525.Az

Yeni yuvan mübarək!.. - Şahnaz Şahindən esse


 

Yeni yuvan mübarək!.. - <b style="color:red"> Şahnaz Şahindən esse  </b>

Həyat, insan oğluna Tanrının bəxş etdiyi çox qiymətli hədiyyədir. Lakin iki əbədiyyət arasındakı körpüyə bənzəyən həyatı necə yaşamağı insan özü müəyyənləşdirir. Arzularıyla, əməlləriylə, sevgisiylə zənginləşdirir, min cür rəngli ilmələrlə naxış vurur, gözəlləşdirir, ucaldır ona verilmiş sadə bir həyatı. Həyat özü də kiçik fürsətlərdən ibarətdir, onun hər bir anı dəyərlidir və həmin xırda fürsətlər sevgidən güc alaraq böyüyürlər... Hind müdriki Oşonun təbirincə desəm, həyat bir sənətdir, insan oğlu da öz həyatının həm sənətkarı, həm də alətidir...

Dünya yaranandan insan oğlu əbədi yaşamağın sirrini öyrənməyə çalışıb. Bütün çətinliklərinə baxmayaraq həyat, yaşamaq həmişə şirin gəlib insana. Uzun ömürlülüyün iksirini icad etmək üçün çox axtarışlardan keçib. Xəstə vaxtında, pirani yaşında daha çox sarılıb həyata, bircə gün, bircə saat, lap beşcə dəqiqə çox yaşamaq arzusu tərk etməyib onu... Amma dünya öz işindədi, gəlirini də, çıxarını da özü hesablayır...

 

Bir yanı toy, bir yanı yas,

Özü boyda mağar dünya...

 

6 fevral 2023-cü il... Hələ uzun illər yaddaşımızda öz dəhşətli faciəsiylə yaşayacaq tarix... Həmin gün qardaş Türkiyədə baş verən və  on bir şəhərini əhatə edən 7.6 bal gücündə, dəhşətli, böyük dağıdıcı təsirə malik olan zəlzələnin açdığı yaraların acısını, ağrısını biz də canımızda, ruhumuzda hiss edirik, hələ uzun zaman da hiss edəcəyik. Minlərlə insan üçün həmin gecənin sabahı açılmadı, yıxılan binalarla bərabər neçə-neçə insan taleyi torpaqla tən oldu...

 

Gah havada yelləncəkdi,

Gah torpaqda qədər dünya...

 

 ... O gecə səhərə yaxın Yer öz təbii halından çıxdı, hirsini, hikkəsini var gücüylə içindən atmağa çalışdı, bağırdı, hayqırdı, ağzından od püskürdü... Adamları çox bəd zamanda yaxaladı zəlzələ, pis yerindən tutdu, həssas nöqtəsindən vurdu... Kimisi heç oyanmadan, yuxuda ikən dünyasını dəyişdi, kimisini götürüb neçə metr aralıya tulladı, kimisini də ağzını geniş açıb uddu torpaq...

Zəlzələnin episentri olan Kahramanmaraş şəhəri... Mənim heç vaxt olmadığım, görmədiyim şəhər... Amma orada Azərbaycanı elə canı qədər sevən, ədəbiyyatın dostu, şair-tərcüməçi, neçə-neçə azərbaycanlı yazıçı və şairin kitablarını qardaş dilə uyğunlaşdıran bir gənc vardı - Abdulkadir Özkan... Həyatın hər anının dəyərini bilirdi, bir dəqiqəsini belə boşa sərf edən deyildi. Yaradıcılıqla məşğul idi, imkan tapanda da dostları ilə şəhəri gəzməyə çıxırdı. Mən Abdulkadiri də yaşadığı şəhər kimi qiyabi tanıyırdım. 2022-ci ilin may ayı idi və 2023-cü ilin fevral ayının 6-na düz 8 ay qalırdı... İndi mesengerdə yazışmalar da, göndərdiyi səsləri də qalır, özü isə...

Çox xoş xasiyyət, gülərüz, zarafatcıl idi, həm də ciddi adam idi Abdulkadirdir. Tərcümə etdiyi müəllif və onun kitabı, alacağı puldan daha vacib idi onun üçün...

