525.Az

Məişət zorakılığına qarşı mübarizə: tədbirlərin operativliyi və təsiri artırılır


 

Məişət zorakılığına qarşı mübarizə: tədbirlərin operativliyi və təsiri artırılır<b style="color:red"></b>

Qanunvericiliyin verdiyi izaha görə, yaxın qohumluq münasibəti və birgə yaşamaqdan sui-istifadə etməklə digər şəxsə qarşı qəsdən fiziki və ya mənəvi zərər vurulması məişət zorakılığı olaraq qəbul edilir. Məişət zorakılığına məruz qalan şəxslər kimi ailə üzvlərindən başlayaraq yaxın qohumlar, nikaha xitam verilmiş şəxslər, qəyyum və himayəçilər təyin olunan qəyyumluq və himayədə olanlar, nikahda olmadan birgə yaşayan şəxslər tanınır.

Məişət zorakılığı barədə araşdırma ya birbaşa şəxsin müraciəti üzrə, ya da fiziki və ya hüquqi şəxslərdən, kütləvi informasiya vasitələrindən daxil olmuş məlumatlar üzrə aparılır. Məişət zorakılığı üzrə şikayətdə cinayət tərkibi əlamətləri olarsa, cinayət prosessual qaydada hüquq-mühafizə orqanları tərəfindən, həmin əlamətlər olmadıqda isə şəxsin yaşadığı yerin yerli icra hakimiyyəti orqanı tərəfindən baxılır. Hər bir halda müraciət araşdırılarkən məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyi qorunmalı, psixoloji yardım göstərilməli, bu halın təkrarlanmaması üçün zəruri işlər görülməli, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görülməli, məlumatların məxfiliyi gözlənilməlidir.

2022-ci ildə 475 qadın və 20 kişi məişət zorakılığına məruz qalmaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Müraciətlərin 409-u psixoloji, 304-ü fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. Müraciət edənlərdən 301-i əri, 146-sı keçmiş əri, 67-si isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyir ki, "məişət zorakılığı" dedikdə beynəlxalq termin kimi ailədaxili zorakılıq başa düşülür. Yəni, bir ailə üzvü digər ailə üzvünü öz nəzarəti altında saxlamaq istəyir. Zorakılıq əsasən fiziki, psixoloji, iqtisadi və cinsi cəhətdən ola bilər. Fiziki zorakılıqda söhbət döyülməkdən gedir. Psixoloji zorakılıqda qadın özünə qəsd həddinə qədər çatdırıla bilər. İqtisadi zorakılıq - evi maliyyələşdirən bir nəfər hegemon qüvvəyə çevrilir. Həm fiziki, həm də iqtisadi zorakılıq olduqda qadının işi daha da çətinləşir. T.İbrahimovanın sözlərinə görə, bəzi hallarda ailə üzvləri məişət zorakılığı qurbanına çevrilən qadınlara daha çox dözmək və polisə müraciət etməməklə bağlı məsləhət verdiklərini deyirlər: "Qətl hadisələri birdən-birə baş vermir. Bu cür faciələr uzun illər yığılan psixoloji, iqtisadi və fiziki zorakılıqların nəticəsində əmələ gəlir: "Bu baxımdan vaxtında müraciət önəmlidir. Komitəyə edilən müraciətlərdə daha çox psixoloji təzyiqin üstünlük təşkil etdiyini görürük. Müraciətlər əsasən 25-40 yaş arasında olur".

