525.Az

Xocalını gözləyən təhlükə - Faiq Sadıqov yazır


 

MƏN BU BARƏDƏ BİR AY ƏVVƏL XƏBƏRDARLIQ ETMİŞDİM

Xocalını gözləyən təhlükə - <b style="color:red"> Faiq Sadıqov yazır</b>

31 il əvvəl baş vermiş və bütövlükdə Qarabağın itirilməsinin başlanğıcını qoyan Xocalı qətliamı nədən baş verdi, günahkarlar kimdir, faciənin qarşısını almaq olardımı? Bütün bu suallara cavab tapmaq üçün 30 ildə saysız-hesabsız məqalələr, kitablar yazılıb, təhlillər aparılıb, mülahizələr irəli sürülüb, faktlar araşdırılıb. Qan yaddaşımızda dərin izlər qoymuş faciəyə aparan yol, başvermə səbəbləri, dəhşətləri, düşmənə layiqli cavab verə bilməməyimizin səbəbləri həmin dövrdə mətbuatda - əsasən də cəbhə müxbiri işlədiyim "Ədalət" qəzetində dərc etdirdiyim materiallarda aydınlığı, tutarlı faktlarla tam əksini tapmışdı. İndiki nəsildə Xocalı müsibətinin baş vermə səbəbləri və nəticələri barədə aydın təsəvvür olsun deyə 31 il əvvəl dərc olunmuş həmin materialların bir qismini oxuculara təqdim edirəm.

 

(Əvvəli ötən sayımızda)

 

Ermənilər  böyük  qüvvə  ilə  Xocalı  şəhərinə  basqın  etmişlər. Xocalı  milis  şöbəsinin əməkdaşları  və  Milli Ordunun  əsgərləri düşməni geri  oturtmuşlar. Xocalı  şəhər sakini Qamboy  Həsənov  ağır yaralanmışdır.

9 yanvar 1992-ci il.

 

Son 4 ildə ermənilərin Şuşaya ən böyük basqını olmuşdur. Təxminən 10 nəfər həlak olmuş, 35 nəfər yaralanmış, xeyli adam itkin düşmüşdür.

lll

Bir gün əvvəl isə ermənilər ağır tanklarla Malıbəyli kəndinə hücum ediblər. Xocalıda da vəziyyət ağır olaraq qalır. Şəhər neçə müddətdir ki, mühasirədədir. Respublikanın rəhbərliyi tezliklə Əsgəran yolunu açmasa xocalıların taleyinin necə olacağını bilmək üçün peyğəmbər olmaq lazım deyil!

28 yanvar 1992-ci il.

Malıbəyli  və  Quşçular  ermənilər  tərəfindən  işğal  olundu. Şuşanın  yolu  ermənilər üçün açıldı. Şuşa  və  Xocalı  təhlükədədir!!!

14  fevral  1992-ci il.

 

XOCALI FACİƏSİ: ölən kimdi, qalan kim?

... Məlum deyil. Xocalı faciəsi barədə, mətbuatımız, radio və televiziyamız demək olar ki, heç nə demədi. Elə bir jurnalist həmkarlarımızın dili-ağzı bağlanmışdı. Elə bil qələmlər tilsimə düşmüşdü. Biz də gecikmişik. Amma gec də olsa, həqiqəti - əsl həqiqəti xalqa çatdırmaq lazımdır. Qarabağın başı üzərini qara buludlar alandan faciələr içindəyik. Amma onların heç biri Xocalı müsibəti ilə müqayisə oluna bilməz...

Bu faciəni bütün detalları ilə yazmağa qələm acizdir. Ağdam rayon xəstəxanasının qarşısındakı mənzərəni tarix görməyib - bu sözləri bütün məsuliyyəti ilə deyirəm! İnsanların ah-naləsi ərşə dirənib. Bu sazaqlı gündə qocaların, qadınların, uşaqların ayaqlarının yalınlığı, paltarlarının nazikliyi, günlərdi ac qalmaları yadlarına düşmür. İtənlərini soraqlayırlar. Sel kimi axan göz yaşları içində faciə gecəsi şəhid şəhərdə olmuş doğmalarının, əzizlərinin ölüsündən, ya dirisindən xəbər gözləyirlər. Nə qədər məşəqqətli və əzablı olsa da onları dinləyib itirdikləri doğmalarının adlarını bir-bir dəftərçəmə qeyd edirəm...

