525.Az

"Ən böyük qəhrəmanlar müəllimlərdir"


 

MƏLEYKƏ ABBASZADƏ: "BİR İSTƏYİM DƏYİŞMƏZDİR -  AZƏRBAYCAN GƏNCLİYİNİ SAVADLI, BACARIQLI, BEYNƏLXALQ ALƏMDƏ HƏR ZAMAN İLKLƏRƏ İMZA ATANLAR SIRASINDA GÖRMƏK"

"Ən böyük qəhrəmanlar müəllimlərdir"<b style="color:red"></b>

İlk dəfə onu uzun illər əvvəl mətbuat konfransında gördüm. Sıralanan suallara aramla verdiyi dolğun cavablarını dinləyə-dinləyə düşünmüşdüm ki, görəsən, ondan müsahibə ala bilərəm? Həmin görüşdə ona heç bir sual ünvanlamadım, sadəcə dinlədim... 20 ildən artıq vaxt keçir həmin zamandan. Amma hər il bəlli bir vaxtda onun televiziyadakı çıxışlarını izləyəndə səsindəki həmin aramın dəyişmədiyini görürdüm və yenə də onunla üz-üzə həmsöhbət ola bilmək xəyalı keçirdi ağlımdan. Heç demə bu istəyimin gerçəkləşəyi qismətdə var imiş, sadəcə vədəsini gözləyirmiş. Ötən ayın sonunda fevralın bu günü 70 yaşı olacağını öyrəndim və ağlıma gələn ilk o oldu ki, bu məqamdan yararlanım. Düşündüyüm kimi də etdim. Böyük bir dövlət qurumunun mətbuat xidmətilə saxladığım əlaqədən iki gün sonra müsahibə üçün müsbət cavab aldım. Düzü, belə tez, üstəlik də eşitdiyim cavab gözlənilməz olduğu qədər də, sevindirici oldu, çünki həmişə istəyində olduğum müsahibəyə doğru yol açılmışdı. Yenə də iki gün keçdi və mənə bildirdilər ki, görüş günü fevralın 2-nə təyin olunub. Onu da dedilər ki, xanım, müsahibə üçün sizə bir saat vaxt ayrılıb, suallarınızı ölçüb-biçin. Suallar çox olsa da, onlardan ixtisar etmək məcburiyyətində qaldım. Və təyin olunan vaxtda böyük binaya daxil olanda xatırladım ki, bu gün fevralın 2-si Gənclər günüdür, müsahibimin də fəaliyyəti illərdir yalnız gənclərlə bağlıdır. Bilmirəm bu, təsadüf idi, ya yox, amma həqiqətin gerçək üzü idi. Beləliklə, qəzetimizin bugünkü qonağı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri, texnika elmləri namizədi Məleykə Abbaszadədir.

 

-Hamımız narahat bir dünyanın yol yoldaşıyıq.

- Dünya o qədər narahatdır ki, hər dəqiqə nələrsə baş verə bilir.  Bizlər də anındaca fərqli bir müstəviyə keçərək, nəinki hansısa müzakirələrdə iştirak edirik, hətta onların fəsadlarını da yaşayırıq. Dünyanın ağrı-acısını elə yaşayırıq ki, sanki bu, öz evimizdə baş verib. Əlimizdən gələni etməyə çalışırıq, edirik də, amma içimizdə düşünürük ki, bəlkə daha artıq nəsə edə bilərəm. Biz özümüz də dünyanın bir parçasıyıq və illərdir qonşularımızın münasibətini, siyasətdəki riyakarlığın hər üzünü görmüşük. Bəlkə də riyakarlıq siyasətin bir alətidir, çünki hər ölkədə baş verən eyni prosesləri müxtəlif səpkidə qələmə verməyi bacarmaq başqa anlam daşımır. Biz sovetlər birliyində böyüyənlər elə o zamanlarda da bunları görürdük və istənilən halda Vətənə, ətrafımıza sadiq qalmağı bacarırdıq.

- Sizinlə uzaq başlanğıca getmək istərdim...

