525.Az

Xocalını gözləyən təhlükə - Faiq Sadıqov yazır


 

MƏN BU BARƏDƏ BİR AY ƏVVƏL XƏBƏRDARLIQ ETMİŞDİM

Xocalını gözləyən təhlükə - <b style="color:red"> Faiq Sadıqov yazır</b>

31 il əvvəl baş vermiş və bütövlükdə Qarabağın itirilməsinin başlanğıcını qoyan Xocalı qətliamı nədən baş verdi, günahkarlar kimdir, faciənin qarşısını almaq olardımı? Bütün bu suallara cavab tapmaq üçün 30 ildə saysız-hesabsız məqalələr, kitablar yazılıb, təhlillər aparılıb, mülahizələr irəli sürülüb, faktlar araşdırılıb. Qan yaddaşımızda dərin izlər qoymuş faciəyə aparan yol, başvermə səbəbləri, dəhşətləri, düşmənə layiqli cavab verə bilməməyimizin səbəbləri həmin dövrdə mətbuatda - əsasən də cəbhə müxbiri işlədiyim "Ədalət" qəzetində dərc etdirdiyim materiallarda aydınlığı, tutarlı faktlarla tam əksini tapmışdı. İndiki nəsildə Xocalı müsibətinin baş vermə səbəbləri və nəticələri barədə aydın təsəvvür olsun deyə 31 il əvvəl dərc olunmuş həmin materialların bir qismini oxuculara təqdim edirəm.

 

(Əvvəli ötən sayımızda)

 

Onlara sakitcə, heç nə olmamış kimi Qarabağdan uzaq kənd və şəhərlərimizdə, tarla düşərgələrində dam və tövlələrdə sığınacaq verdik. Düşmənin bu barbarlıq əməlinə tutarlı cavab vermək əvəzinə rəhbərlərimizin ürəyindən hələ respublikamızda yaşayan erməni uşaqlarının başını sığallamaq keçdi. Erməninin ayağı daha da yer aldı. Say-seçmə oğullarımızın oturduğu vertolyotu partladanda da erməni əmin idi ki, bu ağır cinayətə görə onu heç kim cəzalandırmayacaq. Elə, belə də oldu. Vertolyotun qara qutusunu öz əlimizlə Moskvaya verib bu faciəyə də bir yekə nöqtə qoyduq.

"İradəmizə","dözümümzə","hünərimizə" tam bələd olan erməni əmin - arxayın öz planlarını davam etdirdi. Qarabağı oda qalanmağa başladılar. Meşəli, Cəmilli, Kərkicahan işğal olundu. 1992-ci ilin əvvəlində vəziyyət son dərəcə mürəkkəbləşdi. O günləri doğma ocaqlarından didərgin düşmüş qarabağlıların pənah yeri olan Ağdamda keçirirdim. Prezidentin Qarabağ üzrə nümayəndəliyinin qərargahında qəribə mənzərələrlə üzləşirdim. Ratsiyada Malıbəyli, Quşçular imdad diləyirdi. Quş tüfəngi ilə zirehli tankların qabağında durmuş kənd sakinləri qadınları və uşaqları kəndlərdən çıxarmaq üçün vertolyot istəyirdilər. Prezidentin nümayəndəsi Musa Məmmədovu tapmaq mümkün deyildi. Onun keçmiş rayon partiya komitələrinin birinci katibləri - Əhəd Kərimov, Elman Tağiyev və başqalarından ibarər "cərimə batalyonu"na bənzəyən komandası aciz qalmışdı.

Qeyrət qalası sandığımız Şuşanın da vəziyyəti ağır idi. Həmin günlərdə biz qəzetimizdə belə bir xəbər verdik: "...Ermənilərin Şuşaya ən böyük həmləsi olub. 10 nəfər ölüb, 35 nəfər yaralanıb".

Sanki bu xəbər prezident binasının divarlarına dəyib geri qayıtdı.

Malıbəyli ilə Quşçular viranə qoyuldu.

Ermənilərin Əsgəran qalasının nəhəng darvazasını beton plitələrlə hördüklərini qəzetimizdə xəbər verdik. Kimin vecinə idi?!