Bakı Pedaqoji Universitetinin tələbəsi Mehriban Məmmədovanın ağlamaqdan gözlərində yaş donub. Üç gündür atası Məmmədin, əmisi Cəmilin, əmisi oğlu Kamilin yolunu gözləyir. Binəva qız bu gündən sonra ata ocağı deyib, hansı ünvana üz tutacaq?!

18 yaşlı Dürdanə Cabbarovanı, 25 yaşlı Səidə Məmmədovanı, 5 yaşlı Siracı ilə birlikdə quldurların sürüyüb apardığını gözləri ilə görən olub...

Zahid balasını və ömür - gün yoldaşı Yelmarı itirmiş Qənirə ana ağı deyir... Düşmən caynağından təsadüfən çıxmış Baxşeyiş İsmayılov deyir ki, onun həmyerlilərindən 150 nəfərin Dəhraz kəndindəki toyuq fermasında girov saxlandığını dəqiq bilir.

Həsənova Tofiqə öldürülüb. 2 aylıq körpəsi bir gecə inləyə-inləyə anasının ağuşunda qalıb. Sonra üstünə qar yağıb. Xəstəxanaya gətirilsə də keçinib...

Ömrünün ixtiyar çağını yaşayan Qaryağdı Quliyev quldurlar şəhərə basqın edərkən 9 nəfər ailə üzvü ilə birlikdə Abdal Gülablıya üz tutub. Yolda qardaşının ayaqları tutulub. Ailə üzvlərini meşəyə ötürüb, qardaşını çiyninə alıb. Səhər Ağdama gəlib çıxıb. Ailəsi isə həmin gecə Harov və Dəhraz erməniləri ilə qarşılaşıb... və indi hardadırlar, bir Allah bilir...

Bakıdan gəlmiş Bəkir Məmmədov bircə qardaşı Vaqifin öldüyünü bilir. Qalan 30 nəfər qohum - əqrəbasından birini də tapmır...

Araz  və Mikayıl Səlimov qardaşlarını analarının gözü qarşısında güllələyiblər...

Tələbə Almaz Həsənovanı heç kim ovuda bilmir. Şahidlərin dediyinə görə onun atası, şəhər sovetinin katibi Şöhrət Həsənov Xocalını sonuncular arasında tərk edib. Qadın və uşaqları meşəyə qədər müdafiə edib. Son gülləsinə qədər döyüşüb, yaralanıb və orada qalıb...

Emin Cəfərovun babası Məhəmməd və nənəsi Bağdad öldürülüb, atası Cəfər itib...

Şahin Cəfərov : "Meyidlərimiz şumun ortasında qaldı!.."

Bütün varlığı ilə Qarabağa bağlı oğlanlar - Əlif Hacıyev və Əbülfət Əliyev öldürülüb...

Çoxlu qadın və qız girov götürülüb. Aparıldıqları istiqamət məlum deyil. Onlardan 2-si qayıdıb - Elza Həmidova və Nəsimə Həbibullina . Sonuncu milliyyətcə tatardı . Güclə danışa bilir:

Yaqubun oğlu Canpolad da həlak olub...

Eldar İsbəndiyarov anasının qucağında canını tapşırıb...

Eldar Abdullayev və Əsgər Əliyev də öldürülüblər...

...Və "ermənilərin Xocalıya hücumu zamanı vur-tut 2 nəfərin həlak olduğu, şəhərin isə dərhal erməni quldurlarından təmizləndiyi" barədə ilkin məlumat verən rəsmilərə xatırlatmaq istəyirəm ki, bunlar hələlik adları məlum olan şəhidlərdir. Amma inanmaq istəməsək də acı həqiqət etiraf olunmalıdır - onların sayı çoxdur! Lap çoxdur!!!

Sevinc və Elnarə Aslanovalar.