- Bakıda ziyalı ailəsində anadan olmuşam. 189 nömrəli məktəbi əlaçı şagird kimi bitirmişəm. Dəqiq elmlərə marağım çox böyük olub və həmişə də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almaq istəmişəm və bu arzuma çatmışam. Mən qəbul olan ildə həmin universitetdə  hesablama riyaziyyatı və kibernetika fakültəsi yaradıldı və orada təhsil aldım. Ali təhsilimi bitirəndən sonra Vətənə qayıtdım, Elmlər Akademiyasının Kibernetika İnstitutunda fəaliyyətə başladım. Elmi biliyimi daha da artırmaq istəyi məni yenidən Moskvaya qaytardı. Burada iki il SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor kimi çalışdım. Bu dəfə Vətənə elmi işçi olaraq qayıtdım. Azərbaycanda siyasi gərginliyin başladığı illərdə  Kiyevdə Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda müdafiə edərək, texnika elmləri namizədi dərəcəsini aldım. Bir neçə il Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda və o zaman Azərbaycan Neft və Kimya İnstitutu adlanan ali təhsil ocağında fəaliyyət göstərdim. Artıq 90-cı illərin əvvəli idi, mənim tanıdığım Sovetlər Birliyi çökməyə doğru yol almışdı. O zaman Azərbaycan "İstedad" Assosiasiyası yaradıldı və orada sədr müavini kimi bir neçə il çalışdım ta ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına Ulu öndərin fərmanı ilə vəzifəyə təyin olunana qədər. Əvvəl sədr müavini, daha sonra TQDK-nın sədri vəzifəsinə irəli çəkildim. 2016-cı ildən qurumun hüquqi statusu, adı dəyişilərək Dövlət İmtahan Mərkəzi adlanır və mən bu mərkəzin Direktorlar Şurasının sədriyəm. Təbii ki, dəyişən təkcə ad deyil. Yalnız  bir istəyim dəyişməz olaraq qalıb - Azərbaycan gəncliyini savadlı, bacarıqlı, beynəlxalq aləmdə hər zaman ilklərə imza atanlar sırasında görmək.

- Həmin başlanğıcda böyüdüyünüz ailə də qalıb..

- Mən xoşbəxt bir övlad idim ki, atam Mehdi Mustafayev haqqında 70-ci illərdə çıxan Sovet Ensiklopediyasında  məlumat var. Atam Azərbaycanda  məsul vəzifələrdə çalışan dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, bir neçə çağırış respublika Ali Sovetinin deputatı olub. O, deyərdim ki, həyatını Azərbaycan təbiətinin qorunmasına sərf edib. Ali təhsili olsa da, anam evdar xanım olub. Onun əsas işi iki qız və bir oğlandan ibarət üç övladının tərbiyəsi ilə məşğul olmaq idi. Lakin bizə daha çox vaxt ayıran ana nənəm olub. Bizim tərbiyəmizdə onun rolu çox böyükdür. Dövrün bütün ziyalı ailələrində olduğu kimi biz oxuyub savadlı insan kimi yetişib cəmiyyətin yararlı üzvü olmağa borclu idik. Və bunun üçün ən əlçatmaz kitablarla belə, təmin olunurduq. Amma nənəmin bir qədər fərqli baxışları da var idi. Bacımla məni ev işlərinə də yönəltməyə çalışırdı və gələcək ailə həyatı üçün bunu vacib bilirdi. Bu istiqamətdəbaxışlarımız üst-üstə düşmürdü, mən onunla razılaşmayıb deyirdim ki, nənə, biz kommunizmdə yaşayacağıq və o zaman bütün işləri evdə robotlar görəcək. Ona görə də qızlarla oğlanlar arasında fərq qoymaq lazım deyil, o zaman hamı bərabər olacaq. Bununla belə, rəhmətlik nənəm öz fikrində yenə də qalırdı, bacardığı qədər biz iki bacıya evdarlığı öyrətmək istəyindən əl çəkmirdi. Ondan eşitdiyim: "Bəsdir oxudun", "Oxumaqdan gözünün qarası gedib, ağı qalıb, bir az da ev işləri gör" kimi sözlərini indi də xatırlayıram. Amma valideynlərim birmənalı olaraq bizi təhsilə yönəldirdi, hər üçümüz musiqi ilə məşğul olmuşuq. Məktəbdə qazandığımız nailiyyətlərlə həmişə ata-anamızı sevindirmişik. Çalışmışıq ki, onların bizdən gözlədiklərinə nail olaq. Etiraf edirəm ki, çox maraqlı illər yaşamışıq. Atam bizi bütün Azərbaycanı və SSR-nin şəhərlərinin hamısını gəzdirmişdi. Azərbaycanın təbiətinin vurğunu idi atam. İndi rayonlara gedəndə uşaqlıqda atamın bizə göstərdiyi mənzərələri axtarıram.