"Mən kitab üçün pul danışmıram" - deyirdi, - "Mən, yazıçı haqqında bütöv xəbərləri oxuyuram, qabaqcadan soruşuram, müəllif nə istəyir? Xəyalı nədir?.. Başa düşəndən sonra planlaşdırırıq bir yerdə hər şeyi... Yəni, məsələn, Türkiyədəki Şahnaz xanım mənəm. O burda yox, amma var..."

Söhbətimiz tuturdu, fikir və düşüncələrini bölüşür, dərdləşirdik. Vaxtın qədrini yaxşı bilir, gecələr az yatıb çox işləyirdi. Mənə elə gəlirdi ki, o harasa tələsir, ard-arda tərcümə işi götürür, bunu həm tez, həm də keyfiyyətli şəkildə təhvil verməyə çalışırdı. Eyni vaxtda şəxsi yaradıcılıqla da məşğul olurdu... Gənc yaşda belə tələskənliyin səbəbi nə idi, bəlkə heç o özü də bilmirdi... Çoxlu arzuları və planları vardı gələcək üçün. Deyirdi "buna vaxt və imkan lazımdı"... Yayda, iyul-avqust aylarında Türkiyədə olarkən zəng elədi, İstanbulda olduğumu eşidəndə çox sevindi, Kahramanmaraşa dəvət elədi. Təəssüflə bildirdi ki, müəyyən səbəblərdən özü İstanbula gələ bilmir...

Amma təəssüf ki, biz görüşə bilmədik... Oktyabr ayının 2-si idi, 2022-ci il, gecə yarıdan keçmiş mesengerdə yazdı, gördüyü işlərdən, etdiyi tərcümələrdən danışdı.  Yenə əhvalı xoş, kefi kök idi, gələcək üçün yeni planlar qurur, yazır, tərcümələr edir, bir sözlə sabahı daha gözəl, daha maraqlı, yadda qalan  etmək üçün çalışırdı... Amma sən demə bu onunla son danışığımız imiş...  6 fevral 2023- hələ onun kimi minlərlə insanın xəyalını qırmamış, arzularını çilikləməmiş, həyatını əlindən almamışdı... Hələ dünya gözəl, həyat şirin idi...

O gün ki acı xəbərlə yuxudan oyandıq, Türkiyənin böyük bir ərazisini, 11 şəhərini əhatə edən zəlzələ ilə biz də burda silkələndik, yaralandıq, qəlbimiz paralandı, ilk  Abdülkadiri düşündüm, nədənsə telefondan əvvəl yenə mesenger yadıma düşdü...

"Sabahınız xeyir. Deprem ilə bağlı soruşum... Allah qorusun sizi.., sizdə vəziyyət necədir?" yazdıqlarımı böyük həyəcanla, kəlmə-kəlmə yazırdım... Cavab yoxdur...

Sonra yenə həmin gün axşam saat 23-30-da yazdım: "Çox üzgünəm, demək siz də uçqun altında qalmısız... Allaha dualar edirəm sizin üçün və elə bütün hamı üçün..."

Və... bu dəfə cavabsız qaldı suallarım da, elə dualarım da. Olduqca söhbətcil Abdulkadir bu dəfə səsimi duymadı, onu qızğın həyat eşqi də dağıntılar arasında sağ tuta bilmədi...

 

 ...Bir çəkim ah imiş aldığım nəfəs,

Dünya yaraşıqlı, bahalı qəfəs.

Bilmədi nə deyir uzaqdakı səs,

O səsə tələsdi Abdulkadir bəy...

 

Bax, belə.., amma bizim yaraşıqlı, istedadlı, zəhmətkeş Əbdülqadir hər birimizə yaşatdığı qəmlə, çəkdirdiyi acı ilə bərabər, həm də böyük sevgi qoyub getdi. Onun qəlbi bir yuva idi, Sevgi, Eşq yuvası!.. O, eşqin nuru, sevginin işığı bəs edər yüzlərlə qəlbi isitməyə, yüzlərlə ümidi yaşatmağa, bir yetimə isti yuva, birinə qucaq, birinə ocaq olmağa...

...Dünya özü də nəhəng bir yuvadı, Abdulkadirin ruhuna Göylər, cisminə Yer sahib çıxdı, yuva oldu...

 

..Uca Göylər bir yuvadı,

Göyün altı başqa yuva...

...Torpağın üstü bir yuva,

Altı da başqa yuvadı...

Yuvan mübarək, əzizimiz Abdulkadir Özkan... 

 

 





22.02.2023    çap et  çap et