Sabir, Zemfira və Sadiq Xudayarovlar.

Qulu, İqbal, Qəim Aslanovlar.

Sevindik, Reyhan, Elşad, Tünzalə, Təranə, Yeganə, Kamilə, Mehdi, Ələddin Paşayevlər.

Sara, Şəhla, Rəvanə, Nuranə, Şükür, Paket, Nəbi, Rövşən, Sevinc Paşayevlər.

Azər, Ceyhun, Niyaməddin, Afiqə Məmmədovlar.

Adil, Natiq, Nazim Rəşidovlar.

Vidadi Əliyevin qaynatasının 6 nəfər ailə üzvü.

Əşrəf, Gümüş Sehranə, Zəminə, Əminə Vəliyevlər.

Zərəfşan və Vüqar Hüseynovlar.

Tamara və Mübariz Orucovlar.

Elxan, Cəlalə, Günay Qəhrəmanovlar.

Səadət və Qədir Zeynalovlar.

Kamilə, Azad, Vüqar Nəsibovlar.

Şahlar, Afət, Kamal Vəliyevlər.

Zəhra və Məhəmməd Salahovlar.

Fatma və Novruz Zamanovlar.

Əli və Hidayət Eyvazovlar.

Vaqif, Güllü, Sadiq Ağalarovlar.

Xasay Xəlilov qohumları Qaçay və Zərifə ilə birlikdə.

Əsgər, Bilman, Nərmin, Ramil Ələkbərovlar.

Zöhrə və Zakir Quliyevlər.

Bəsti, Reyhan, Hümbət Abdullayevlər.

David və Şahin Haqverdiyevlər.

Kifayət və Mübariz Həmidovlar.

Qədim, Mələk, Qaraş, Elbrus, Səfurə Abbasovlar.

Hüseyn, Zinyət, Rəşid Hüseynovlar.

Canan, Gülayə, Aybəniz, Leyla, Xaqani Orucovlar.

Samuran, Firuz, Soltan, Firəngül Kərikovlar.

Əli, Ziba, Vüqar, Etibar, Adilə, Nəcəfovlar.

Mobil və Etibar Abışovlar.

Tofiq, Nübar, Rafiq Süleymanovlar.

Hümbət, Bəsti, Raqiyyə İsbəndiyarovlar.

Ağayar, Sona, Malik İmanovlar.

Bəsrə və Vaqif Məhərrəmovlar.

Səlim, Məhluqə, Ramin, Teymur, İntiqam Musayevlər.

Həsən, Fitat, Gülçöhrə, Elgün Həsənovlar.

Nazir və Telmar Əbdülovlar.

Sadiq və Sahid Həsənovlar.

Elxan, Günüay, Vüqar Rəcəbovlar.

Cəmil, Lalə, Məmməd Məmmədovlar.

Yaşar, Faiq, Namiq, Sirac Əlməmmədovlar.

Həsən, Göyçək, Xədicə, Təzəgül Həsənovlar.

Səmən, Vüsalə, Xəyalə Abdullayevalar.

Kamran, Matan Zakir, Elşad, Əlyar Usubovlar.

Aydın, Mehman, Mahirə, İradə, Salman, Usubəli Narxanım Əliyevlər .

Suğra və Həmayıl Abbasovalar.

Sürəyya və Süleyman Abdullayevlər.

Əli, Zaur, Niftalı Nəbiyevlər.

Tofiq , Eldar , Telman Zeynalovlar.

Mehriban, Növrəstə, Rəcəb, Şəbnəm, Məzhər Hüseynovlar.

Məhəmməd, Aydın, Şeyda, Füzuli Məmmədovlar.

Zair, Nazilə, Ağasif Vəliyevlər.

Sürəyya və Nüseyn Əliyevlər.

Tofiq, Məxmər, Mirsiyab, Minəş, Bakir Hüseynovlar .

Məhbubə Abışova - 2 uşağı ilə birlikdə.

Sara Quliyeva - 4 uşağı ilə birlikdə.

Sevil Əbdülova - 3 uşağı ilə birlikdə.