- Və qorxmadan təkbaşına Moskvaya oxumağa getdiniz...

- Mən qorxmurdum, amma nənəm və anam çox qorxurdu. Hər ikisi mənim Moskvada oxumağımın əleyhinə idi və etirazlarını atama çox açıq və sərt şəkildə bildirirdi. Əlimizin içində saxlayaraq böyütdüyümüz qızı kimlərin arasına buraxırsan deyərək, heç cürə barışmaq istəmirdilər mənim getməyimlə. Atam yalnız bunu dedi: "Bu, mənim qızımdır, oxumağa gedir və bilirəm ki, hər şey yaxşı olacaq". Onun bu sözləri qulağımda bir sırğa oldu, çünki məhz həmin universitetdə oxumaq mənim ən ümdə arzum idi. Riyaziyyatla məşğul olurdum, olimpiadalarda iştirak edirdim, bütün fikrim yalnız bu istiqamətə yönəlmişdi, çünki o dönəmdə Moskva Dövlət Universiteti ən mötəbər ali təhsil ocağı idi və mən arzusunda olduğum ali məktəbin tələbəsi oldum.

- Qorxu olmayan yerdə çətinlik də olmur...

- Əksinə, çətinlik olub. İlk illər yataqxana həyatı, müxtəlif yerlərdən gələn insanlarla ünsiyyətdə olmaq, onlarla gündəlik həyatın çətinliklərini bölüşmək asan deyildi. Ayrı yaşayış tərzi olan insanların davranışlarına təəccüb qaldığım vaxtlar da olub və bunların hamısı çətin idi. Sərt qışın soyuqluğu nəfəs kəsirdi, belə iqlimə öyrəncəli deyildim. Birinci sessiyada idmandan zaçot verib məqbul almaq lazım idi. Bu məqbulu da almaq üçün xizəklə təyin olunmuş məsafəni müəyyən edilmiş vaxt ərzində qət etmək  gərəkdi və bunu etməsə idim sessiya imtahanlarına buraxılmayacaqdım. Xizəyi mənə verib dedilər ki, 5 km-dən ibarət bu dövriyyələri keçməlisən. Mən axırıncı dövriyyəyə çatanda gördüm ki, bizə qiymət verən heyət artıq uzaqlaşır. Xizəyi ayağımdan aça belə bilmirdim və bu vəziyyətdə asfalt yolla getmək də mümkün deyildi. Olduqca gülməli bir vəziyyət yaranmışdı. Ancaq onların arxasınca qışqırırdım ki, mən gəlmişəm, getməyin. Səsimi eşidib geri qayıtdılar. Dedilər ki, çatdıra bilmədin. Sən heç xizəyə minməmisən soruşanda, mənim "yox" cavabıma təəccübləndilər. Bakıdan olduğumu deyib və bu vaxta qədər bir dəfə qar gördüyümü söyləyəndə, mənə xizəklə bir qədər asan yollarla keçmək üçün şərait yaratdılar ki, sessiyanı verə bilim. Yəni çətinliklər olub.

- Dəqiq elmlərə qızlar o qədər də meylli olmur...

