525.Az

Nostradamusun görücülüyü və bu günümüz - Qəzənfər Paşayevdən (III yazı)


 

"HƏR ŞEYİ MƏHV EDƏCƏK, SONRA MƏHƏBBƏTDƏN DƏM VURACAQ"

Nostradamusun görücülüyü və bu günümüz - <b style="color:red"> Qəzənfər Paşayevdən (III yazı)</b>

Mişel Nostradamus Mixail Qorbaçovun hakimiyyətinə 2 k 5, 2 k 89, 2 k 98, 9 k 51, 12 k 55 kimi 5 (beş) maraqlı katren həsr etmişdir. Bu, təsadüfi deyildir. Qorbaçov Sovet İttifaqı kimi qüdrətli bir dövləti və ictimai formasiyanı məhv etmişdir. Həmin katrenlər haqqında ayrı-ayrılıqda danışmağı münasib bildik.

9 k 51 katrendə görücü bəyan etmişdir:

Qırmızı təriqətlərə qarşı sui-qəsd düzəldəcəklər.

Od, su, dəmir, kəndir sülh yolu ilə zəifləyəcək.

Ölüm ayağında olanlar işi elə quracaqlar ki,

Bir nəfər hamıdan əvvəl dünyanı məhv edəcək.

Əcnəbi tədqiqatçılar Leoni, R.Velş, rus tədqiqatçıları Avdyayeva və Zdanoviç katrendə söhbətin Sovet İttifaqından, qırmızılardan, kommunistlərdən getdiyini bəyan edirlər. 2-ci sətirdə silahlanmanın sülh yolu ilə zəifləyəcəyi göstərilir. 3-cü sətirdə söhbət Brejnev, Çernenko, Andropov, Suslov, Qromıko kimi qocalığın zirvəsində olanlardan bəhs edilir.

Katrenin 4-cü sətrində söhbət sovetlərin ilk və son prezidenti Mixail Qorbaçovdan gedir. Tədqiqatçılar qeyd edirlər ki, xarici ölkələrin xüsusi xidmət orqanları Qorbaçovu ələ alandan sonra o, "yenidənqurma" pərdəsi altında Sovet İttifaqını dağıtmaqla dünyanı fəlakətə saldı.

Nəticədə bəşəriyyət görünməmiş bəlalara düçar olmuş, III Dünya müharibəsi ilə üzləşmişdir (Bax: 12 k 55).

Katren 2 k 5-də isə söhbət Reyqan və M.Qorbaçovun Aralıq dənizində, sualtı qayıqda təkbətək görüşü və Sovet İttifaqının dağılmasına gətirib çıxaran sazişin imzalanmasından gedir.

Nostradamus dördlükdə yazır:

Balığa bənzər gəmidə silah və planlar (gələcək planlar)

haqqında saziş imzalananda

Bir nəfər üzə çıxacaq və müharibəni başlayacaq.

Onun hərbi dəniz qüvvələri uzun müddət dənizdə üzəcək.

Nəhayət latın torpaqlarının (İtaliya)  yaxınlığında görünəcək.

Nostradamusun sualtı hərbi qayıqları tam dəqiqliyi ilə görməsi və təsvir etməsi adamı heyrətləndirir.

Bu katren barədə yalnız Nostradamusşünas Erika Çiçəm ağlabatan mülahizələrini irəli sürmüş, 1973-cü ildə çap etdirdiyi kitabının təkmilləşdirilmiş 1991-ci il çapında söz açmışdır. Lakin tədqiqatçı söhbətin hansı dövlətdən getdiyini, Adriatik və Aralıq dənizinə kimin sualtı qayıqlarının gəldiyini deyə bilməzdi. Onda bu hadisələr baş verməmişdi.

Çəkinmədən deyə bilərik ki, bu katrendə söhbət ilk və son Sovet prezidenti Mixail Qorbaçovla ABŞ prezidenti Ronald Reyqanın Afrika və Avropanın sərhədi Malta yaxınlığında, Aralıq dənizində, sualtı qayıqda təkbətək görüşündən və həmin həlledici görüşdən sonra Sovet quruluşunun get-gedə zəifləməsi nəticəsində Rusiyanın Şimal Buzlu okeanına çıxan dənizdən başqa su hövzələrini əldən verməsindən, həmin su hövzələrində ABŞ-nin hərbi dəniz qüvvələrinin hegemonluğundan, onun İraqa, Yuqoslaviya və Əfqanıstana və s. qarşı müharibəsindən gedir. Balkan hadisələrində ABŞ gəmiləri İtaliya sahillərinə, Aralıq və Adriatik dənizləri sularına gəlib çıxdılar. İndi Aralıq və Adriatik dənizlərində ABŞ-ın sualtı qayıqları keşik çəkir.