Muradxan Əliyev, Azad Cabbarov, Abbasəli Sevdimalıyev, Səlim Həşimov, Şiraslan Nəcəfov, Zülfü Süleymanov, Gülalı Mehrəliyev, Əzizağa Mahmudov, Abbas Novruzov, Natiq Quliyev, Nadir Hümbətov, Kamal Xudayarov, Dilarə Nurəliyeva, Məmməd Nağıyev, Razəndə Namazova, Yaqut Əliyeva, Cəlalət Həsənova, Davud Haqverdiyev, Səidə Məmmədova, Ruslan Orucov, Lətafət Həsənova, Əli Cavadov, Arif Əliyev, Asif Cəfərov, Elmira Məmmədova, Vəlyəddin Abbasov, Cəfər Cəfərov, Əhliman Mahmudov, Zakir Əliyev, Vaqif Məmmədov, Əliş Quliyev, Mərizə Məmmədaova, Çiçək Sadıqova...

Mən Ağdamda bitmək bilməyən bu siyahını tutanda faciədən 3 gün keçirdi. Faciənin ağlasığmazlığı bu siyahının hələ uzanacağına şübhə yeri qoymurdu. Yalnız Ağdamdakı özünümüdafiə qüvvələrinin gücü ilə müəyyən işlər görülsə də meyitlərin götürülməsi, itkinlərin axtarılması üçün dövlət səviyyəsində tutarlı bir tədbir görülməsi hiss olunmur.

... İçindən korun - korun yanıb, tüstüsü təpəsindən çıxan bu millət kimsəsiz görünür. Ümidi Allaha qalıb. Elə bil, Tanrı da görmür bu xalqın müsibətini...

Deyəsən, Qarabağda tökülən qanlar yerdə qalacaq, axı!..

3 mart 1992 - ci il.

 

XOCALI "DÜYÜNÜ"

 

Əsrin faciəsindən 1 il ötdü...

XOCALI ... Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələri kimi uzun illər diqqətdən kənarda qalmış bir qəsəbəsi... Erməni xəyanəti bütün çılpaqlığı ilə özünü biruzə verdikdən sonra respublika rəhbərliyinin gecdən də gec ayılıb Xankəndi ilə Əsgəran arasında qala-şəhərə çevirmək istədiyi Xocalıya Azərbaycanın müxtəlif yerlərindən inşaatçılar gəlir, külli miqdarda inşaat materialları gətirilirdi. Xocalı az vaxtda öz görkəmini dəyişmişdi. Xocalıda təzə sakinlər görünməyə başlamışdı. O vaxt bu şəhərə təkcə Xankəndindən 5 min qaçqın gəlmişdi. Üçcə il əvvəl buraxılmış "Azərbaycanın fiziki xəritəsi"nə adı belə düşməyən bu şəhərin strateji əhəmiyyətini Bakı duymuşdu. Amma gec idi. Çox gec idi... Qəribədi, Xocalı tikilirdi, amma onun müdafiəsi unudulmuşdu. Şəhərin müqəddəratı bir Allahın, bir də xocalıların öz ümidinə qalmışdı. Faciə ərəfəsində dəfələrlə bu şəhərdə olmuşduq və dəfələrlə bu şəhərin başı üzərini qara buludlar aldığı barədə  xəbərdarlıq etmişdik. Fəqət...

...Erməni bizi dişinə vurub sınayırdı. Birinci sınaq düz 4 il əvvəl - ilk şəhidlərimiz Bəxtiyar və Əli qətlə yetiriləndən başladı. Ağsaqqal və ağbirçəklər araya girdilər, dəli - dolu cavanlarımızın qabağına durub intiqam almağa qoymadılar. İki günahsız gəncin nahaq qanı töküldüyü halda bizi intiqam almaqdan çəkindirdilər. Ermənilərin ilk "manevri" onlar üçün uğurlu oldu və bu hadisə onları daha da quduzlaşdırdı. Qərbi azərbaycanlı soydaşlarımız bir göz qırpımında dədə-baba torpaqlarından qovuldular.

(Ardı var)

 

 

 

 

 





23.02.2023    çap et  çap et