- Riyaziyyat mənə çox maraqlı idi. Başqalarının bacarmadığını mən həll edə bilirdim. Bir məsələnin və ya misalın üzərində düşünüb onun həlli yollarını tapmaq mənim üçün maraqlı bir proses idi. O zaman kitab mağazalarında bədii ədəbiyyatdan savayı məsələlər toplusu da satılırdı. Yeni toplu çıxan kimi onu dərhal alırdım və böyük maraqla onları həll edirdim. Bununla yanaşı musiqi məktəbinə də gedirdim, mütaliə də edirdim. Bu baxımdan indiki gənclərə qibtə etmək olar. İnternet onlara böyük imkanlar yaradıb. İstədikləri nə varsa, çox asanlıqla onun elektron variantını orijinal dildə belə, oxuya bilirlər. Bircə ona heyfsilənirəm ki, bir neçə dil bilmək kimi fürsətimiz olmayıb. Biz o zaman dünya ədəbiyyatını yalnız rus dilinə tərcümədən oxuya bilirdik, çünki yeganə açarımız bu dil idi. Azərbaycan dilində tərcümələri barmaqla saymaq olardı. Mən  gənclərə tövsiyə edirəm ki, zamanın onlara verdiyi bütün fürsətlərdən yararlansınlar. Bu gün texnologiya və informatika onlar üçün o qədər geniş imkanlar yaradıb ki, hər şey  ovuclarıının içindədir. Yetər ki həvəsli olsunlar.

- Təhsili Moskvada aldınız, namizədlik dissertasiyasını Kiyevdə müdafiə etdiniz..

- Namizədlik işimi Moskvada başlamışdım, SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində çalışdığım zaman. Rəhbərim də çalışdığım şöbənin müdiri N.N.Moiseyev idi. Müdafiəyə çıxarılan hər  işə  mövzuya uyğun qrif verilir. Mənim işimə verilən qrif belə idi  - xidməti istifadə üçün. O zaman bir açıq, bir də qapalı elmi şuralar olurdu. Mənim işimin qapalı elmi şurası yalnız Ukraynada idi və ora getmək məcburiyyətində oldum. Baxmayaraq ki, bütün imtahanardan keçib ora gəlmişdim, bütün mərhələləri Kiyevdə təkrar keçməli oldum və həmin qapalı elmi şurada müdafiə etdim. Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, keçmiş SSRİ-də Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutu ən güclü elmi ocaqlardan biri idi. Bu müdafiəm mənə imkan verdi ki, oradakı elmi mühitlə tanış ola bilim və Kiyev mənə çox yaxın bir şəhər olaraq hələ də qalmaqdadır.

- 1992-ci ildə bir qərar qəbul edildi - test imtahan üsulu..

- Bu, siyasi qərar idi. Bu qərarla çox mürəkkəb bir prosesin siyasi həlli elan edildi. O zaman qəbul imtahanları mövzusu mənə çox yaxın və dərindən düşünməyə vadar edən bir məsələ idi. Çünki əkiz qızlarım orta məktəbdə oxuyurdular, qarşıda onları ali məktəbə qəbul gözləyirdi və arzum idi ki, hər ikisi mənim kimi Moskva Dövlət Universitetində təhsil alsın. Lakin gərgin vaxtlar idi, necə ki zamanında nənəm məni Moskvaya buraxmaq istəmirdi, indi mən onun vəziyyətində idim. 20 Yanvar qırğınından sonra qəti olaraq bilirdim ki, qızlar Rusiyada oxumayacaq. Ona görə də Azərbaycanda bu proses necə gedir deyə, bir anlayışım yox idi. Qızların atası indiki Bakı Dövlət Universitetində dərs deyirdi və bildirdi ki, bu, çox mürəkkəb məsələdir, müəyyən siyahılar var və ora düşmək lazımdır. Baxmayaraq ki, orada dərs deyirəm, deyə bilmərəm ki, qızlar qəbul oluna bilər. Onların yaxşı oxumaqlarının belə, əhəmiyyəti yoxdur. Aramızda olan bu söhbətdən sonra bir valideyn olaraq narahatlığım çox artdı və 1992-ci ildə bu qərar çıxanda, onu ilk alqışlayanlardan biri mən oldum.

