525.Az

Zəlzələnin oyatdığı suallar - Təvəkkül Boysunar yazır


 

Zəlzələnin oyatdığı suallar - <b style="color:red"> Təvəkkül Boysunar yazır</b>

Zəlzələnin dağıntıları altında qalıb can verən uşaqları düşünəndə istər-istəməz adamın ağlına bu fikir gəlir ki, görəsən, Allah niyə bütün bunlara imkan verir?

Bu suala cavab olaraq bəzi adamlar deyir ki, Allah bu cür dəhşətli zəlzələlərlə öz bəndələrinə xəbərdarlıq edir, onları imtahana çəkir, yaxud qəzəbini göstərərək günahkar insanları cəzalandırır. Amma çox maraqlıdır, gəlin, hesab eləyək ki, bu deyilən doğrudur, o zaman, görəsən, nəyə görə Allah, cəzalandırmaq üçün, yaxud imtahana çəkmək üçün məhz ona ibadət eləyən, müsəlman olan, sakit, kasıb, dinc həyat tərzi sürən adamları seçir? Görəsən, Allah nə üçün haram işlərlə, çirkin əməllərlə məşğul olan, heç Allah haqqında düşünmək ehtiyacı duymayan, onun qadağaları barəsində indiyəcən bircə dəfə də fikirləşməyən, gecə-gündüz barlarda, diskotekalarda, klublarda içki içən, qumar oynayan, heç bir sərhəd olmadan hər gün istədiyi şəxslərlə yatıb-qalxan, hətta öz həmcinslərinin də "dadına baxmaq"dan çəkinməyən insanlara, toplumlara yox, məhz kasıb, sadə, təmiz həyat tərzi sürən,səhərlər uşaqlarını məktəbə aparan, yaxud yeni doğulacaq körpələrini gözləyən ailələlərə xəbərdarlıq edir, onları cəzalandırır? Niyə?

 Dağıntılar altında qalıb can verən və həyatın hələ nədən ibarət olduğunu anlamayan uşaq, görəsən, nəyin cəzasını çəkir? Bir gün əvvəl dərsə hazırlıqsız getdiyi üçün, yaxud karandaşını sinif yoldaşı ilə paylaşmadığı üçün heç kəsə belə cəza verilmir.

Görəsən nə üçün o uşaqların cəzası, məsələn, başqa ölkələrin torpağına və on minlərlə insanın həyatına qənim kəsilən işğalçı liderlərdən daha tez veriləsi oldu? Niyə?

Ateistlər üçün bütün bu sualların çox sadə və rahat bir cavabı var:

"Çünki Allah yoxdur".

Allahın varlığını hiss edən, bilən, duyan və ona inanan adamlar isə, zənnimcə, bu suallara cavab verərkən böyük bir çətinliklə üzləşəcəklər.

Lakin illər ərzində davam edən düşüncə və mütaliələrimdən sonra hiss edirəm ki, mənim bu suallara veriləcək məntiqli cavablarım var. Amma onu da hiss edirəm ki, ağlımdakı cavabları ətraflı izah etsəm, bundan ötrü kitab yazmalı olaram və hər hansı kitab da tezliklə ərsəyə gələcək bir şey deyil.

Sadəcə çox qısa şəkildə bir-iki məqamı qeyd edəsi olsam, onu demək lazımdır ki, Allahın iş prinsipi heç də insanların düşündüyü şəkildə deyil. Quranı diqqətlə oxuduqda, həyatı diqqətlə müşahidə etdikdə, yara tökmüş bədəninin ağrısıyla yaşamağa məcbur qalan Eyyubun, illərlə zindanda yatan Yusifin, çarmıxa çəkilən İsanın, uşaqkən ölən oğlunu öz əliylə torpağa verən Məhəmmədin məhz peyğəmbər olduqlarını, lakin həyatdakı səbəb-nəticə əlaqələrinin, fiziki qanunların onlara da bərabər şəkildə tətbiq edildiyini dərk edəndə Allahın iş prinsipinin necə olduğunu təxminən anlamaq mümkündür.

Tanrının kainatı idarəetmə tərzi (əksər hallarda) fiziki qanunlara və səbəb-nəticə əlaqələrinə əsaslanır və elə buna görə də, məsələn, Bill Qeyts hər hansı biznes sahəsində fəaliyyət göstərərkən Tanrı onun ateist olmağına baxıb işini uğursuz etmək haqqında düşünmür, Tanrı onun uğurunu, gördüyü işin dəqiqliyinə, tədbirliliyinə görə müəyyənləşdirir.

