525.Az

"A-dan Z-yə": Bir əlifba gözyaşı - Sevda Sultanova yazır


 

"A-dan Z-yə": Bir əlifba gözyaşı - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Dünyaca məşhur sosioloqlar, filosoflar, alimlər televiziyanın  manipulyasiya aləti olması haqda onlarla analitik, elmi araşdırmalar və çıxışlar ediblər. Gerçək olan budur ki, tamaşaçı şüurunun manipulyasiyası telekanalların mövcudluğu, yaşaması üçün vacib faktorlardandır. Telekanalların mümkün qədər çox auditoriya toplamaq, tamaşaçını özünün istehsal etdiyi kontentlərin təsirində (siyasi, sosial və s. mənalarda) saxlamaq üçün manipulyativ fəndlərə ət atmaları qaçılmazdır. Məşhur avstriyalı rejissor Mixael Haneke müsahibələrindən birində televiziyaya münasibətini obrazlı şəkildə belə ifadə eləyirdi: "Əvvəllər kiçik vadisi olan kəndli özü haqda deyirdi: mənim kiçik dünyam bu təpədən ibarətdir. Mən buranı yaxşı tanıyıram və qalan şeylər məni maraqlandırmır. İndi isə kəndli evində oturub və düşünür ki, o, dünyanı yaxşı bilir, çünki onun miskin qutusu - televizoru var".

Bu yazıda mənim aparıcı Zaur Nəbioğlunun haqqında danışacağım verilişlərinin nümunəsində manipulyasiyanın televiziyadakı funksiya və mahiyyətini daha aydın, sadə dillə izah etməyə çalışacağam.

Birinci ondan başlayım ki, milli teleməkanda istifadə edilən prioritet manlipulyativ fənd tamaşaçı duyğularına, başqa cür desək, onun ağlatmağa fokuslanır. Və bu, təkcə Azərbaycan telekanallarına aid deyil, belə manipulyasiya fəndləri Türkiyə, Rusiya, Qərb kanallarında da yayılmış tendensiyadır. Lakin təbii ki, burada əsas məsələ müraciət olunan fəndin verilişlərə peşəkar səviyyədə tətbiq olunub-olunmamasındadır. Bizim telekanalların bu mənada görünən problemi, əksər hallarda manipulyasiyanın həddən artıq kobud, bayağı istifadəsi və tamaşaçını düşünməyə təhrik etməkdən çox, kor-koranə göz yaşlarında boğmasıdır.

Televiziyamızda ən çox yayılmış manipulyasiya trendinin tamaşaçını ağlatmaq, acındırmaq, duyğularının istismarının olduğunu təsadüfən qeyd eləmirəm. Trendin ən parlaq nümunəsi yəqin ki, vaxtilə "Space" kanalında psixoloq İlham Mirzəyevin müəllifi və aparıcısı olduğu "Etiraf" teleproqramı idi. Həmin verilişə İlham Mirzəyev sənət adamlarını dəvət edərək keçmişindən söz açır, intim ərazisinə - ailəsinə daxil olur, şəxsi yaralarını qurdalayır, onları etirafa məcbur edərək ağladır, arada dəsmal verib göz yaşlarını qurudurdu. Bəzi hallarda "Etiraf" bir növ, publika qarşısında oynanılan tövbə-tamaşaya bənzəyirdi. Məşhur adamların gizlinlərini ictimailəşdirmək və həmin adamların buna icazə vermələri kədər, gözyaşı vasitəsilə daha çox reytinq toplamaq məqsədi güdürdü. Təbii ki, tamaşaçı üçün məşhurların dolablarındakı skeletlər  - bir şəxsin bioqrafiyasında gizli saxladığı və nüfuzuna zərbə vuracaq faktlar - həmişə maraq doğurub. Məsələnin başqa bir tərəfi də var. İstənilən şəxsin həyatı, yaşantıları mühüm bir təcrübədir və bu təcrübə tamaşaçıya gərəkli informasiya verəndə, ona hansısa həqiqətləri başa düşməkdə, hər hansı hadisəyə başqa tərəfdən, daha dərindən baxmaqda, nəzər-nöqtəsini dəyişməkdə yardımçı olanda özlüyündə məna kəsb eləyir. Lakin İlham Mirzəyevin, həmçinin, onun həmkarlarının təqdimatındakı və yozumundakı analoji verilişlər belə bir əhəmiyyətli, həyati bilgini demək olar ki, vermir. Sadəcə səthi duyğular üzərində qurulan, fərdə fikir, hissi təcrübə verməyən, düşüncələrinə təsir göstərməyən, suallar qoymayan monoton manipulyativ televeriliş ərsəyə gəlir.