- Yəni narahatlıq azaldı...

-  Bilirsiz, kütləvi imtahanların bu formatda keçirilməsi imkan verirdi ki, imtahan verən şəxs insan faktorundan uzaqlaşsın. Və onun gələcək taleyini imtahan qəbul edənin istəyi deyil, özünün biliyi, bacarığı həll edə bilsin. Lakin bu prosesin sürətli tətbiqi, elmi əsaslarla aparılması mürəkkəb məsələ olduğundan onu bir ilin ərzində həll etmək qeyri-mümkün idi. Ona görə də Türkiyədən gələn mütəxəssislər həmin il ilk test imtahanların keçirilməsində bizim yerli kadrlara yardım etdilər. Düzdü, vaxt tələb olunduğundan tədris ili gec başladı, lakin bu imtahan  baş tutdu. 1993-cü ildə artıq qızlarım məktəbi bitirdi, imtahanlarda iştirak etdi. Mən qızların bütün imkanlarına, gücünə bələd idim, çünki onların təhsili ilə şəxsən özüm məşğul idim. 88-ci illərdə elmi işlərimlə yanaşı ictimai əsaslara söykənən "İstedad" Assosiasiyasında da fəaliyyət göstərirdim. Hələ o vaxtlardan testologiya, təlim-tədris prosesində IT texnologiyaların tətbiqi, istedadlı uşaqların seçimi, riyaziyyat və informatika üzrə olimpiadaların keçirilməsi kimi işlərlə məşğul idim. Bir qrup gənc alim yeni növ məktəb Avropa liseyinin məzmununu, konsepsiyasını hazırlamaqla buna nail olduq. Ora şagird seçimi testlər əsasında aparılırdı, lakin bu, biliyin yoxlanması deyil, şagirdin istedadını müəyyən edən testlər idi. Bu baxımdan test imtahanlarının tətbiqi artıq mənə yaxın bir mövzu idi. Hər iki qızım 1993-cü ildə imtahan verib ali məktəbə qəbul oldu. Həmin zaman  mən bu sistemi bir iştirakçı kimi də müşahidə etdim. Tək qızlarımın deyil, onların sinif yoldaşlarının da imtahan nəticələrini təhlil edərək anladım ki, test  hər bir gəncə şərait yaradan bir yoldur.

- Amma hər bir prosesin mənfi və müsbət deyilən tərəfləri var.

- Təbii ki, var. Biz həmişə ideala sarı getsək də, onu əldə etmək olmur. Amma bununla belə həmişə, hər zaman nəyisə təkmilləşdirmək mümkündür. Və o zaman mənfilərlə yanaşı mən gördüm ki, məktəbi qurtaran bütün gənclərə eyni şərait yaradılıb. Bax, bu, kütləvi imtahanlarda ən başlıca şərtdir. 1993-cü ildə Ulu öndər hakimiyyətə gələndə, bu qərar bir daha təsdiqini tapdı. Bu sahəyə xidmət edəcək qurumun qorunması, inkişafı üçün Heydər Əliyev böyük işlər gördü. Məhz onun  möhkəm iradəsi, güclü əzmi nəticəsində bu prosesə qarşı çıxanların, onu beşikdəcə boğmaq istəyənlərin istəyi gözündə qaldı. Mən bura rəhbər təyin olunanda həmin qara qüvvələrin sayı kifayət qədər çox idi. Ulu öndər gəncləri çox sevirdi, onların təhsili, ölkə üçün savadlı kadrların yetişməsi bu şəxsiyyət  üçün ən vacib məsələlərdən olub. Ona görə də bu qurum həmişə onun diqqət və qayğısı sayəsində inkişaf edə bilib.

- Rəhbərlik etdiyiniz qurumdan razı qaldığınız məqamlar...

