525.Az

Fövqəladə missiya: Vətənə xidmət


 

Fövqəladə missiya: Vətənə xidmət<b style="color:red"></b>

İlk yuvamız ana bətnidir. İlk nəfəsimizdir, havamız, çörəyimizdir ana. Eşitdiyimiz ilk səs, hiss etdiyimiz ilk sığaldır. Yəqin ona görə qədəm basdığımız torpağa ana torpaq demişik. Sonda da onun qoynuna gedirik - torpaq ananın... Sevgimizlə birlikdə. Vətən dediyimiz torpağa sevginin isə sonu yoxdur.

Sevgi anadan başlayır. Ona görə mayor Süleyman Vaqif oğlu Heydərov ölümlə çarpışanda anasını xatırlayıb:

- Bu dünyadan ayrıldım sanki. Ağır vəziyyətimdə anamı düşündüm. Məni hospitala aparan yoldaşlarıma "Anama deyin məni bağışlasın"- demişəm. Onun üzülməsi mənimçün dözülməzdir.

Aramla danışır. Çəkdiyi ağrını, sevgisini səsindən hiss edirəm:

- İkinci Qarabağ savaşı başlayanda mən də döyüşmək istəyirdim. Anama "dua et məni də aparsınlar savaşa" - deyirdim. Hər birimiz vətən əsgəri olsaq da, hər nazirliyin öz görəvi var. Fövqəladə Hallar Nazirliyinin də öz vəzifələri var. Azad olunmuş torpaqlarımızı minalardan təmizləmək, insanların təhlükəsiz yaşamını təmin etmək də bizim işimizdir.

Hər aşkar etdiyi mina mənəvi yükünü bir az azaldır.

2022-ci il mayın 13-də  minaya tuş gəlir.

Günlərlə vəziyyəti ağır olub, komaya düşüb. Süni yolla qidalanıb.

- Yaşayıb-yaşamadığımı anlamırdım. Yaralananda 20-30 dəqiqə özümdə olmuşam. Heç nə görmürdüm, gözlərim zədələnmişdi. Komadan ayılanda heç nə xatırlamırdım, adımı da unutmuşdum. Anamın adını xatırlamağa çalışırdım bircə. Sol əlimi hiss edəndə kağız-qələm istədim. Çətinliklə də olsa sol əlimlə "Ana, məni bağışla" yazdım.

Bir də həkimin "sağ qolu kəsilməlidir" dediyini eşidib...

...Onunla Respublika Əlillərin Bərpa Mərkəzində keçirilən Gənclər günündə tanış oldum. Qəribə bir doğmalıq yarandı aramızda. Ən çox sevdiyi mahnının "Özün günahkarsan" olduğunu öyrəndim. Söz müəllifinin yanında olmasından nə qədər sevindiyini necə anladım? Şeiri necə duyur, ilahi! "Musiqi möhtəşəmdir. Həmişə düşünürdüm ki, bu sözlərin müəllifinin ruhu nə böyükdür. Sizinlə tanış olmaq necə qürurvericidir" - kimi sözlər deyir...

...Süleyman Vaqif oğlu Heydərov 1994-cü il fevralın 23-də Bakıda anadan olub. 2011-ci ildə Yasamal rayonundakı 53 nömrəli məktəbdə təhsil alıb. Məktəbin ictimai həyatında fəal iştirak edib, əksər tədbirlərin aparıcısı olub, maraqlı çıxışlar hazırlayıb. Müxtəlif tədbirlərin, səhnəciklərin hazırlanmasında Respublikanın Əməkdar artisti Əhməd Salahov şagirdlərə kömək edib. Süleyman səsi, nitqi, istedadı, boy-buxunu ilə onun diqqətini çəkib. Əhməd müəllim ona İncəsənət Universitetinə getməyi də məsləhət görüb.

Onun isə öz niyyəti, arzusu vardı.

Qəbul imtahanlarında 500-ə yaxın bal toplayır.

