525.Az

“Deyirdi, ana, yerim lap əladır” – Şəhid anası


 

“Deyirdi, ana, yerim lap əladır” – Şəhid anası<b style="color:red"></b>


Bu gün haqqında söz açacağım igidimiz, Vətən müharibəsinin şəhidlərindən Nurlan Əlövsəd oğlu Rəhimovdur.

Nurlan Rəhimov 1981-ci il noyabrın 22-də Astara şəhərində anadan olub. 1988–1999-cu illərdə Ş. Qasımov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Nurlan evil idi, iki övladı yadigar qalıb.

Şəhidin anası Rəhimova Səidə xanım deyir ki, ailədə bir oğlum, iki qızım var:
“Həyat yoldaşım Rəhimov Əlövsəd müəllim idi, rəhmətə gedib. Qızım Sevinc və Nuranə ailəlidirlər. Nurlanın həyat yoldaşı Səbinə ali təhsilli müəllimdir. Hazırda işləmir. Balamın böyük övladı Əlövsət 2012 ci ildə anadan olub. 5-ci sinifdə oxuyur. Qızı Səidə 2015-ci ildə doğulub. 2-ci sinfdə oxuyur.

Nurlan çox  çevik uşaq idi. İdmanla məşğul olardı. Qohumlara, dostlara çox yaxın idi. Bütün sinif yoldaşları həmişə yanına gəlirdi.
Nurlan Aprel döyüşlərində də iştirak edib. Atasının ikinci cüməsində Aprel döyüşləri başlamışdı. İki həftə iştirak edib, o müddətdə onunla heç bir əlaqəmiz olmadı. Deyirdim, atan getdi, indi də bizi sən tək qoyursan?! ( Red. ağlayır)

Oğlum səngərdə məni yığdı. Azan vaxtı idi, dedim hardasan, oğlum? Dedi, ana, narahat olma, mənim yerim lap əladır. O tank əleyhinə minaatan idi. Oğluma igidliyinə görə fəxri fərman da veriblər. Astara şəhər 5 saylı məktəbin sinif otağına da oğlumun adı verilib.
Allah şəhidlərimizə rəhməh eləsin, qazilərə cansağlığı versin! Mənim övladımın ən böyük arzusu idi şəhid olmaq. O, şəhid oldu!”

Azərbaycan Ordusunun kiçik çavuşu olan Nurlan Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Rəhimov sentyabrın 30-da Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Rəhimov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Ruhun şad olsun, qəhrəman qardaşım!
 
 

 

 





11.02.2023    çap et  çap et