525.Az

Baydenin mesajı - Xaqani Cəfərli yazır


 

Baydenin mesajı - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ prezidenti Co Baydenin Ukrayna və Polşaya səfəri postsovet məkanında bir dövrün başa çatması, yeni dövrün başlandığını rəsmiləşdirən hadisə kimi tarixə düşəcək. Prezident Co Baydenin Ukraynanın paytaxtı Kiyevə səfəri xüsusilə böyük əhəmiyyətə malikdir. Çox uzun zaman idi ki, ABŞ prezidentləri NATO və Avropa İttifaqının üzvü olan Estoniya, Latviya və Litva istisna olmaqla postsovet respublikaları arasında Rusiyadan başqa heç birinə səfər etmirdi. Sonuncu dəfə prezident Corc Buş 2008-ci ilin aprelində Ukrayna paytaxtına səfər etmişdi. Bu tarixdən sonra ABŞ prezidentlərinin keçmiş sovet respublikalarına rəsmi səfərlərinə son qoyulmuşdu. Bu vəziyyət isə siyasi mərkəzlərdə, xüsusilə Moskvada Estoniya, Latviya və Litva istisna olmaqla postsovet respublikalarının Rusiyanın təsir dairəsinə verilməsi kimi qəbul edilmişdi. Bu yanaşma gerçəklikdən uzaq deyildi. Corc Buşdan sonra Barak Obama və Donald Tramp dövründə ABŞ-ın postsovet respublikalarına yönəlik siyasətinin əsasında Moskva ilə qaşılaşmamaq, bu bölgədə Rusiyanın əsas söz sahibi olmasının tanınması prinsipi dayanırdı.

Prezident Barak Obamanın 2012-ci ilin martında o zaman Rusiya prezidenti olan Dmitri Medvedyevlə görüş zamanı 2012-ci ilin noyabrında keçiriləcək seçkidə qalib gələcəyi halda Rusiya ilə bağlı məsələlərdə daha çevik hərəkət edəcəyi, Medvedyevin isə onun bu vədini  Vladimir Putinə çatdıracağına söz verməsi ilə bağlı dialoq Moskva ilə Vaşinqton arasında münasibətlər sistemini, Ağ evin postsovet məkanına yanaşmasını bütün çılpaqlığı ilə üzə çıxarmışdı. Obamadan sonra Donald Trampın prezidentliyi dövründə də postsovet məkanın Rusiyanın təsir dairəsi kimi tanınması siyasəti davam etmiş, hətta Şərqi Avropa ilə bağlı məsələlərdə də Vaşinqton Moskvaya bir çox güzəştlər etmişdi. Bu siyasət isə Moskvanın iştahasını daha artırmış və NATO-nun hərbi strukturlarının 1997-ci il sərhədlərinə çəkilməsilə bağlı tələbi meydana çıxarmışdı.

Co Bydenin üç il öncə prezident seçkisində qalib gəlməsi ilə Ağ evin xarici siyasətində kəskin dönüş baş verdi.  "Amerika geri döndü" bəyanatı ilə çıxış edən prezident Co Bayden Rusiya və Çinə xəbərdarlıq edərək "Amerikanın müttəfiqləri bizim ən böyük sərvətimizdir" mesajını verdi. Rusiyanın Ukraynaya qəfil və genişmiqyaslı hərbi müdaxiləsinə qarşı dünya tarixinin ən böyük koalisiyasını quran prezident Co Bayden Moskva və Pekinə edilən xəbərdarlıqların yalnız sözdən ibarət olmadığını nümayiş etdirdi. Şərti olaraq "Ramşteyn formatı"  adlandırılan, ABŞ-ın müdafiə nazirinin rəhbərliyi altında formalaşan "Ukraynanın müdafiəsi üzrə təmas qrupu"nda iştirakçı dövlətlərin sayının 54-ə çatması da Vaşinqtonun Moskvaya yönəlik siyasətində nə qədər qərarlı olduğunun göstəricisidir.

Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə rəhbərlik edən ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Rusiyanı Ukraynada "insanlığa qarşı cinayətlər" törətməkdə ittiham etməsi və "mən bu cinayətləri törədən hər kəsə və bu cinayətlərdə əlbir olan rəhbərlərə deyirəm ki, siz məsuliyyətə cəlb olunacaqsınız" bəyanatı Vaşinqtonun Moskvaya yönəlik siyasətində tamamilə yeni bir mərhələnin başlandığı kimi qəbul oluna bilər. Prezident Co Baydenin Ukrayna paytaxtına, Kiyevə səfəri də bu dəyişən siyasətin davamıdır.

Ukraynadan sonra Polşaya səfər edən prezident Co Baydenin Varşavadakı çıxışı bir çox mesajları ilə yadda qaldı. Çıxışı zamanı Co Bayden bir il əvvəl dünyanın Kiyevin süqutuna hazırlaşdığını, ancaq Kiyevin bu gün azad və qürurlu olduğunu deyərək Ukraynanın ünvanına təriflər səsləndirdi. Rusiyanın Ukraynaya təcavüzünün bütün dünya və demokratiya üçün bir sınaq olduğunu bildirən przident Co Bayden bu sınaqdan keçən dünyada demokratiyanın gücləndiyini, diktatorların isə zəiflədiyini bəyan edərək müharibənin hərbi nəticələrlə yanaşı, siyasi nəticələr də doğurduğuna diqqət çəkib.

Vitse-prezidenti Kamala Harrisin Münhen Təhlükəsizlik Konfransındakı məlum bəyanatının davamı olaraq Co Bayden də Rusiyanın törətdiyi hərbi cinayətlərin əvəzini ödəyəcəyini, insanlığa qarşı cinayətlərdə günahı olanların cavab verəcəyini bildirib.

Prezident Co Bayden ABŞ və onun müttəfiqlərinin Ukraynanı dəstəkləməyə davam edəcəyini bəyan edərək, Rusiyanın heç vaxt Ukraynanı məğlub edə biləcəyini vurğulayıb.

ABŞ prezidentinin Varşavada çıxışı zamanı diqqət çəkən başqa bir məqam səhnədə üç dövlətin - ABŞ, Polşa və Ukraynanın bayraqlarının yer alması idi. Bu, ABŞ-ın Şərqi Avropaya yönəlik siyasətinin göstəricisi olmaqla, Polşa və Ukraynanın Vaşiqntonun bölgədə əsas müttəfiqləri olduğunu təsdiqləyir.

ABŞ-ın siyasi lderlərinin mesajları arasında diqqət çəkən bir məqam da ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun açıqlamasıdır. Konqressin nümayəndə heyətinin tərkibində fevralın 21-də Kiyevə səfər edən Maykl Makkol Ukraynaya ATACMS uzaqmənzilli raketlərinin və F-16 qırıcılarının verilməsinə tərəfdar olduğunu bildirib. Maykl Makkolun bu açıqlaması ona görə önəmlidir ki, Komitə sədri Nümayəndələr Palatasındakı çoxluğu, Respublikaçılar Partiyasını təmsil edir. Bu məqam onu göstərir ki, Vaşinqtonda Ukraynaya dəstəyi davam etdirmək qərarlılığı və partiyalararası işbirliyi mövcuddur. Bu isə ABŞ-ın müttəfiqləri üçün çox önəmlidir. Çünki Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında çoxluğu qazanmasından sonra ABŞ-ın Ukraynaya dəstəyinin azala biləcəyi ilə bağlı narahatlıqlar vardı. Nümayəndələr Palatasının ən önəmli Komitələrindən birinin respublikaçı rəhbəri Maykl Makkolun bu açıqlaması ilə ABŞ-ın müttəfiqlərinin narahatlıqlarını aradan qaldırdığını söyləmək olar.

ABŞ-ın siyasi liderlərinin açıqlamaları, xüsusi ilə prezident Co Baydenin Varşava çıxışı Vaşinqtonun artıq Rusiyanı beynəlxalq münasibətlər sisteminin bir hissəsi kimi görmədiyini, əksinə, Vaşinqtonun nəzərində Ukraynanın mövqeyinin və rolunun artdığını göstərir. Bu isə o deməkdir ki, bundan sonra bölgədə aparıcı dövlət Rusiya deyil, Ukrayna olacaq.

 





27.02.2023    çap et  çap et