- Topladığım balla 1-ci qrupda istənilən ixtisası seçə bilərdim. Niyə Fövqəladə Hallar Nazirliyinin Akademiyasını seçdim? Adı da, geyimləri də, gördükləri iş də mənim üçün maraqlı idi. Onların əsas təyinatı xilasetmədir. Bu peşənin fəlsəfəsi mənim üçün maraqlı idi. Xüsusi təyinatlı təhsil müəssisəsidir. 4 il kursant olursan əsgər kimi, həm də oxuyursan. Təyinatımı Xüsusi Riskli Xilasetmə Xidmətinə, istehkam bölməsinə aldım. Hərbi mühəndis-istehkamçı kimi ixtisaslaşdım. Həm ölkə daxilində, həm də xaricdə - Türkiyədə, Rusiyada, ABŞ-da xüsusi kurslarda oldum.

...Süleyman həmişə fərqlənib. Orta məktəbdə də, akademiyada da yaxşı oxuyub. Süleymandan söz düşəndə tanıyanların hamısı savadlı, məsuliyyətli, diqqətli, dürüst, vətən sevdalı, qeyri-adi bir insan olduğunu deyir.

Pirotexnik-istehkam manqasının komandiri gizir Rövşən Əliyev: "2015-ci ildən tanışıq. Çox həyatsevər, ünsiyyətcil, soyuqqanlı, təmkinlidir. Həmişə öyrənməyə can atır. Tez düşünüb, doğru qərar verə bilir. Azad olunmuş torpaqlara gedən ilk onluğa o rəhbərlik edəcəkdi. "Mənimlə gedərsənmi" sualını unutmuram. O dəqiqə razılaşdım. Tapşırıq çətin olsa da, Süleymanla hər çətinliyin öhdəsindən gəlmək olur. Mənən çox güclüdür".

İstehkamçı gizir Mehdizaman Əliyev: "Çox peşəkardır. öyrənməkdən, öyrətməkdən usanmır. Tapşırıqlara çox məsuliyyətlidir. İxtisasımın bütün incəliklərini ondan öyrənmişəm. Nümunəvi rəhbərdir. Ən üstün cəhəti dinləməyi bacarmaq və düzgün qərar verməkdir. Fəxr edirəm ki, bu müqəddəs yolda onunla birlikdə olmuşam".

Gizir Ramin Əhədov: "Zabit kimi, insan kimi şəxsiyyətinə hörmət edən edən adamdır. Müxtəlif kurslarda öyrəndiklərini nəzəri və praktik olaraq hamıya öyrətməyə can atıb. Döyüşlər zamanı gücləndirilmiş rejim idi. Hazırlıq keçirdik. Süleyman bütün suallara elə cavab verirdi ki, qaranlıq məqam qalmırdı. Əsas bilik deyil, həm də onu öyrətmək bacarığıdır. Şəxsi heyətə də böyük hörmətlə yanaşıb. İndi də mənim üçün rəisdir".

Qrup komandiri, gizir Altay Alıyev: "Azad olunmuş torpaqlarda minatəmizləmə əməliyyatlarını həyata keçirirdik. Süleymanla illərlə birlikdə çox çətin xidmətlərimiz olub. Heç vaxt yorulduğunu hiss etməmişik. Onun öyrətdikləri sayəsində biz həmişə düşməndən qat-qat güclü olmuşüq. Komandirim haqda günlərlə danışa bilərəm. O, bizim üçün nümunədir".

Özü isə bunları deyir:

- Atam uşaqlıqdan məni, qardaşım Vasifi tez-tez Şəhidlər xiyabanına aparırdı. Şəhidləri, döyüş yoldaşlarını ziyarət edirdik. Biz o illərin hadisələrini eşidərək böyümüşük. Uşaqlıqdan vətənə bağlılıq hopub şüurumuza.