Görücü Qorbaçovdan bəhs edən 2 k 89 katrenini belə bəyan edir:

Bir vaxt gələcək iki böyük hökmdar dost olacaq.

Onlar görəcəklər ki, qüdrətləri necə də artır.

Yeni dünya (ABŞ) hakimiyyətin zirvəsində duracaq.

Qanlıya (qan xalı olana) onların sayı barədə xəbər verilib.

Bu katren bizim zəmanəmizdən,  XX əsrin sonu XXI əsrin əvvəlində baş verən hadisələrdən bəhs edir. Sovet İttifaqının ABŞ ilə dostluq münasibəti bütün aləmdə tarazlığı pozmuşdu. Sovet İttifaqının birinci və sonuncu prezidenti Mixail Qorbaçovun Qərb dövlətlərinin rəhbərləri Ronald Reyqan, Marqaret Tetçer, Fransua Mitteran və başqaları ilə görüşlərindən sonra Sovet İttifaqı dağılmağa başladı. Mixail Qorbaçovun Malta yaxınlığında Aralıq dənizində, sualtı hərbi gəmidə Ronald Reyqanla təkbətək görüşündən sonra bir çox məsələlər aydın oldu. Sovet İttifaqı dağılandan sonra ABŞ Yuqoslaviyanı darmadağın edəndə Rusiya susdu. 7 oktyabr 2001-ci ildə ABŞ Əfqanıstana və 20 mart 2003-cü ildə İraqa qarşı müharibəyə başlayanda Rusiya özünü ABŞ-ın müttəfiqi kimi apardı. Bütün bunlar bir yana, ən təəccüblüsü odur ki, Varşava hərbi blokunu dağıdan Rusiya NATO-ya üzv olmağa can atdı.

Bu katrenin əvvəlinci üç sətri barədə söz açmağa, şərhə lüzum yoxdur. Bunlar artıq hamının dərk edə biləcəyi, gün kimi aydın həqiqətə çevrilmişdir. 4-cü sətirdə söhbət Qorbaçovun alnındakı qan xalından (bax: 2 k 98) gedir. Fransız dilində bu söz həm "qan xalı" (krovavoe pətno), həm də "qanlı" mənasında işlənir. İkinci mənada da bu söz Qorbaçova uyğun gəlir. 20 yanvar 1990-cı ildə onun əmri ilə Sovet qoşununun Bakıya daxil olaraq tökdüyü qan, Qarabağda, Tiflisdə, Çeçenistanda, Moldovada, Pribaltikada, Orta Asiyada tökülən qanlar hamısı birbaşa o qanlının - Qorbaçovun adı ilə bağlıdır.

Katrenin "Bir vaxt gələcək, iki böyük hökmdar dost olacaq" adlanan 1-ci misrasını əllərində bayraq edərək rus tədqiqatçıları A.Morok və K.Razumovskaya sevinc hisslərini cilovlaya bilməyərək yazırlar: "Katrendə söhbət gedən iki böyük hökmdar Rusiya və ABŞ-ın prezidentləridir. Bu ölkələrin dünya siyasətindəki yerini nəzərə alsaq, yalnız bu iki dövləti "Böyük" adlandırmaq olar. Çox mümkündür ki, XXI əsrin ortalarına yaxın onlar bütün güclərini birləşdirəcəklər ki, daha güclü olsunlar. Bütün dünyanı özlərinə tabe etsinlər (bax: A.Morok, K.Razumovskaə. Novaə rasşifrovka predskazaniy Nostradamusa. Moskva, 2000, str.58-59)".

Lakin onların arzuları çin olmadı və sonralar ürəkağrısı ilə yazdılar ki, bu dostluq uzun sürmədi. ABŞ və Rusiya arasında dünyanı bölmək ucbatından nifaq düşdü. Bu dostluq cəmisi 13 il çəkdi (bax: Göstərilən əsər, səh.61).