Lap axırda - qəzetimizin 28 yanvar 1992-ci il tarixli 7-ci sayında bu həyəcanlı xəbəri dərc etdik: "Xocalıda vəziyyət gərgin olaraq qalır. Şəhər neçə müddətdir ki, mühasirədədir. Respublika rəhbərliyi tezliklə Əsgəran yolunun açılması ilə bağlı tədbir görməsə, xocalıların vəziyyətinin necə olacağını bilmək üçün Peyğəmbərlik etmək lazım deyil".

Amma əfsuslar olsun ki, respublika rəhbərliyində bu harayı eşidən, bu həqiqəti dərk edən də tapılmadı.

Təpərimizi, tərpənişimizi tamamilə ələkdən keçirən məkrli düşmən daha da quduzlaşdı.

...Bu da fevralın 25-i axşam. Qışın sərt soyuğu Xocalı üzərinə hüznlü bir duman çökdürmüşdü. Şəhərdə işıq yanmırdı. Güllə və mərmilərin işıqları qəflətən şəhəri süd rənginə boyadı. Rus və erməni hərbi birləşmələri şəhəri oda qalamağa başladı. Xocalı müdafiəçiləri son güllələrinədək vuruşurdular. Fəqət güclər nisbəti ağlagəlməz dərəcədə qeyri-bərabər idi.

Xocalı düşmən tanklarının tırtılları altında fəryad qoparırdı. Yerdən və göydən əli üzülmüş binəva insanlar hansı səmtə, kimin üstünə qaçdıqlarını bilmirdilər. Öz torpağında, öz yuvasında ölümə məhkum olunmuş adamların ah-naləsi ərşə bülənd olmuşdu. Sanki bu nalə Tanrıya da çatmırdı.

Bakı isə oturub dünyanın informasiya vasitələrindən Xocalıda baş verənlər barədə məlumat gözləyirdi. Bədəni düşmən gülləsindən şan-şan olub meyitləri meşələrdə, düzənlərdə üşüyən körpələrin, düşmən tərəfindən hər cür həqarətə məruz qalan qızların, qadınların, gözləri çıxarılmış kişilərin taleyindən yalnız bir neçə gün sonra xəbər tutdu Bakı, Azərbaycan...

Təsadüfən canını qurtarıb o soyuqlu - sazaqlı günlərdə Ağdama gəlib çıxmış miskin görkəmli adamlarla üz-üzə dayanmaq nə qədər ağır, nə qədər dəhşətli idi. Həmin günlərdə girovların və meyitlərin alınmasında yeganə can yandıran Allahverdi Bağırov oldu. İkrahla və qəzəblə xatırlayıram ki, meyitləri və girovları almaq üçün dövlət səviyyəsində heç bir iş görülmədi.

Həmin günlər Ağdam rayon xəstəxanası qarşısındakı mənzərəni Kərbəla müsibəti ilə müqayisə etmək olardı. O günlərdə dəftərçəmə köçürdüyüm qeydlərə hər dəfə, ürək ağrısı, qəhərdən boğula - boğula baxıram. Buraya toplaşmış adamlar sutkalarla gözlərini məchulluğa dikib itkinlərinin ya ölüsünü, ya da dirisini gözləyirdilər. Paradoksa bax - ölüsünü tapanlar da dirisini tapanlar qədər sevinirdilər...

Tək-tək gələnlərdən isə ancaq acı xəbərlər eşidilirdi.

...18 yaşlı Dürdanəni və 25 yaşlı Səidəni 5 yaşlı körpəsi ilə birlikdə quldurlar apardılar.

...150 nəfər Dəhraz kəndindəki toyuq fermasında əsir saxlanılır.

...Tofiqə öldürülüb. 2 yaşlı körpəsi bir sutka inləyə-inləyə anasının sinəsində qalıb. Sonra isə donub.

...Qaryağdı kişi 9 nəfər ailə üzvü ilə birlikdə Abdal Gülablıya tərəf üz tutub. Yolda qardaşının ayaqları tutulub. Ailəsini ötürüb gecə meşədə qalmalı olub. Sonra qardaşını çiyninə alıb Ağdama gəlib. Amma ailəsi gəlib çıxmayıb.

...Bakıdan gəlmiş B.Məmmədov bircə onu bilir ki, qardaşı Vaqif öldürülüb. Qalan 30 nəfər qohum-əqrəbasından heç bir soraq yoxdur.