Əslən Füzulidən olan Vaqif Heydərov Birinci Qarabağ savaşında nizami orduda xidmət edib. O, illərin bütün ağrılarını, itkilərini yaşayıb. Və olanları nə özü unudub, nə də oğlanlarını unutmağa qoyub. Bu torpaqların bir gün qayıdacağına həmişə inanıb.

2021-ci ilin yanvarından FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin  Döyüş və Xüsusi Hazırlıq İdarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kimi azad olunmuş torpaqların minalardan təmizlənməsi tapşırığını yerinə yetirib kapitan Heydərov. Ağdam ərazisini minadan təmizləyərkən piyada əleyhinə minanın partlayışından yaralanıb.

Ali Baş Komandan İlham Əliyev tərəfindən "İgidliyə görə" medalına layiq görülüb. General-polkovnik Kamaləddin Heydərovun əmrinə əsasən vaxtından əvvəl mayor rütbəsi alıb. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

- Elə bir yerdə olmaq istəyirdim ki, vətənimə daha çox gərək olum. Ona görə FHN-ni seçdim. Hər bir çətinliyə hazır idim vətən uğrunda. İki anam var - öz anam, bir də Vətən. Çətin gündə ana vətənin yanında olmalıydım.  Vətəni seçdim. Hər kəs öz borcunu yerinə yetirməlidir vətən qarşısında. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina eleyhinə xüsusi təyinatlı alayı da öz borcunu yerinə yetirir. O torpaqlara ayaq basanda necə qürur duyduğumu bir bilsəniz - deyir.

Ona qulaq asa-asa bir giley-güzar edənləri, bür də Süleyman kimi xalqını, dövlətini sevənləri düşünürdüm. Gizlicə gözlərinə baxırdım. Əslində, o bunu görmürdü. Amma mənə elə gəlirdi ki, görür. Bir gözü sarıqdadır. O biri gözünün protez olduğunu sonra bildim. Heyrətləndim. Süleymanın üzündə, gözündə elə işıq vardı ki, inamazsınız bəlkə. Gözü danışırdı elə bil. Kimsə deməsə, anlamazsan. Ətrafımızda o qədər hissiyyatsız baxışlar var ki. O qədər görməyənlər var ki... Deməli, ürəyin, ruhun işıqlı olmalıdır, sevgi işığın olmalıdır.

Bu yazıdan xəbər tutacaq Süleyman. Yaralarını göynədəcəyəm bəlkə... Bunu heç istəməzdim. Ana kimi "bağışla, oğul" deyirəm. Ancaq xalq onun rahatlığı, təhlükəsiz yaşamı üçün həyatını qurban verməyə, sağlamlığından keçməyə hazır olan oğullarını tanımalıdır. Son vaxtlar giley-güzara meyllənmişik. Daha çox da başqalarının işinə baxır, nöqsanlarını axtarırıq. Hər kəs öz işində qüsursuz olsa, nə vardı ki?! Hər kəs vəzifəsinə sənin kimi sevgiylə, məsuliyyətlə yanaşsa, nə vardı ki?!

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayor Süleyman Heydərova "qəhrəmanım" deyir. Əslində isə Süleyman hər birimizin qəhrəmanıdır. 23 fevral qəhrəmanımızın doğum günüdür. Süleymanın bütün xəyallarının gerçək olmasını diləyirəm. Onun ruhu, ürəyi, zəkası çox işıqlıdır. Xidməti vəzifəsini yerinə yetirərkən - Vətənə xidmət edərkən xəsarət alıb. Sağlıq problemi olan qəhrəmanımızın bir gözünün şəfa tapacağına, işığa qovuşacağına ümid var. Müalicəsi ciddi nəzarət altında davam edir. Ona ümidinin işığını arzulayıram. Yəqin Süleymanı tanıyan-tanımayan hər bu arzuya qoşular. Bir gün hər birimiz bu arzunun gerçəyə çevrildiyinin şahidləri olacaq, bu sevincin işığına yığışacağıq. Mən buna inanıram.

 

 

 





23.02.2023    çap et  çap et