- Əslində, mən həmişə bir səbəb tapıb nə iləsə narazı olmağı bacarıram. Nailiyyətlərimiz nə qədər yüksək olsa da, bilirəm ki, işin təkmilləşdirilməsi üçün hələ də imkanlar var və onlardan həmişə istifadə etməyə çalışıram. İndi dəyişən çox şey var. Əsas qalan isə biliyin qiymətləndirilməsində insan faktorunun olmamasıdır. Həmin proses bu gün tam avtomatlaşdırılmış şəkildə gedir. Amma bununla belə, ekspertlər də bu prosesdən kənarda qalmır. Əgər ekspert rəyində bir yanlışlıq olarsa, sistem dərhal o səhvi göstərir, yanlışlıq aradan qalxır və hesablanan düzgün bal üzə çıxır.

- Amma keçid ballarının aşağı salınması kimi hallar da olur...

- Bu sualla tez-tez qarşılaşıram. Məsələ ondadır ki, prosesin əsas mahiyyəti insanların diqqət mərkəzində deyil. Baxın, imtahan prosesində hamı üçün eyni şərait yaradılıb, suallar hamı üçün eynidir. Verilən cavablar da eyni meyarlarla yoxlanılır. Keçid ballarının aşağı salınması və ya yüksəldilməsi yoxlama prosesindən asılı olan bir iş deyil. Bu, abituriyentin verdiyi cavablardan asılıdır. Əgər müəyyən suallaraheç kim cavab verə bilməyibsə, onda keçid balı endirilir, əksinə, əgər hamı cavab verə bilibsə, o zaman ballar yüksəlir. Yəni bu, imtahan iştirakçılarının bilik səviyyəsindən asılıdır. Buna isə heç birimiz təsir göstərə bilmərik. Ona görə ki, bunun bünövrəsi məktəbdə on bir il əvvəl qoyulub.

- Məktəb demişkən, Azərbaycan təhsili bu gün...

- Mən həmişə bir düşüncədə olmuşam ki, təhsil insanın özündən asılıdır. Əgər biri oxuyub təhsil almaq istəyirsə, o, bunu mütləq edəcək. Bu gün təhsil almaq üçün imkanlar çox genişdir, nəinki 20 il əvvəl. Sovet dönəmində diploma xüsusi diqqət vardı, amma bu günün gənci bunu vacib hesab etmir. Onun üçün əsas bilik və bacarıqdır. Təhsil sistemi oxumağa təhrik etməməlidir,  anlatmağı bacarmalıdır ki, sizə gələcəyiniz üçün imkan yaradılıb, seçimi özünüz edin. Şəraitdən asılı olmayaraq, təhsil prosesi həmişə davam edir. Cəmiyyətdə ən böyük qəhrəmanlar müəllimlərdir. Nə olursa, olsun səhər 8-də məktəbdə olmaq, proqram üzrə dərsi keçmək, şagirdlərlə ünsiyyət qurmaq - bu, çox çətin prosesdir. Və soyuğa, istiyə, qara, yağışa, evinin probleminə, əhvalının narahatlığına belə, baxmadan minlərlə müəllim hər gün bu işi görür. Necə ki, bir ana körpə uşağını hər şeyə rəğmən vaxtında yedizdirib ona diqqət yetirir, müəllimlər də öz işində belə fədakardırlar. Vaxtında, saatında sinifdə olub şagirdə lazım olanı müəllim verməlidir və o, bunu edir. Dövlətlər də işini elə qurub ki, təhsilə lazım olan vəsaiti həmişə tapıb və tapacaq da, çünki intellektual qida olmadan inkişafdan söhbət gedə bilməz.

- Gənclik və zaman...