Bu gün bir qism televiziya aparıcısı teleproqramlarında ağlatmaq metodundan müəyyən redaktə və dəyişikliklərlə istifadə eləsələr də, son nəticədə məğz, münasibət dəyişmir. Bu mənada İlham Mirzəyev xəttinin sadiq davamçılarından biri hazırda ATV kanalında "A-dan Z-yə" proqramının aparıcısı Zaur Nəbioğludur. Zaur Nəbioğlu ilə bağlı kiçik bir araşdırma apardım. Məlum oldu ki, o, vaxtilə ANS kanalında "A-dan Z-yə" adlı təxminən eyni profilli bir verilişdə aparıcılıq edib. Həmin verilişin bəzi hissələri yutub kanalında yerləşdirilib. Çox əcaib bir veriliş olan "A-dan Z-yə"də aparıcı tamaşaçı diqqətini ekrana cəlb etməkdən ötrü bildiyi bütün manipulyativ tryuklara əl atır: gah uzun müddətdir ki, evli olan Təranə Qumralla Musa Musayev üçün nikah mərasimi düzəldir, gah küsmüş şou biznes və sənət adamlarını studiyaya çağıraraq qalmaqal yaradır, gah onların keçmişinə baş vurub yaralarının qaysağını qopararaq ağladıb-sızladır. İlham Mirzəyevdən fərqli olaraq, Zaur Nəbioğlu daha "kreativ" üsula əl atır. Misalçün, qəhrəmanlarını doğmalarının məzarı üstünə aparıb orada da ağladır və  bu azmış kimi ağlaşmanı qalmaqala çevirir. Dediyim kimi, Zaur Nəbioğlu eyniadlı verilişi hazırda ATV kanalında da aparır. Burada format müəyyən qədər dəyişsə də, məzmun olduğu kimi qalır. Ümumiyyətlə, onun istər ANS-də yayımlanan "A-dan Z-yə", istər ötən ildən ATV-nin efirində yer alan "1 dəqiqə", istərsə də hazırkı "A-dan Z-yə" verilişində niyyəti eynidir: mümkün qədər gözyaşı tökdürmək, ağlatmaq və ağlamaq. Zaur Nəbioğlu indiyədək müəllifi olduğu bütün verilişlərində özünü də tez-tez kadrın, hadisənin mərkəzinə gətirir, kameraya oynayaraq ağlayır, kövrəlir, sarsılır və s. 

ATV-də yayımlanan yeni "A-dan Z-yə" verilişinin ilk buraxılışında o, müğənni Nazpəri Dostəliyevanı studiyaya dəvət edərək bacısı Zeynəb Dostəliyevanın ağır xəstəlik dönəmindən danışır və onun xəstəxanadakı kadrlarını nümayiş etdirir. Xəstə bir adamı yatağında çəkmək, onu efirdə musiqi ilə bəzəyib-düzəyərək yayımlamaq nə dərəcə etik sayıla bilər? Burada təbii ki, çəkilişlə razılaşan qarşı tərəf də məsuliyyət daşıyır. Amma bütün hallarda telekanalların rəhbərləri etik mənada qırmızı xəttin haradan keçdiyini müəyyənləşdirməlidirlər. Bəs manipulyasiya bu verilişdə konkret harada baş verir? Kamera yaxın planda bir neçə dəfə xəstənin solğun üzünə və niyəsə ayaqlarına (?) fokuslanır. Daha sonra studiyaya qayıdaraq, pessimist musiqinin müşayiəti ilə doluxsunmuş, pessimist Nazpəri Dostəliyevanın üzünü fərqli rakurslardan, həm də dəfələrlə göstərir. Rusiyalı alim sosioloq Sergey Kara-Murzanın fikrincə, televerilişlərdə bir kadrın təkrarlanaraq göstərilməsi psixoloji tryukdur və belə bir tryuk insanların məntiqini kütləşdirərək şüuraltı dünyasına təsir edir. Yəni faktiki olaraq, tamaşaçının düşünmək, mühakimə qabiliyyətini korşalaşdıraraq ancaq gözyaşı tökməsinə apelyasiya eləyir. Gözyaşı, yalnız duyğulandırmaq isə düşüncə yeniliyi mənasında katarsis yaratmağa qabil deyil, çünki bu zaman tamaşaçı efirdən ötürülən hisslərə kor-koranə təslim olur.

Yaxud sözügedən verilişin başqa bir buraxılışında Türkiyədə baş verən zəlzələ haqqında danışılır. Daha doğrusu, danışmaq, müzakirə əvəzinə Zaur Nəbioğlu yenə ağlaşmaya üstünlük verir. Dəvət olunan müğənnilərin iri planda ağlayan, doluxsunan gözləri təkrar-təkrar ekrana gəlir, zəlzələ anında dağılan evlərin görüntüləri ilə onların kədərli simalarının paralel təsviriylə daha güclü, effektli emosional axın yaratmağa çalışılır. Təklif olunmuş vəziyyət sual doğurur: məqsəd nədir? Axı, normalda burada faciədən şok keçirən tamaşaçılara itkini, faciəni necə adlamaq barədə mənəvi-psixoloji dəstək verən mütəxəssis danışmalı, hadisələrlə bağlı gərəkli məlumat verən seysmoloq rəyləri yer almalıydı. İctimai əhəmiyyət daşımayan gözyaşı selinin funksionallığı nədədir? Ən pisi odur ki, ağlatmaq üçün verilişə yenə müğənnilər dəvət olunur ki, onların da intellektual, savad potensialı bəllidir. 