...Eminin babası Məhəmməd, nənəsi Bağdad gözləri qarşısında qətlə yetirilib, atası Səfər itib...

Düşmən çox zalım imiş. Erməni həmin gün Allahın insanlara bəxş etdiyi bütün hisslərdən məhrum olmuş, zatı bilinməyən bir məxluq olduğunu bir daha sübut etdi.

Qarı düşmənin caynağından qurtulub qar üstündə ayaqyalın addımlayan iki gənc qadının biri qəşş edib gülürdü. Hamı bu meydan üçün yadlaşmış qəhqəhə gələn tərəfə baxdı. Milliyyətcə tatar olan Nəsimə hərdən gülüşünə ara verib qəribə şeylər danışırdı. Və qəfildən o, bütün vücudu ilə dəyişib qadına xas olmayan nərə çəkib, acı fəryad qopardı.

Nəsimə həmin gecə yüzlərlə həmşəhərlisi kimi üzü Şelliyə tərəf qaçmağa başlayıb. Düşmən onu haqlayanda körpəsi Sarvanını itirib. Onu 30 nəfər əsirlə birlikdə Əsgəranın milis şöbəsinə aparıb, dözülməz işgəncə veriblər. Nəsimənin vəziyyəti ağırlaşıb. Qatillər onu "sağaltmaq" üçün damarına iynə vurublar. Qadın huşunu itirib. Ayılanda görüb ki, onu Elza adlı bir həmyerlisi ilə buraxırlar ki, gedin sizi meyitlərimizlə dəyişirik. Nəsimə əsirlikdəki yerlilərindən və həyat yoldaşı Elxandan ayrılmaq istəməyəndə quldurlar avtomatın qundağını işə salıb və hər iki qadını saçlarından tutub sürüyə - süryə bayıra atıblar.

Xocalının ümidi, pənahı - ömrü boyu erməni hiyləsinin qurbanı olmuş Əlif Hacıyev və silahdaşları, son gülləsinə, son nəfəslərinə qədər düşmənə müqavimət göstərmişdi.

Xocalı soyqırımının bütün dəhşətlərini yazmağa qələm acizdir. O gün, o saat olmur ki, Xocalı müsibəti Xocalı qurbanları göz önünə gəlməsin. Xocalı ürəklərimizdə düyünlənmiş bir yaradır.

Yadımda qalan bir epizodu xatırlayanda bu yara daha çox qövr edir.

Bir milis əməkdaşı danışırdı ki, həmin günlər postda durmuşduq. Ermənilər işgəncə verdikləri bir Xocalı qadınını qışqırığını, fəryadını ratsiya ilə bizə eşitdirirdi. Qadın bizdən imdad diləyirdi...

İndiyədək cəsarətim çatıb qələmə ala bilmədiyim bu sətirləri oxuyanlar arasında məni qınayanlar da tapılacaq. Amma həqiqəti gizlətmək olmaz. Azərbaycan qadınının ismət və ləyaqətinin ayaqlar altında tapdanmasını açıq yazmağa məcbur oldum. Ona görə məcbur oldum ki, hələ də Xocalı dəhşətini duymayanlara düşmənimizin kim olduğunu göstərim. İntiqam zamanının yetişdiyini anladım. Çünki hələ də ermənilərin əlində oyuncağa çevrilmiş, istədikləri kimi rəftar etdikləri Xocalı qız - gəlinləri var...

Danılması mümkün olmayan bu acı həqiqətləri oxucuya çatdırmaqda daha bir məqsədim var. Xocalı faciəsini təhqiq edən deputat istintaq komissiyasının fəaliyyəti Milli Məclisdə müzakirə olunanda və hər dəfə bu müzakirənin gedişinə baxanda həmin məclisi boş və mənasız, baş aldatmaq üçün yaradılmış bir toplantıya bənzədirəm.

Xocalı faciəsinin günahkarları axtarılır... Mən  bilmirəm, bu "çanaq kimin  başında çatlayacaq". Amma   ürəyimə  damıb  ki, araya  bir  şeytan  girib və  bu  şeytan hər an millət vəkillərimizin diqqətini əsl faciəyə yönəltmələrinə  məharətlə mane olur...