Yəni Tanrının cəzavermə prinsipi də bir qanunauyğunluq üzrə işləyir. Və sırf bu nöqteyi-nəzərdən baxdıqda, olduqca sərt və təhlükəli səslənən aşağıdakı fikri də demək yanlış olmaz:

Bəli, Tanrı zəlzələ ilə insanları cəzalandırdı.

Amma bu cəza o insanların namaz qılıb-qılmamağına, oruc tutub-tutmamağına, yaxud hicab bağlayıb-bağlamamağına görə verilməmişdi. Bu cəza, o insanların binaları keyfiyyətsiz və bərbad şəkildə tikməyinə görə verilmişdi. Bu cəza, artıq polislər tərəfindən həbs edilmiş neçə-neçə podratçının rüşvətxor və qanunsuz fəaliyyətlərini bildikləri halda hər kəsin buna laqeyd qalmağına, bununla mübarizə aparmamağına, buna göz yummağına görə verilmişdi. Bu cəza, binaları inşa edən və zəruri tikinti materiallarının azlığını görsə də, buna məhəl qoymayan fəhlələrin və ustaların vecsizliyinə görə verilmişdi.

Əgər Tanrının cəza prinsipi məhz bu şəkildə olmasaydı, o zaman Yaponiyada 9 ballıq zəlzələlərə tab gətirən göydələnlər də yerlə-yeksan olmalı və altında qalan hər kəsi öldürməliydi.

Göründüyü kimi Tanrı, insanı ateistliyinə görə yox, vicdanına və gördüyü işi nə dərəcədə ləyaqətlə icra etməsinə əsasən cəzalandırır.

İnsanın nə üçün yaradıldığını izah edən, Mülk surəsinin 2-ci ayəsindəki bu cümləni dərindən anlamağa cəhd etdikdə məsələ bizim üçün bir qədər də aydınlaşmış olar:

"Hansınızın daha yaxşı iş görəcəyini yoxlamaq üçün həyatı və ölümü yaradan Odur".

Bəli, qənaətimcə, bu ayədə yer alan "yaxşı iş görmək" ifadəsi, təkcə xeyirxahlıq etməyi yox, məhz elə gördüyü işi vicdanla və gözəl şəkildə yerinə yetirməyi də vurğulayır. Bunun belə olduğuna inanmağınız üçün hər hansı bir işi bütün diqqətinizlə gördükdən və istədiyiniz nəticəyə nail olduqdan sonra içinizdə duyduğunuz o xoşbəxtlik və rahatlıq hissini xatırlamağınız və o hissin Allahdan bir növ mükafat olduğunu dərk etməyiniz yetərli olar.

Yaxud uçmuş binalardakı betonların adi əllə rahatca ovulduğunu göstərən televiziya ekranlarındakı səhnələri yada sala-sala Quranın bir ayəsinə də nəzər yetirək:

"Başınıza gələn hər hansı müsibət öz əllərinizlə gördüyünüz işlərin nəticəsidir" (Şura surəsi 30).

Başqa bir məqam:

İlk baxışdan kasıb və çətin həyat yaşadığını gördüyümüz və bədbəxt olduğunu düşündüyümüz bir adamın əslində zəngin və xoşbəxt görsənən birindən daha rahat, daha xoşbəxt olması mümkün olduğu üçün, ağır və pis durumda qalan birinə də Allahın necə yardım göstərdiyini, qəlbini hansı hisslərlə dəstəklədiyini, çəkdiyi əzabı necə yüngülləşdirdiyini heç kəs bilə bilməz. Qısa izah etdiyim üçün, çox oxucunun anlamaqda çətinlik çəkəcəyi bu məqamı daha yaxşı başa düşməyə Enbiya surəsinin 69-cu ayəsi, bəlkə, müəyyən qədər faydalı ola bilər:

"Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq".

Bu məsələylə bağlı digər məqam da ondan ibarətdir ki, heç kəs həyatın ölümdən daha yaxşı olduğunu, ölümün həyatdan daha pis olduğunu isbat edəcək bilgi və təcrübəyə malik deyil və kliniki ölüm yaşayan adamların hiss etdiyi duyğular da məşhur Vanqanın aşağıdakı iki cümləsiylə üst-üstə düşür:

"Əgər ölüm anında insanın nələr hiss etdiyini bilsəydiniz, hamınız elə bu dəqiqə ölmək istəyərdiniz".

Yaxud:

"Ruhların hara gedəcəyini bilsəydiniz, bir gün də artıq yaşamaq istəməzdiniz".

7 fevral, 2023

 





23.02.2023    çap et  çap et