525.Az

BMT İnkişaf Proqramı dağıntıların aradan qaldırılmasına dəstək verəcək


 

BMT İnkişaf Proqramı dağıntıların aradan qaldırılmasına dəstək verəcək<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Türkiyədə baş verən zəlzələlərin yaratdığı dağıntıların aradan qaldırılması səylərinə dəstək verəcək.

525.az xəbər verir ki, proqramdan edilən şərhdə, BMT-nin 16 fevralda Türkiyəyə açıqladığı 1 milyard dollarlıq "təcili yardım çağırışı" çərçivəsində tələb olunan 113,5 milyon dollarlıq fondun böyük bir hissəsinin istifadə olunacağı deyilib.

Bəyanatda bildirilib ki, BMTİP hökumətin fəaliyyətinə dəstək vermək üçün ekoloji cəhətdən əlverişli, dağıntıların idarə olunması yanaşmasını həyata keçirməyi qarşısına məqsəd qoyub və dağıntıları çıxarıb harasa atmaq əvəzinə dağıntıların tərkibində olan xammalın təkrar emal edilməsi planlaşdırılır.

Bəyanatda əlavə edilib ki, BMT-nin İnkişaf Proqramı həmçinin dağıntıları çıxarmaq və emal etmək üçün yerli sakinləri işə götürməklə dolanışıq vasitələri yaratmağa çalışacaq.

Bəyanatda BMT-nin İnkişaf Proqramının Türkiyə Rezident Nümayəndəsi Luiza Vintonun da fikirləri yer alıb:

"BMTİP-də diqqətimizi erkən bərpaya yönəltmişik. Fövqəladə hallara cavab tədbirlərini dəstəkləməklə yanaşı, regionda həyatı normallaşdırmaq üçün lazım olan genişmiqyaslı işləri də planlaşdırırıq. Dağıntıların təmizlənməsi çox vacib ilk addımdır, lakin bunu edərkən dağıntılar altında qalan həyatlara və arzulara da hörmət etməliyik”, - Vinton bildirib.

Fərid Sançar

 





24.02.2023    çap et  çap et