Lap  tutaq ki, faciənin  beş - üç  nəfər  günahkarı  tapıldı - asdılar  onları, boyunlarını vurdular, güllələdilər. O zaman erməni Xocalını qaytarıb verəcəkmi? O zaman  zindanlarda zillət  çəkən əsirlərimiz  qaytarılacaqmı? Xocalı şəhidləri diriləcəkmi? Yox! Bunların  heç biri baş verməyəcək. Günahsız  insanların qanına boyanmış Xocalı düşmən tapdağında inləyir. İntiqam barədə müzakirə aparmaq vaxtıdır  - İNTİQAM!!!

Şuşanın, Laçının düşmənə təslim  edilməsinin təqsirkarları  axtarılır. Burada bir məntiq var - Qarabağın  incilərinin düşmənə verilməsində əli olanları tanıyanlar da var. Bəs, onlar nə üçün susurlar? Niyə  gizlədirik ki, xalq onsuz da haqlı olaraq həmin  dövrlərin  ictimai - siyasi hadisələrini analiz edib  Xocalı, Laçın, Şuşa və digər yaşayış  məntəqələrimizin düşmənə təslim  edilməsini siyasi oyunların nəticələri  kimi qiymətləndirir. Xalq həmin  oyunların oyunçuları arasında istər keçmiş  rəhbərlərin, istər indiki iqtidarın və siyasi partiyaların nümayəndələrini olduğuna qəti şübhə etmir. Bu mənada  Milli Məclisimizdəki millət vəkillərini də, iqtidarda olanları da, müxalifəti də  mən göz-gözə yatmış qurdlara oxşadıram.

Beləliklə hər bir kəndimiz, hər bir  şəhərimiz işğal olunduqca yeni istintaq komissiyaları yaradılacaq. Hər uğursuz  əməliyyatın günahkarı axtarılacaq. Milli məclis mübahisə edəcək, disskusiya açacaq. Küçədə,  dükanda, bazarda  ağzımız köpüklənə-köpüklənə hərəmiz bir mülahizə yürüdəcəyik. Heç nəyə  gücü çatmayan hərbi komissarlıqlar gecələr evlərə girib, yaşına, hərbi peşəsinə, sağlamlığına, ailə vəziyyətinə baxmadan "əsgərləri" avtobusa doldurub  cəbhəyə yollayacaq, sovet ordusunda  "stroybatta", "kuxnada"  xidmət  etmək  alnına yazılmış oğlanlarımız ilk dəfə  avtomatı əlinə alıb ən müasir silahlarla yaraqlanmış düşmənlə çarpışmaya girəcək, hər əməliyyatdan sonra şəhər  və kəndlərimizdə çoxlu yas çadırları  qurulacaq. Düşmən isə addım-addım  torpaqlarımıza yiyələnəcək.

Vətən müharibəsində qələbə çalmaq  üçün ən düzgün yol bütün ölkədə müharibə vəziyyəti elan etmək, qələbəyədək bütün  siyasi tədbirləri dayandırmaq, partiyaların fəaliyyətini dondurmaq, bütün diqqətimizi, gücümüzü, varımızı, yoxumuzu müharibəyə həsr  etməliyik. İndiki vətənpərvərliyimiz, igidliyimiz özümüzə də saxta görünmürmü?.. Az qala millətin yarısı deyirdi  ki, Şuşa getsə təpəmə güllə çaxacam. Amma hansımız sözümüzün üstündə durduq? Boş yerə hay-küydən əməli işə keçmək lazımdır. Yoxsa uduzacağıq-itirdiklərimiz artacaq, onları  geri almaq müşkülə çevriləcək.

Müharibə qanunlarına əməl etməyi  əsrin ən böyük faciəsi  olan Xocalı qurbanlarının, torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərin  ruhu tələb edir. Son və qəti  döyüşümüzü  düşmən  əsirliyində olan  soydaşlarımız  həsrətlə  gözləyirlər. Dədə  Ələsgərin  uyuduğu  torpaq, suyu, havası  murdar  nəfəslərlə  zəhərlənmiş Zəngəzur  mahalı  gözləyir...

27 fevral 1993-cü il.    

 

 

 





24.02.2023    çap et  çap et