525.Az

Risk cəmiyyəti və təbii fəlakətlər - Əbülfəz Süleymanlı Sosioloji baxış


 

Risk cəmiyyəti və təbii fəlakətlər - <b style="color:red"> Əbülfəz Süleymanlı Sosioloji baxış</b>

Son dövrlərə qədər "risk" məfhumu daha çox   sığorta şirkətləri, bank sektoru və  dəqiq elmlər sahəsində çalışan alimlər tərəfindən istifadə olunan texniki məfhum hesab olunurdu. Alman sosioloq Ulrix Bek 1986-cı ildə nəşr olunan "Risk cəmiyyəti" kitabında ortaya qoyduğu nəzəriyyə ilə bu məfhumu müasir cəmiyyəti tərif edən və açıqlayan əsas sosioloji konsepsiyalardan birinə çevirdi.

Ulrix Bek riski "modernləşdirmənin özü tərəfindən yaradılan və müəyyən olunan  təhlükə və güvənsizliklərlə sistematik şəkildə mübarizə aparmağın yolu" kimi tərif edir və risk məfhumunun müasir insanın həyat fəaliyyətində aparıcı rol oynadığını qeyd edir. U.Bek müasir dövrün müxtəlif növ risklərlə, ilk növbədə siyasi, texnoloji, iqtisadi və kültür riskləri ilə xarakterizə olunduğunu vurğulayır. Bu bağlılıqda da riskin insan həyatında tarixdə görünməmiş status aldığının altını cızır. Sosioloqa görə risk məfhumu  modern cəmiyyətin ən önəmli reallığıdır və bütün bəşəriyyətin mövcudluğu bir risk məsələsinə çevrilib. Onun fikrincə, risk cəmiyyəti modernləşməni təsadüfi və şüursuz formada  yaşayır. Həmçinin, riskin əvvəlcədən proqnozlaşdırıla bilməməsi bu cəmiyyətin əsas xüsusiyyətlərindən biridir. Ənənəvi cəmiyyətdə insanlar yalnız risklərdən təsirləndiyi halda, müasir cəmiyyətdə isə  insanlar, həm bu risklərin istehsalçısı, həm də onlardan təsirlənən durumundadır.

Eyni zamanda U. Bek riskləri xarakterizə edərkən "istehsal olunmuş qeyri-müəyyənlik" anlayışından istifadə edir. Bu mənada modern sənaye cəmiyyətlərinin üz-üzə qaldığı  risklər, təbiət hadisəsindən daha geniş bir spektri əhatə edir. Belə ki bu risklər  modernləşmənin məhsulu olan yeni texnologiyalar vasitəsilə müasir dünyanı bir növ sınaq laboratoriyasına çevrir. Bu prosesi bəşəriyyətin məhvinə səbəb ola biləcək potensiala malik olduğu qeyd olunur.

Bu mənada bu gün dünyamızda miqdarı sürətlə artan epidemiyalar, zəlzələlər və bunun kimi təhlükələr təbii hadisələr nəticəsində yaransa da, onları fəlakətə çevirən siyasi, iqtisadi və sosial proseslər hesab olunur. Başqa sözlə desək, yaranmalarına görə xarici risk xüsusiyyətinə malik olan təbii fəlakətlər təsirli olduğu yerlər (məkan baxımından) və nəticələri (zərər baxımından) araşdırıldığında istehsal edilmiş risklərə çevrilir.

Bəşəriyyət tarixinin ən kütləvi epidemiyalarından biri kimi tarix səhnəsinə çıxan  və daha fəsadlarını ən ağır şəkildə hiss etməyə davam etdiyimiz Covid -19  pandemiyasının ortaya çıxması ekoloji tarazlığın pozulması ilə sıx bağlıdır. Təəccüblü deyil ki, ekoloji tarazlığa əhəmiyyət verməyən, daha çox qazanc və daha çox mənfəət prinsipini əldə rəhbər tutan kapitalist sistem təbii ərazilərə müdaxilə edərək həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli risklər yaradır.

 Bu mənada təbii fəlakət və təhlükəyə (zəlzələ, sel, uçqun, sürüşmə və s) məruz qalma ehtimalı olan rayonlarda yaşayış məskənləri ərazilərdə tikinti işlərinin aparılması, bir tərəfdən insanların həddindən artıq qazanc əldə etmə ambisiyasının nəticəsidirsə, digər tərəfdən onun  təbiətə mütləq hökmranlıq edə biləcəyi düşüncəsinin məhsulu olan eqosentrik və komformist  həyat tərzinin sonucudur.

Təsadüfi deyil ki,  zəlzələ mütəxəssisləri təbii fəlakətin miqyasından daha çox insanların hazırkı davranışlarının necə olduğundan narahatdırlar. Başqa sözlə tikintiyə başlamadan əvvəl  ərazidə aparılmış geoloji və topoqrafik tədqiqatların nəticəsində tərtib olunmuş hesabatların olub-olmaması, həmçinin, bu hesabatda ərazinin seysmikliyi özəlliklərinin də öz əksini tapıb tapmaması, istifadə olunan materialların standartlara uyğun olub-olmaması, inşaat sahəsində çalışanların keyfiyyət parametrləri zəlzələnin fəsadların miqyasını müəyyən edəcək. Bu mənada əgər zəlzələlərin nəticələri təbiətin oyunu olaraq görülərsə, insan faktorunun mənfi fəsadlarının aradan qaldırılması çox çətindir.

Başqa sözlə müasir insan əldə etdiyi bütün texnoloji imkanlara baxmayaraq tez-tez qarşılaşdığı və özünün səbəb olduğu istehsal olunmuş risklərə qarşı müdafiəsizdir. Bu vəziyyət həmçinin insanın təbiətlə harmoniya içində yaşamaq mədəniyyətindən uzaqlaşmasının acı bir nəticəsi kimi qarşımıza çıxmaqdadır. Bunun üçün də insanoğlu yalnız sosial bir varlıq olmadığını, eyni zamanda, təbiətin bir parçası olduğu həqiqətini yenidən dərk etməli və öz həyat dialektikasını təbiətlə paralel başlanğıclar üzərində qurmalıdır. Əks halda müasir həyat bizə daha  çox yeni risklər bəxş edərək  hər an yeni "sürprizlər"lə qapımızı döyə bilər.

 

 

 





24.02.2023    çap et  çap et