Katrendə söhbət çox maraqlı bir məsələdən gedir: "Qanlıya - alnında qan xalı olana onların sayı barədə məlumat verilib" misrasının açmasını Peter Lorie aşkarlamışdır. Tədqiqatçı göstərir ki, Amerika kəşfiyyatı Qorbaçova qarşı qiyam qaldıracaq, hətta onu oğurlamağa cəhd göstərəcək QKÇP üzvləri və onların sayı barədə məlumat verib (bax: Peter Lorie. Nostradamus. Nyu York, 1993, səh.83; Əsərin türkcə çapı. İstanbul, 1999, səh.84).

M.Moren isə göstərir ki, bundan sonra "Qanlı"nın hakimiyyətinin sonuna az qalacaqdır.

Həqiqətən də az sonra, 1991-ci il dekabr ayının 25-də Mixail Qorbaçov televiziya ilə çıxış edərək, istefaya çıxdığını elan etdi. Ancaq o, görəcəyi işi görmüşdü. Sovet İttifaqını dağıtmışdı. Bununla belə, Sovet İttifaqının məhvini təkcə onun ayağına yazmaq doğru olmazdı. Bu sistemin axırına çıxmaqla "Rusiyanın özünü özündən müstəqil" elan edən içki düşkünü Boris Yeltsinin də "xidmətləri" böyük olmuşdur.

Nostradamus Mixail Qorbaçovdan bəhs etdiyi düşündürücü 12 k 55 dördlüyündə bəyan edib:

Acınacaqlı Sovetlər, xəyanətkar, hiyləgər,

Qərəzli məsləhət, Mor (Tomas Mor) qanununa xəyanət,

Xalq qəzəblənəcək, həyəcanlanacaq, çaxnaşma düşəcək.

Kənddə də, şəhərdə də, dünyada sülhə nifrət edəcəklər.

Katrendə Sovet İttifaqının süquta uğradığı son illərdən bəhs edilir.

Bu katren barədə görkəmli Nostradamusşünas alim Con Houqun bəyan etdiklərini verməklə nəticə çıxarmağı oxucuların ixtiyarına buraxırıq. Nostradamusun görücülüyünün ən etibarlı tədqiqatçısı yazır: "Katren Mixail Qorbaçovun Sovet İttifaqını dağıtmasının nəticələrini təsvir edir. Soyuq müharibənin bitməsi və Sovet İttifaqının süqut etməsi, sinifsiz cəmiyyət xülyasına son qoydu (2-ci sətirdə görücü buna işarə edir) və Rusiyada cəmiyyətin təbəqələşməsinə gətirib çıxardı. Ola bilsin ki, gələcəkdə Rusiyada azğın monarxist, bəlkə ondan daha pis diktator peyda oldu. Birinci Dünya müharibəsindən sonra Hitler meydana gəldiyi kimi, Rusiyada da müharibə qızışdıran diktator siyasi meydana gələ bilər...

Kommunist sistemini dağıtmaq barədə öz qərəzli məsləhətləri ilə Qorbaçovu şirnikləndirən ABŞ prezidentləri Ronald Reyqan və Corc Buş (ata) olmuşlar. Qorbaçovda rəhbərlik keyfiyyətlərinin olmaması sovet sisteminin süqutuna gətirib çıxardı.

Qorbaçovun ucbatından nisbətən sakit keçən soyuq müharibə hərc-mərcliklə və faciə ilə əvəz olundu. İnanmıram ki, bu "xidmətlərinə" görə  ona təşəkkür etmək olar" (Bax: Con Houq. Nostradamus. Külliyatı. Uels, 2001, səh.846; Qəzənfər Paşayev. Nostradamusun möcüzəli aləmi. Bakı, "Təhsil", səh.699-700).

Təəssüflə qeyd etməliyəm ki, Con Houqun mülahizə kimi irəli sürdüklərini Nostradamus 450 il bundan əvvəl bəyan edibmiş. Görücü 2 k 9 katrenini bütövlükdə bu məsələyə həsr edib: Arıq hökmdarın hakimiyyəti doqquz il əmin-amanlıqla keçəcək. Sonra onda qan tökməyə şiddətli hərislik baş qaldıracaq. Qanunsuzluq və inamsızlıq ucbatından böyük xalq məhv olacaq.

