Azərbaycan ədəbiyyatının klassik dövrünün öyrənilməsi, bu sahədə yeni tədqiqatların aparılması, klassik şairlərin əsərlərinin yenidən tərcümə oluması, təbii ki, ədəbiyyatşünaslıq elmimizdə həmişə müsbət qarşılanıb. Bu gün klassik ədəbiyyatımızın daha yaxşı öyrənilməsi üçün bəzi tədbirlər planı həyata keçirilir; klassiklərin yubileyləri ilə bağlı konfranslar, simpoziumlar, seminarlar təşkil edilir, əsərləri çap olunur. Həm həyatı, həm əsərləri, həm də fəlsəfi fikirləri ilə ən çox elmi müzakirə və mübahisə obyektinə çevrilmiş klassik şairlərdən olan İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə 2019-cu il də “Nəsimi İli” elan olundu və həmin il elm aləmində dahi mütəfəkkirin həyat və yaradıcılığı ilə bağlı tədbirlərin keçirilməsi, tədqiqatların işıq üzü görməsi ilə yadda qaldı. Həm "Nəsimi İli"nə, həm də Azərbaycan ədəbiyyatşünaslıq elminə mühüm töhfə olan belə əsərlərdən biri də ideyası o ilin təsiri altında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yaranan, özü isə professor Aida Qasımovanın tərcüməsi və şərhi ilə 2022-ci ildə "Savad" nəşriyyatında reallaşan "Nəsimi və Hürufilik Qərb şərqşünaslığında" kitabıdır.
Məlum olduğu kimi, Şərqin, o cümlədən, Azərbaycanın klassik şairləri Qərb alimlərinin də daim diqqət mərkəzində olmuş və Qərbin E.Braun, Xanıkov, Y.Rıpka, E.Gibb kimi dünyaca məşhur alimləri bu sahədə maraqlı tədqiqatlar aparmışlar. Onların tədqiqatları ilə tanış olmaq, müqayisələr, paralellər aparmaq çox vacibdir. Bu, həm bizə Qərb alimlərinin fikirləri ilə tanış olmaq imkanı qazandırır, həm də tədqiq olunan mövzuya fərqli yanaşma tərzi aşılayır. Məlum məsələdir ki, bəzən əcnəbi dil problemi belə tədqiqatları tam mənasında anlamaqda, oradakı fikirlərin mahiyyətinə varmaqda bizə müəyyən əngəllər yaradır. Çünki klassik dövrə aid elmi əsərləri tam anlamaq, tərcümə etmək üçün əcnəbi dillə yanaşı, həmin sahəyə də yaxşı bələd olmağı tələb edir. Buna görə də, xarici tədqiqatçıların klassik ədəbiyyatımızla bağlı əsərlərinin məhz həmin sahəni gözəl bilən mütəxəssislər tərəfindən dilimizə tərcümə olunması vacib şərtlərdəndir.
"Nəsimi və Hürufilik Qərb şərqşünaslığında" kitabı məhz bu cəhətdən çox aktualdır. Bu kitab vasitəsilə XX əsrin əvvəllərindən çağdaş dövrümüzədək Hürufiliyin, Fəzlullah Astarabadinin, İmadəddin Nəsiminin Qərb şərqşünaslığında necə öyrənilməsi ilə ətraflı şəkildə tanış olmaq olar. Elias Gibb, Edvard Braun, Luis Massinyon, Reynold Nikolson, Kathleen Brull, eləcə də müasir dövr alimlərindən Orxan Mirqasımov, Mixael Hess, Şahzad Bəşir kimi alimlərin məqalə və monoqrafiyalarından nümunələrin yer aldığı kitab xüsusi qaydada tərtib olunub. Əvvəlcə məqalə müəllifi haqqında qısa biblioqrafik məlumatın verilməsi, məqalənin adının, çap olunduğu mətbu orqanın orijinalda olduğu kimi göstərilməsi, xüsusən də, tərtibçinin (A.Qasımovanın) tərcümələrə münasibət bildirməsi kitabın əhəmiyyətini artıran cəhətlərdir. Yəni A.Qasımova kitabda ancaq tərcüməçi kimi yox, həm də alim kimi, tənqidçi kimi iştirak edir və tərcümə olunan mətnlərin, deyilən fikirlərin oxucu tərəfindən daha yaxşı anlaşılması üçün müəyyən şərhlər verir. Verdiyi şərhlərdə də özünəməxsusluq nümayiş etdirən alim müəlliflə razılaşmadığı məqamlara da öz şəxsi münasibətini bildirmişdir. Belə bir yanaşma təbii ki, müəllifdən xarici dillə yanaşı, həm də hürufilik təriqətinin əsaslarına, Nəsiminin yaradıcılığına dərindən bələd olma, elmi səriştə tələb edir.
Öz qeydlərini müəllifin qeydlərindən kursivlə fərqləndirən alimin mülahizələriən azı müəllifin fikirləri qədər maraq doğurur. Məsələn, Massinyonun Nəsiminin əvvəl boynunun vurulub, sonra dərisinin soyulması fikri ilə razılaşmayan A.Qasımova onun bu fikri Əl-Asqalaninin təsiri altında söylədiyin göstərir, daha sonra ərəb dilinin qrammatik qaydalarına əsaslanaraq öz mövqeyini açıqlayır. Belə bir metod, yəni Qərb tədqiqatçılarının Nəsimi və Hürufiliklə bağlı söylədikləri fikirlərin tərcüməsi ilə yanaşı, həm də şərh olunması, təbii ki, oxucuya mövzunu daha yaxşı anlamağa kömək edir.
Kitabın sonunda verilən Ad və termin göstəricisi onun elmi dəyərini daha da artırır.
Kitabın girişində A.Qasımova yazır: "E.Gibb, L.Massinyon, R.Nikolson, E.Braun kimi nəhəng klassiklərin Nəsimiyə və Hürufiliyə marağı, həqiqətən də, qürurvericidir".
Həqiqətən də, bu gün Xaqani, Nizami, Nəsimi, Füzuli və digər klassik şairlərimizin yaradıcılığına xarici tədqiqatçıların maraq göstərməsi, onların əsərlərinin əlyazmalarının dünya kitabxanalarında qiymətli eksponatlar kimi qorunması qürurverici haldır. Zənnimcə, digər qürurverici hal isə Azərbaycan tədqiqatçısının E.Gibb, L.Massinyon, R.Nikolson, E.Braun kimi nəhəng Qərb klassik alimlərinin tədqiqatlarını tərcümə və şərh etmək bacarığı ilə bağlıdır. Buna görə də, Aida xanım, keçmiş tələbəniz olaraq, Sizinlə qürur duyuram, bugünkü oxucunuz olaraq isə Sizə Azərbaycan klassik ədəbiyyatının öyrənilməsi sahəsindəki fəaliyyətinizə görə təşəkkür edirəm!
Elnarə ZEYNALOVA
Filologiya üzrə fəlsəfə doktoru
çap et