Taliyə İbrahimova bildirib ki, məişət zorakılığı qurbanına çevrilən qadınların evlərində təhlükəsiz yaşamaq hüququ təmin edilməlidir. Real təhlükənin mövcud olduğu hallarda məişət zorakılığı törətmiş şəxsə qurbanın yaşadığı yeri tərk etmək barədə göstəriş vermək və zorakılığı törətmiş şəxsin qurbanın yaşayış yerinə daxil olması və ya onunla əlaqə saxlaması qadağan edilməlidir. Bu cür tədbirlər qurbanların təhlükəsizliyinə prioritet verilməklə dərhal həyata keçirilməli və kifayət qədər müddət üçün nəzərdə tutulmalıdır. Qısamüddətli mühafizə orderlərinin müddəti dəqiq göstərilməlidir ki, qurbanlar da tədbirin müddəti barədə aydın təsəvvürə və əminliyə sahib olsun. Müddətin dəqiq göstərilməsi həm də o deməkdir ki, məsul əməkdaşda daha çox əminlik olur va onun üzərinə daha az yük düşür, çünki təhlükəli vəziyyətlərdə qısamüddətli mühafizə orderləri dərhal verilməlidir.

Polis orqanlarında 24/7 rejimində növbətçilik mexanizminin mövcudluğu və polisin qurbanların müdafiəsi sahəsində həlledici rolunun olması səbəbi ilə qısamüddətli mühafizə orderlərinin verilməsinin müstəsna olaraq polisə həvalə edilməsi tövsiyə olunur: "Qısamüddətli təcili orderlər verildikdən sonra ardıcıl mühafizə tədbirlərinin həyata keçirilməsi, məsələn, qurban müraciət etdiyi halda uzunmüddətli mühafizə orderlərinin verilməsi imkanı nəzərdə tutulmalıdır. Qurbanlar həmçinin, əvvəlki qısamüddətli mühafizə orderi olmadan uzunmüddətli mühafizə orderi üçün müraciət etmək hüququna malik olmalıdırlar. Mühafizədə heç bir boşluğun yaranmaması üçün qısa və uzunmüddətli tədbirlərin yaxşı əlaqələndirilməsini təmin etmək vacibdir. Məsələn, qısamüddətli mühafizə tədbirinə mühafizənin genişləndirilərək uzunmüddətli mühafizə tədbiri ilə əvəzlənə biləcəyi barədə müddəa daxil edilə bilər ki, bu iki tədbir bir-birini tamamlamış olsun. Uzunmüddətli mühafizə orderlərində və məhdudlaşdırıcı orderlərdə hüquqpozanın qurbanın yaşadığı evindən çıxarılması və müəyyən müddət ərzində evə qayıtmasının qadağan edilməsi imkanı nəzərdə tutulmalı və qurbanın müraciəti asasında, mühafizə müddətini uzatmaq imkanı mövcud olmalıdır. Həm qısa, həm də uzunmüddətli mühafizə tədbirləri qurbanların yaşadığı mühitdə, evdə, iş yerində, həmçinin, hadisələrə uşaqlar da cəlb edildiyi zaman məktəblərdə və uşaq bağçalarında hərtərəfli müdafiəsini təmin etməlidir. Məhkəmələr uzunmüddətli mühafizə orderləri vermək barədə qərar qəbul edərkən uşaqların hər hansı zorakılıq formasından, o cümlədən, analarına və ya yaxın adamlarına qarşı zorakılığın şahidi olmaqdan qorunmaq hüquqlarını üstün tutmalıdırlar. Təhlükəsizlik təmin edilməli və hüquqpozanın himayə və ünsiyyət hüququndan üstün tutulmalıdır. Mülkiyyət hüququ mühafizə orderlərinin verilməsinə mane olmamalı, qanunvericilik normaları bir-biri ilə ziddiyyətə girən hər hansı hüquqların balanslaşdırılmasına yönəlməlidir. Bundan əlavə, qadınlara və uşaqlarına qarşı zorakılığın bütün formalarının qurbanları, məişət zorakılığının qurbanı olan qadınlar, elacə də cinsi zorakılıq və zorlama, təqib, cinsi qısnama, məcburi nikah va qadın sünnəti kimi digər zorakılıq növlərinin qurbanları tərəfindən mühafizə orderlərinin əldə edilməsini təmin etmək vacibdir".

