmin dövlətlərin iqtisadi sistemlərində də köklü dəyişikliklər edilməlidir.

Ancaq bu iki nəhəng vəzifənin həyata keçirilməsi üçün həm Aİ tərəfdən atılacaq konkret addımların ardıcıllığı bəlli olmalı, həm də bütövlükdə müvafiq geosiyasi mühit yaradılmalıdır. Bunların hər ikisində kifayət qədər qeyri-müəyyənliklər var. Aİ əsas məqsəd olaraq iqtisadi inteqrasiya və bütünləşməni deyil, geosiyasi liderliyi qarşıya qoyursa, meydana mütləq ziddiyyətlər çıxacaq. Belə şəraitdə onun hansı ardıcıllıq və məntiqlə addım atacağı məsələsi qaranlıq qalacaqdır.

Eyni zamanda, Rusiyanın siyasi, geosiyasi və iqtisadi maraqlarına qarşı təhdidlər qaldıqda Ukrayna, Moldova və Gürcüstan ətrafında geosiyasi vəziyyətin sakit olacağına ümid etmək çox risklidir. Bu cür şərtlər daxilində isə hər üç ölkənin gələcəyi müəmmalı görünür.

Ayrılıqda Ermənistan amilinin Gürcüstana necə təsir edəcəyini nəzərə almaq lazımdır. Ermənilər qeyri-müəyyən geosiyasi mövqe tutmaqla regionda həmişə risk yaradırlar. Həmin şəraitdə Tbilisinin assosiativ üzvlüyünün taleyi də aydın olmur.

Göründüyü kimi, assosiativ üzvlük məsələsində tələsməmək daha səmərəli strategiyadır. Azərbaycanın seçimi bu baxımdan ən optimal variant sayılmalıdır. Rəsmi Bakı heç bir ittifaqa qoşulmur, ancaq ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı ilə fəal aktorların hər biri ilə əlaqələri inkişaf etdirir. Hesab edirik ki, ən səmərəli "üzvlük" formatı elə budur.

Newstime.az
Kamal Adıgözəlov

 





09.07.2014    çap et  çap et