525.Az

“Mən çox-çox sonra bildim ki, onlar dağlarda döyüşüblər”


 

“Mən çox-çox sonra bildim ki, onlar dağlarda döyüşüblər”<b style="color:red"></b>

Bu dəfə şəhid Cəmil Anar oğlu Qurbanzadənin ailəsi ilə birlikdə qəhrəmanımızın həyat yolundan danışıb, yad etdik.

Cəmil Qurbanzadə 27 aprel 2003-cü ildə Astara şəhərində anadan olmuşdur. Astara şəhər 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb. Cəmil Qurbanzadə təxris olmağına 18 gün qalmışdı. Ailədə 2 bacının tək qardaşı olub. Subay idi.

Şəhidin anası Qurbanova Rumiyyə xanım deyir ki, Cəmil ilk övladım idi:
“Qönçə və Aylin adlı iki övladım da var. Cəmil bir az dəcəl idi. O, mənə ilk dəfə analıq hissini yaşadıb. Məktəbdə də həmişə çox çılğın uşaq idi. O, dostlarını çox sevirdi. Ürəyi təmiz, çox qayğıkeş idi. O qədər arzuları var idi ki… Deyirdi, gəlib, işləyib, bacımla Bakıda qalacağam, bacımı oxudacağam. Arzuları yarım qaldı, tale imkan vermədi. 2020-ci il 27 sentyabr döyüşlərində dedi ki, ana mən könüllü gedib döyüşəcəyəm. Həmişə dilə gətirirdi ki, mən şəhid olacağam…” (Red. ağlayır)

Şəhidin atası Qurbanov Anar bəy deyir ki, oğlum Gəncədə “N” saylı hərbi hissədə idi. Dedi, anam, bacılarımı bura gətirmə:
“O, hərbiyə kişilik məktəbi kimi baxırdı deyə, istəmirdi anasıgil gəlsin. Çox qeyrətdi uşaq idi. Bir müddətdən sonra Giləzidə o kompüter kurslarına qatılmışdı. Çox diribaş, güclü oğul idi. Mən çox-çox sonra bildim ki, onlar dağlarda döyüşüblər. Heç nədən qorxusu yox idi, uşaqlıqdan çox mərd oğul idi. Cəmil komandada çox seçilən, erməniyə qan udduran oğul olub. 194 sm boyu vardı, boks təlimi üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qatılmışdı.

Komandiri Cəmil haqqında xatirələrinin birini danışarkən deyib ki, gənc əsgərlərlə kəşfiyyata gedəndə Cəmil 10 litr su götürüb. Komandir soruşub ki, bunu niyə götürmüsən? Deyib ki, gənc əsgərlər su götürməyib, onlar üçün götürmüşəm.

Hərbi xidməti bitrməyinə 1 ay qalmışdı. Dedim ki, get hospitala. Dedi, heç vaxt! Ata, mənim burada öz öhdəliklərim var, hətta bilirmiş şəhid olacaq. Boynunun birkasını verib dostuna deyib ki, valideynlərimə verərsən. Onlar düşmənin dərinliyində, Laçın rayonu istiqamətindən Zəngəzur mahalı istiqamətində uğurlu əməliyyatlarda iştirak ediblər. Qəhrəmancasına həlak olub mənim oğlum.

Həmər qəbiristanlığında 13 nəfərlə birgə 11 saat döyüşə-döyüşə yüksəkliyə qalxıblar. Sonra isə oğlumun icra oqrqanları tərəfindən şəhidlik xəbərin almışam. Astara şəhər qəbirstanlığında böyük izdihamla dəfn edildi. Dəfndə hardasa 30 minə yaxın adam işitrak edirdi.
Hazırda Astara şəhərinin mərkəzində yerləşən küçələrdən birinə Cəmil balamın adı verilib, Bakı şəhərində orta məktəblərdən birində sinif otağı, oxuduğu məktəbdə isə şəhid guşəsi yaradılıb.

Allah rəhmət eləsin şəhidlərimizə! Azərbaycanın yeni tarixini onlar qanları ilə yazdılar. Mən fəxr edirəm ki, mənim oğlum Vətən uğrunda döyüşüb, şəhid olub! Dəmir yumruğun bir hissəsində mənim övladımın da olması ilə qürur duyuram. Bütün şəhid valideynlərinin də qarşısında baş əyirəm. Həqiqiqətən də şəhidlər olmasaydı, qalib Azərbaycan olmazdı! Müstəqil, güclü dövlətimiz daima var olsun!”
Cəmil Anar oğlu Qurbanzadə 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi Azərbaycan–Ermənistan sərhəd toqquşması (sentyabr, 2022) zamanı şəhid olub. Onun nəşi 16 sentyabr 2022-ci ildə doğulub boya başa çatdığı Astara şəhərinə gətirilib və böyük izdihamla Astara şəhər qəbirstanlığında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Cəmil Qurbanzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ruhun şad olsun, igid qardaşım Cəmil!

 





14.02.2023    çap et  çap et