- Mənə elə gəlir ki, gənclik nə istəyirsə, o da onun olmalıdır. Onlar düşünür ki, dünyanı kəşf edib yeni bir həyat yaradacaqlar. Və o həyat daha xoşbəxt olacaq. Belə baxanda, axı bu, təbii istəkdir. Hamımız istəyirik ki, övladlarımız bizdən daha savadlı, daha ağıllı, daha sağlam  olsun, daha firavan həyat yaşasın. Mən onların istəklərini dəstəkləyirəm və daha parlaq bir gələcəyə sahib olmaqlarını arzulayıram. Bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, bu dünya gənclərə qalacaq. Biz yalnız təcrübəmizi onlara çatdırmağa çalışmalıyıq. Ona görə yox ki, mütləq bizim elədiklərimizi təkrarlasınlar. Həyata baxışlarında, bir qərara varmaq istədiklərində bizim təcrübəmiz onlar üçün bir tramplin olsun ki, ona əsaslanıb irəli getməyi bacarsınlar. Mən istəyirəm ki, mənim ölkəmin gəncləri ən bilikli, ən savadlı olsun. Zamanında öz övladlarımı necə görmək istəmişəmsə, bu gün fəaliyyət dairəmin qəhrəmanları olan gənclərə də o istəklə baxıram, çünki bir ölkənin qüdrətli olması onun vətəndaşlarının bilik və bacarığından çox asılıdır. Mən Azərbaycanı həmişə güclü görmək istəyirəm.

- Həyatda həm itiririk, həm də qazanırıq...

- Elə itkilərim olub ki, onlarla hələ də barışa bilmirəm. Amma onu da bilirəm ki, yaşamaq naminə bununla barışmaq lazımdır.İtki sənin özünü belə, dəyişir. Və zamanla anlayırsan ki, yanında sevdiklərin var, onlara lazımsan, hələ kiçikdilər, onları böyüdüb ayaq üstə qoymalısan və buna görə özündə güc tapmağa məcbursan. Qazandığım yaxşı dostlar olub, amma zamanla onlardan da itirmişəm. Elmi nailiyyətlərim olub, müəyyən layihələri uğurla başa çatdırıb nəticəsini görmüşəm. Çox maraqlı insanlarla ünsiyyətdə olmuşam. Bu gün qızlarımın, nəvələrimin uğurlarını görəndə, hiss edirəm ki, nələrisə bacarmışam. Gənclərimizin Vətəndən kənarda  bir nailiyyətini görəndə, elmi olimpiadalarda uğurr qazandıqlarını eşidəndə sanıram ki, mənim üçün bundan böyük qazanc ola bilməz.

- İnsan geri boylananda heyfsləndiyi nələrsə olur...

- Yox, heyfslənmək istəmirəm, çünki xoşbəxt biri olmuşam. Elə bir mühitdə böyümüşəm ki, bizi əl üstündə saxlayıblar, böyük məhəbbət, qayğı, diqqət göstəriblər. Gəncliyimdə həm sevmişəm, həm sevilmişəm. Xoşbəxt bir ana kimi qızlarımı bəsləyib onların nailiyyətlərinə sevinmişəm. Əslində səhvsiz insan olmur. İndiki düşüncəmlə baxanda, təbii ki, nələrisə başqa cür edərdim, hisslərə qapılıb qərarlar verməzdim. Amma səhvlərin özü də sonralar imkan yaradır ki, onları etiraf edə biləsən.

- Ömrümüzdən keçən 44 gün...

- Müharibə başlayana qədər mən yerlə göyün arasında idim. Elə bir itkinin acısını yaşayırdım ki, nə edəcəyimi bilmirdim. Amma bu müharibə sanki məni oyatdı. Hər gün evlərə gələn şəhidləri görəndə anladım ki, bala dərdindən də böyük Vətən dərdi var. Biz xeyli şəhid verdik, onların sayı qədər gözüyaşlı analar, atasız uşaqlar qaldı. Bir də onu anladım ki, uşaqlara görə dözməyi  bacarmalıyıq və bizə Qarabağı qaytaran şəhidləri göz yaşı ilə deyil, qürurla anmağa borcluyuq.

SÖZARDI: Bəzən əlçatmaz zənn etdiklərimizlə bir gün üz-üzə gələndə, görürük ki, əslində onlar da bizlərdən biridir. Məleykə xanımla söhbət əsnasında qarşımda  daha çox həssas bir ana gördüm. Onunla Gənclər günündə görüşsəm də, yazını fevralın 23-nə saxladıq. Saxladıq ona görə ki, onu təbrik edərək deyək:

MƏLEYKƏ XANIM, AD GÜNÜNÜZ MÜBARƏK!

Tamilla M-zadə

 





23.02.2023    çap et  çap et