525.Az

"Həyat yoldaşım kəşfiyyat xəritələrini dəqiqliklə çəkərdi" 


 

"Həyat yoldaşım kəşfiyyat xəritələrini dəqiqliklə çəkərdi" <b style="color:red"></b>

Bu gün haqqında söz açacağım növbəti qəhrəmanımız Astara rayonundan olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi Kamran Qılman oğlu Fərəcovdur. 

Kamran Fərəcov 14 yanvar 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub.1984-1995-ci illərdə Astaradakı 2 nömrəli məktəbdə təhsil alıb. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Taktiki Tank Qoşunları komandiri fakültəsinə daxil olub. 1999-cu ildə leytenant kimi məzun olan Fərəcov Bakıda tağım komandiri vəzifəsində xidmətə başlayıb. Sonra Ağdam, Gəncə, Goranboyda cəbhə bölgəsində xidmət edib. 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilib. Ailəli idi, 2 əkiz qızları - Dəniz və Şəms yadigar qaldı. Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Şəhidin həyat yoldaşı Fərəcova Nuranə xanım deyir ki, o, əsil hərbçi idi: 

“Ağdamda Mahrızlı kəndində uzun illər çalışmışıq. Güllə dəymiş qapılarda yaşayaraq Azərbaycan təhsilinə illərlə xidmət etmişəm. 14 il sonra balalarımız dünyaya gəldi. Kamran ikinci qrup əlil idi,  asma bronxit idi. General-mayor Polad Həşimov şəhid olanda mən də könüllü yazıldım. O dedi ki, sən dur kənara, mən ikinci qrup əlil olsam belə, özüm gedəcəyəm. Bir dövlətin generalı şəhid olursa, daha geriyə yol yoxdur. O, kişilik mövqeyini ortaya qoydu və orduya yazıldı...

Kamran əvvəl 21 sentyabrda orduya qatıldı. Daha sonra isə Müdafiə naziri Zakir Həsənovun əmri ilə üçünücü taborun qərargah rəisi təyin olundu. Mənim yoldaşım çox həlledici döyüşlərdə iştirak edib. Bir gün o ermənilərlə döyüşdə sağ çıxmışdı. O, həmişə mənə deyirdi ki, hər şeyə hazırlıqlı olun. Sən hər şeyə qadir qızsan.

Dəniz yuxuda atasını görmüşdü. Atasına yuxusunu danışarkən dedi ki, ata, sən döyüşdə  ayağından yaralanmısan, daha sonra qarnından. Möcüzə odur ki, Kamran əvvəl ayağından sonra  isə qarnından yaralanmışdı.

Bir neçə dəfə ona dedim ki, 18 illik həyat yoldaşımsan, övladlarımızda gec olub, bizi tək qoyma, qayıt. Kamran cavabında həmişə deyirdi ki, tək bizik uşaqları gec olub bu dünyadan köçən? Mənim gəlməyim və ya ölməyim yüzlərlə əsgərin ölməsi deməkdir. Mən Kamranı yuxularımda görürəm. Görürəm ki, evi bəzəmişəm o da gəlib, amma heç kəs yoxdur, təkdi. Deyir ki, sən istədin məni görmək, mən də gəldim...(Red. ağlayır)
Yoldaşım işi çox gözəl bilirdi və kəşfiyyat xəritələrini dəqiqliklə çəkərdi. Deyirdi, mən göz görə-görə bu qədər insanı nece orada qoyub geri dönə bilərəm?!

Kamranın adı Astara rayonun mərkəzindəki küçəyə verilib, orta məktəbdə isə adına sinif otaqları var.
Əslində şəhidlər yaşayırlar. Allah şəhid ailələrinə səbr versin. Onların mərtəbələri, məqamları ucadır. Hər birimizə onların məqamına layiq olmağı arzu edirəm!" 

Azərbaycan Ordusunun kapitanı olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" "İgidliyə görə" medalları və 3-cü  dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Ruhun şad olsun, igid qardaşım! 

 

 





15.02.2023    çap et  çap et