Başqa bir tryuk, bu tip verilişlərin xüsusən anonslarında ifadəli şəkildə özünü büruzə verir. Çəkilmiş materialın fraqmentlərə bölünərək, seçilən vurucu kadrları qarşılaşdırmaq yoluyla sensasiya təəssüratı yaratmaq, tamaşaçını maraqda saxlamaq cəhdini nəzərdə tuturam. Misalçün, Zaur Nəbioğunun ANS-də yayımlanan "A-dan Z-yə" verilişində dəfələrlə ağlayan Mehriban Xanlarova ilə göz yaşına boğulan İzzət Bağırovun kadrları dinamik şəkildə qarşılaşdırılır. Daha sonra Mehriban Xanlarova studiyada huşunu itirir və aparıcının narahat kədərli üzü görünür. Belə bir montaj fəndinin məqsədi tamaşaçıda emosional təzyiq və sensasiya yaratmaqla onu verilişin girovuna çevirməkdir. Əslində, müxtəlif təsvirlərin qarşıdurmada göstərildiyi bu metod attraksion montajın pis imitasiyasıdır. Aydınlıq üçün deyim ki, attraksion montajın müəllifi kinematoqrafiyaya böyük təsir göstərən Sergey Eyzenşteyndir və indiyədək dünya kinosunda, xüsusən Hollivudda, həmçinin, dünya televiziyalarında təbliğat, məzmunla oynamaq, ona istənilən mənanı vermək baxımından bu montaj effektiv sayılır. Hətta Eyzenşteynin "Potyomkin" zirehli gəmisi" filmində attraksion montajın effekti Almaniyanın xalq maarifləndirmə və təbliğat naziri Yozef Göbbelsi də heyrətləndirmişdi: "Kimsə öz əqidəsinə əmin deyilsə, yəqin ki, bu filmdən sonra hətta bolşevik ola bilər".

Seriallarda, filmlərdə, müəyyən verilişlərdə belə bir dinamik, aqressiv ruhlu montaj tənqidi düşüncəyə, mülahizəyə imkan yaratdığı halda (hətta məhsul manipulyativ olsa belə), "A-dan Z-yə" kimi konsepsiyası göz yaşı üzərində qurulan proqramlarda bu, düşüncənin tamamilə ətalətdə saxlanmasına hesablanır.

Aparıcının, eyni zamanda, kadrarxası həyəcanlı, kədərli səs tonu və aqressiv mətnlər, depressiv musiqi də manipulyasiyanın vacib hissələridir. Xüsusən, fonda fasiləsiz səslənən musiqi emosiyalara güclü təsir göstərir.

Tamaşaçı şüurunun manipulyasiyasına yol açan başqa bir məqam sterotiplərin istehsalıdır. Tutaq ki, reklam çarxlarında təqdim olunan məhsul, həyat şərtləri mütləq norma, zərurət kimi sırınır. Nəticədə tamaşaçı şüurunda yaşama, həyata dair müəyyən stereotiplər formalaşır. Həmçinin, polemikanın, diskussiyanın yer almadığı "A-dan Z-yə" kimi analoji proqramlar da müəyyən bir stereotipləşmə əmələ gətirir. Misalçün, Zaur Nəbioğlunun "1 dəqiqə" verilişində müğənnilər keçmiş həyatındakı sosial problemləri, ağır maddi vəziyyəti, uşaqlığı ilə gündəmə gəlir və onların həyat hekayələri mübaliğəli şəkildə dramatizə edilir. Müğənni Mirələm Mirələmovun əvvəllər bazarda alver etməsi hekayəsinin kədərli musiqi və göz yaşlarıyla müşayiəti belə stereotip formalaşdırır ki, bazarda ticarətlə məşğul olmaq tragediyadır, kasıblığın son həddidir və xoşbəxt yaşamaq üçün mütləq müğənni olmalısan. Müğənni yaxşı həyatın, rifahın nümunəsi, ifadəsi kimi təqdim olunur. Müğənnilərin, ya da belə deyək, şou biznes nümayəndələrinin simasında əzabkeş obazı yaratmağın özü də manipulyasiyadır.

Üstəlik, bu cür verilişlərin sayəsində mərhəmət hissi ilə yazıqlıq, acındırmaq arasında sərhəd itirilir, seçilən qəhrəmanlar qurban kimi təqdim olunur. Qısası, yuxarıda söz açdığım veriliş tipi vacib informasiya vermir, tamaşaçını polemikaya dəvət eləmir, daxili tərəddüdlərinə yer qoymur, düşünmək qabiliyyətini sıfıra endirir və problem ondadır ki, heç əyləndirmir də.

 





27.02.2023    çap et  çap et