Komitə nümayəndəsi bildirir ki, əvvəllər mühafizə orderlərinin tətbiqi ilə bağlı çətinliklər vardı. Bu da mühafizə orderi məsələsinin düzgün dərk edilməməsi və onun tətbiqi sahəsində nöqsanlarla bağlı idi. Bəzən verilən mühafizə orderləri hadisələrin sayına adekvat olmur: "Bir qayda olaraq qısa müddətli mühafizə verilir, təhlükə davam etdikcə uzunmüddətli mühafizə orderlərinin verilməsi gecikir. Bununla bağlı təkliflər paketi hazırlanıb. Bura zərərçəkmiş şəxslərin müdafiəsi üzrə çevik və adekvat mühafizə mexanizminin yaradılması, pulsuz hüquqi yardım verilməsi daxildir. Paketlə bağlı dövlət qurumlarından, ictimaiyyət nümayəndələrindən müsbət rəy verilməsini və parlamentdə qəbul olunmasını gözləyirik".

Komitə rəsmisi qeyd edir ki, mühafizə orderlərinin tələblərinin yerinə yetirilməsinin polis tərəfindən monitorinq olunması təmin edilməlidir. Mühafizə orderlərinin verilməsi ilə məşğul olan polis və digər müvafiq orqanların fəaliyyətlərində gender amilini nəzərə alan yanaşmaları tətbiq etməyə təşviq etmək üçün nəzərdə tutulmuş ətraflı protokollar və təlimatlar mövcud olmalıdır. Gender amilini nəzərə alan yanaşmalara qurbanları günahlandırmaq, zorakılığa göz yummaq va ya zorakılığı qəbul etmək və gender stereotiplərini təbliğ etmək kimi təkrarən qurbana çevrilmə durumuna səbəb olan münasibətə və hərəkətlərə yol verməmək daxildir: "Mühafizə orderlərinin tələblərinin yerinə yetirilməsinin polis tərəfindən monitorinq olunması təmin edilməlidir".

T.İbrahimovanın dediyinə görə, bələdiyyələrdə gender zorakılığı müraciəti üçün xüsusi qutular qoyulub. Hazırda bələdiyyələrdə gender zorakılığına qarşı komissiyalar yaradılır: "Xüsusi qutular qoyulub və vətəndaşlar gizli olaraq məlumatları ora daxil edir, bələdiyyələr isə onları dövlət orqanlarına təqdim edir. Bu, Avropa təcrübəsi əsasında tətbiq edilir".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, zorakılıqla bağlı qanunların çevik dəyişməsinə ehtiyac var. ABŞ-da bununla bağlı institutlar var. Onlar tədqiqatlar aparır, nəticəyə uyğun qanunvericilik də çevik şəkildə dəyişir. Çox təəssüf ki, bizdə bu proses ləng baş verir. 2010-cu ildə qanun qəbul olunsa da, onun təkmilləşməsi ləngiyir. Bizdə bu tədqiqatlar, qiymətləndirmə, qadınların təhlükəsizliyi məsələsində çevik addımların atılması məsələsi zəifdir: "Bu gün ölkədə və dünyada baş verən hadisələr, müharibə və pandemiya, insanların bir-birinə münasibətindəki əvvəlki dəyər sisteminin pozulması, sosial iqtisadi vəziyyətin gərginliyi insanların psixikasına təsir edir. Bu da məişət zorakılığına gətirib çıxarır. Məişət zorakılığı ilə bağlı ciddi işlər görülməlidir. Bu məsələdə kişilərin iştirakına dəstək verilməlidir. Bundan əlavə, zorakılıq törədən şəxslərin təkcə həbs yox, eyni zamanda, məcburi psixoloji reabilitasiyadan keçmələri üçün tədbirlər planı olmalıdır".

Sevinc QARAYEVA

 

 





24.02.2023    çap et  çap et