525.Az

Münhen görüşü sülhlə bağlı nələr vəd edir?


 

Münhen görüşü sülhlə bağlı nələr vəd edir?<b style="color:red"></b>

Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası bu iki ölkə arasında sülhün bərpa olunması üçün əsas məsələlərdəndir. Bu proses isə artıq 3 ilə yaxındır gecikir və yaxud gecikdirilir. Rusiyanın vasitəçiliyinin heç bir töhfə verməməsinin ardından bu məsələdə Aİ vasitəçilik rolu oynamağa başladı, lakin bu səyləri də gözlənilən nəticəni vermədi. İndi isə danışıqlar prosesində növbəti vasitəçilik səylərinin başladığı müşahidə olunmaqdadır. Bir neçə gün öncə Münhendə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.

İqtisadçı millət vəkili Vüqar Bayramov mətbuata açıqlamasında bu görüşü belə şərh edib: "Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. Nəzarət-buraxılış məntəqələrinin yaradılması sülh danışıqlarında əsas tərəf olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə uyğundur. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşmalıdır. 30 illik işğal dövründə Ermənistan qanunsuz yükdaşımalarla Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində ziyan vurub. Bu baxımdan hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgədə Azərbaycan Dövlət Gömrük Komitəsinin gömrük postlarının qurulması labüddür. Beynəlxalq hüquq da Azərbaycanın bütün suveren ərazisində gömrük nəzarətinin təşkilini dəstəkləyir".

Münhen görüşündə müzakirə edilən məsələlər və görüşdə Entoni Blinkenin də iştirakı amili Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olunmasına, sərhədlərin müəyyənləşməsinə töhfə verə bilərmi?

Politoloq İlyas Hüseynov "525"ə açıqlamasında bu görüşü tamamilə yeni bir səhifə adlandırıb: "Münhendə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi regionda sülhə töhfə verə biləcək addım kimi dəyərləndirilməlidir. Bundan əlavə, Münhen konfransı çərçivəsində Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistan liderləri arasında panel müzakirələr də keçirildi ki, bu da tamamilə yeni bir səhifə idi. Cənubi Qafqaz dövlətlərinin birgə əməkdaşlığı, iqtisadi sahədə əlaqələrin formalaşmasının ilkin konturlarının cızılması baxımından da belə görüşlər regional sülhə töhfə verə bilər. Biz artıq müşahidə edirik ki, ABŞ bu məsələdə öz siyasi gündəliyini formalaşdırmağa çalışır. Baxmayaraq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirsə də, Brüssel formatında sülh gündəliyinin davamını görə bilmədik. ABŞ-ın dövlət katibinin moderatorluğu ilə keçirilən görüş Qərbin siyasi xallarına yazılsa da, bu, Aİ-nin vasitəçiliyi demək deyil. Bu, birbaşa Vaşinqtonun yaratmaq istədiyi siyasi gündəliyin tərkib hissəsidir və məhz buna görə Rusiya tərəfi sonrakı dönəmlərdə öz təşəbbüslərini irəli sürməlidir ki, regional müstəvidə siyasi balansı qoruyub saxlaya bilsin. İndi əsas məsələ bundan ibarətdir ki, bu vasitəçilik səyləri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına töhfə versin və  siyasi irəliləyiş əldə olunsun. Qarabağ mövzusu artıq bitib və orada olan etnik ermənilərin gələcək taleyi Azərbaycanın qanunları və konstitusiyası ilə tənzimlənməlidir. Biz tərəf olaraq başqa bir yanaşmanı qəbul etmirik və bu da bizim legitim hüququmuzdur".

Fərid SANÇAR

 





23.02.2023    çap et  çap et