525.Az

“Qardaşım mənim qoruyucu mələyim idi”


 

“Qardaşım mənim qoruyucu mələyim idi”<b style="color:red"></b>


Qarabağımızı azad edərək şanlı Zəfəri qanı ilə igidlərimizdən biri də Astaradan olan şəhid Kamran Cəlal oğlu Seyfullazadədir. Bu dəfə onun ailəsi ilə birlikdə qəhrəmanımızın həyat yolundan danışıb, yad etdik.

Seyfullazadə Kamran Cəlal oğlu 14 yanvar 1999-cu ildə Astara şəhərində anadan olmuşdur. Orta təhsilini Astara şəhər F.Əliyarov adına 6 saylı orta məktəbdə almışdır.

“N” saylı hərbi hissədə hərbi xidmətini başa vurub. Kamran İyul hadisələri zamanı hərbi komisarlığa gedərək könüllü cəbhəyə döyüşə getmək üçün yazılı ərizəsi ilə müraciət edib. Əks-hücum əməliyyatları başlayan ilk günlərdə Kamran könüllü cəbhəyə yollanıb. 
Şəhidin anası Seyfullayeva Ruqiyyə xanım deyir ki, ailəmizdə rəhmətlik şəhidlə birgə iki övladımız vardı:

"Oğlum çox dəcəl, amma mərd idi. Onun bütün mübarizəsinin bir amalı olub. Bacısı ilə bir məktəbdə oxuyurdu. 2 yaş fərqləri vardı, bir-birilərini çox istəyirdilər. Mən yemək bişirirdim, o paylayardı. Çox ağıllı idi mənim balam. Özünü tanıyandan bəri həmişə ya iş yoldaşı olmuşuq, ya da yol yoldaşı. Allah bütün analara o cür övlad versin, talehi elə olmasın. Mənim balam mələk idi. (Red. ağlayır)
Allah şəhidlərimizə rəhmət eləsin! Bütün qazilərimizə cansağlığı versin! Yaşasın müstəqil Azərbaycan!”

Bacısı Seyfullazadə Samirə Cəlal qızı deyir ki, qardaşım hərbi xidməti Ağdamda keçib, kəşfiyyat taborunda idi:
“Bir gün gəldi dedi ki, mailini mənə ver, lazımımdı, mən də verdim. İki dəfə könüllü qeydiyyatdan keçibmiş. O, həmişə içimə rahatlıq verərdi, mənə ata kimi rəftar edirdi. Biz ondan çox razıyıq, Allah da ondan razı olsun! Hara gedirdim, mənlə idi,  çox diqqətcil idi. Mənim qoruyucu mələyim idi. Evimizin bütün yükü onun üzərindən keçib. Bizim uşaqlığımız çox çətin keçib. Heç nəyi doyunca yaşamadıq, bilmədik necə keçdi uşaqlıq.

2020-ci il 21 sentyabrda yollanıb hərbi komissarlığa. Orada adı çıxmayıb, dava edib ki, mən bu gün gedəcəyəm döyüşə, məni də mütləq aparın. Oradan onu Ağcabədiyə yola salıblar. Sonra isə Füzuliyə. Mənim qardaşım ümumilikdə 41 gün döyüşüb, 12 gün Şuşada döyüşüb. 4 noyabrda əlbəyaxa döyüşlərdə yaralanıb. Əsgər yoldaşları deyir ki, qardaşım 80 kq yükü qoyub çiyninə dağa daşıyırmış. 1553 metr yüksəklikdə həlak olub qəhrəmancasına…

Şəhid Nail Orucovun hüzründən gəlirdim evə, gördüm dostları yığışıb hamı bizim evimizə tərəf baxırdı. O, şəhid olan günə kimi o qədər rahat idim. Mən həmin günü qardaşıma heç dua etmədim! Həmin günü içimdə fərahlıq vardı. Hərbi komissar bura gəldi, bayrağın üstünə şəklini qoydular, ondan sonra başa düşüb qışqırdım. Qardaşımı gətirdilər, üzünü açıb baxana kimi deyirdim yox, bu mənim qardaşım deyil, o ölə bilməz…” ( Red. ağlayır)
 
Vətən müharibəsində əks-hücum əməliyyatları başlayan ilk günlərdə Kamran könüllü cəbhəyə yollanıb. Füzuli, Hadrut, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarmışdır. Döyüş yoldaşları Kamranın onlarla erməni başını kəsdiyindən danışıb.Sonda isə Şuşaya ilk daxil olan Xüsusi Təyinatlı Dəstənin könüllüsü olaraq Kamran 4 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 5 noyabr 2020-ci ildə doğulduğu Astara şəhərində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Kamran Seyfullazadə ölümündən sonra "Vətən uğrunda" , “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Ruhun şad olsun, şəhid qardaşım!
 
 

 





13.02.2023    çap et  çap et