525.Az

“Dövlət sirri haqqında” qanuna dəyişikliklər edilib


 

“Dövlət sirri haqqında” qanuna dəyişikliklər edilib<b style="color:red"></b>

“Dövlət sirri haqqında” qanuna dəyişikliklər iyulun 9-da prezident İlham Əliyevin imzası ilə təsdiqlənərək qüvvəyə minib.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirlərini prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı keçirir. Yoxlama tədbirlərinin həcmini və keçirilməsi qaydasını yoxlama tədbirlərini keçirən orqanlar hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edir.

Başqa bir yeniliyə əsasən, vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.

Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar isə bunlardır:

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi;

- Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər xüsusilə ağır və ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsi və ya götürülməsindən asılı olmayaraq); tutulması və ya barəsində hər hansı qətimkan tədbirinin seçilməsi (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək);

- müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahıya uyğun olaraq dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;

- xarici ölkədə daimi yaşaması;

- Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi;

- yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması;

- yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.

Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi barədə qərarı dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlama tədbirlərinin nəticələrini nəzərə almaqla fərdi qaydada qəbul edir. Vəzifəli şəxsin və ya vətəndaşın həmin qərardan şikayət vermək hüququ var.

Dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas verən məlumatların aid olduğu hər hansı vəzifəli şəxs və ya vətəndaşların mərkəzləşdirilmiş uçotunun aparılması və məlumat bazasının yaradılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil edilir.

 





10.07.2014    çap et  çap et