Tədqiqatlar göstərir ki, görücünün 10 k 72 dördlüyünə arxalanaraq rus tədqiqatçıları Dmitri və Nadejda Zimalar hələ 1998-ci ildə yazıblar: "1933-cü ildə Hitler demokratik seçki yolu ilə hakimiyyətə gəldiyi kimi, 1999-cu ildə yeni bir qüdrətli hökmdar Antixris hakimiyyətə gələcək" (bax: Dmitriə i Nadejda Zima. Rasşifrovannıy Nostradamus. M., 1998, str.185).

Nostradamus 2 k 98 katrenini də Mixail Qorbaçova həsr etmişdir. Burada təəccüblü bir şey yoxdur. Cəmiyyətin taleyində rol oynayan güclü bir ictimai formasiyanın və qüdrətli dövlətin məhvinə bais olan Qorbaçovun bütün əməlləri görücünün diqqətini cəlb etmişdir.

Dördlük belədir:

Alnına qan çilənən (qan xalı olan adam),

Az qalacaqdı ki, qurban getsin.

İldırım saçan Yupiter Şir bürcündə olanda,

Peyğəmbərlik əlaməti görünəcək.

O, hər şeyi məhv edəcək, sonra məhəbbətdən dəm vuracaq.

Sovet dövlətinin son illərinin şahidi olmuş hər bir şəxs bu katreni oxuyan kimi söhbətin Sovetlər İttifaqının ilk və son prezidenti Mixail Qorbaçovdan getdiyini yəqin edəcəklər. Üzünə qan çilənən, alnında qan xalı olan M.Qorbaçov 2-ci sətirdə göstərildiyi kimi Yupiter Şir bürcündə olanda (19 avqust 1991, 11 sentyabr 1991) az qalmışdı ki, qurban getsin. Moskvada QKÇP adlanan qrup dövlət çevrilişi etmişdi (12-19 avqust 1991). Krımda istirahətdə olan M.Qorbaçov Boris Yeltsinin səyi nəticəsində ailəsi ilə birgə Moskvaya qayıda bilir. Qiyamçıların siyahısını ABŞ kəşfiyyatı ona təqdim edibmiş (bax: 2 k 89), 4-cü sətirdə göstərilir ki, "Qanlıya" (qan xalı olana) onların sayı barədə xəbər verilib).

Qiyamçıları həbs edirlər. 1991-ci il sentyabrın 5-də Qorbaçov Xalq Deputatları Sovetinin Qurultayının işinə xitam verdi. Buna qədər artıq B.Yeltsin Kommunist Partiyasının fəaliyyətini qadağan etmişdi (24 avqust). Əvvəllər Qərbi və Şərqi Almaniyanın birləşməsinə xeyir-dua verən M.Qorbaçov Yupiterin Şir bürcünə keçməsinə 5 gün qalmış (11 sentyabr 1991-ci ilə qədər) Pribaltika Respublikalarının müstəqilliyini elan edib.

O, 1991-ci il dekabrın 25-də özü istefaya gedib. Lakin buna qədər Sovet İttifaqını dağıtmaq üçün əlindən gələni etmiş və bunu xalqa məhəbbətindən etdiyini xüsusi vurğulamışdı.

Maraqlıdır ki, 2001-ci ilin dekabrında istefasının 10 (on) illiyi münasibətilə BBC-yə verdiyi müsahibəsində Qorbaçov bu məsələdən qürur hissi ilə danışırdı. O, müsahibəsində B.Yeltsindən də danışıb və onu "ağlasığmaz, inanmaq mümkün olmayan yalançı" adlandırıb (bax: Yeni Musavat, 26.12.2001, səh.16).

M.Qorbaçovun B.Yeltsin haqqında dediklərini tərəddüd etmədən onun özünə aid etmək olar. Bunu Nostradamus 450 il zəmanəmizdən əvvəl görmüş və poetik dillə bəyan etmişdir: "O, hər şeyi məhv edəcək, sonra məhəbbətdən dəm vuracaq".

 





27.02.2023    çap et  çap et